Nərgiz Nənə

Köşə yazarı

14:45 7 may 2018 4970
A- A+

Uşaqlara susmağı biz öyrədirik - BAXIŞ

Bəzi məsələlər müzakirəyə qapalıdır və qapalı olmalıdır. İlk növbədə isə təcavüz.Uşaq və ya böyük olsun, fərqi yoxdur, təcavüzün hər hansı açıqlaması, heç bir izahı, səbəbi, “amma”sı, “lakin”i ola bilməz, olmamalıdır. Heç kim açıq formada, hələ ki, ictimaiyyətə açıq formada təcavüzü müdafiə etməz, etməməlidir. Heç kim uşaqlardan sui-istifadə edilməsini əsaslandıra bilməz, ağlabatan hesab etməz. Heç kim təcavüzün cinayət olmadığını deməz, deyə bilməz. Yaxşı, bütün bunlarla eyni fikirdəyiksə, bu qədər pedofil, bu boyda təcavüzkar hardan peyda olur?

“62 yaşlı direktor şargirdinə təcavüz etdi”, “Məktəbdə birinci sinif şagirdi zorlanıb”, “Müəllim şagirdinin açıq-saçıq görüntülərini yaydı”, “Müəllimlərin intim görüntüləri yayıldı”.

Bu cümlələr son iki ayda Azərbaycan mətbuatında bu cür hadisələrlə bağlı yayımlanan xəbərlərdən sadəcə dördüdür. Belə xəbərlərə az qala hər gün rast gəlib, yazıb bitirə bilməməyimizin səbəbi nədir? Cəmiyyət olaraq, hadisələrə daha şüurlu yanaşırıq, yoxsa, cinsi sui-istifadə halları həqiqətən artıb?

Səbəblər o qədərdir ki... Sosial şəbəkələr, insanların xəbər kanallarına daha rahat çıxışının olması belə başlıqların yazılmasını da adiləşdirib.

Ünsiyyət forması vacibdir

Uşaqların bu cür sistemdə doğulmaları inanın ki, onların nə vecinədi, nə də bu işdə günahları var. Ona görə onlara qorxmamağı öyrətmək lazımdır. Müəllimlərin isə bu işdəki rolu uşaqlarla söhbət etmək yox, onlarla olan münasibəti, ünsiyyətidir. Uşaqlara dəyərli olduqlarını hiss etdirməli, “bu sənin bədənindir” mesajını ötürməli, “istəmirəm” deyəndə hörmət etməli, seçim etsin deyə alternativlər təqdim etməli, məcbur etməməli, cəzalandırmamalı, qorxutmamalıdırlar. Hətta onları qucaqlamadan, öpmədən əvvəl “Səni öpə bilərəm?” deyə soruşmaq, həmçinin cavabını gözləmək, onlara “bu sənin bədənindir” deməkdən daha təsirli tərbiyə metodudur.

Digər tərəfdən, bədənləri haqqında sual verəndə cavablamaqdan qaçaraq, cinsi orqanlarını onlara “özəl və ya təhlükəli bölgə” kimi tanıtsaq, əlbəttə, bu mövzu haqqında heç vaxt danışa bilməyəcəyik. Sadəcə özümüzə yox, onlara da əngəllər yaradacağıq. İlk növbədə uşaqlara onları narahat edən hər şeyi bizimlə danışa biləcəklərini öyrətməliyik. Həmçinin bu vəziyyətlə qarşılaşsaq, nə cavab verəcəyimiz barəsində də hazırlıqlı olmalıyıq.

Valideynlər uşaqlarını qorumağa və onlara inanmağa məcburdurlar. Onlara “Bax, əminsən, necə yəni” kimi ittiham xarakterli suallar, faciəvi reaksiyalar vermək yerinə, “bunu mənimlə danışmağın ən doğrusudur, çox sağ ol, mən hər zaman sənin yanındayam” kimi dəstək dolu cavablar verə bilərsiniz.

“Niyə bizim başımıza gəldi, nəyi səhv elədik, bundan sonra necə olacaq” kimi suallarla vay-şüvən etməyə qətiyyən ehtiyac yoxdur. Unutmayaq ki, cinsi sui-istifadələrin öhdəliyi heç bir halda uşaqlara aid deyil.

Azərbaycanda bu cür hadisələrdən sonra ailələri qorumaq və ictimai dəstək vermək məsələləri yox dərəcəsindədir. Bu isə bir növ təcavüzü görməzdən gəlmək, olmamış kimi davranmaq deməkdir.

Uşaqlar belə hadisələr zamanı canları ağrısa da, niyə susur? Çünki biz də səsimizi kifayət qədər çıxarmırıq. O uşaqlara susmağı biz öyrədirik deyə susurlar.

Nərgiz Nənə/ Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI