"Hər yoldan keçəndən Şaxta baba olmaz" - FOTO

"Hər yoldan keçəndən Şaxta baba olmaz" - FOTO
18:37 12 Yanvar 2015
277 Sosial
Ölkə mətbuatı
A- A+

Tural Ələkbərov: “Şaxta baba personajına özün inanmalısan ki, uşaqları da inandıra biləsən”
“Eh-he-he-yyyyy. Mənim əziz nəvələrim, nəticələrim. Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, dağlarda qurdum dəyə, gəldim sizi görməyə...”.

Bəli, bu dəfəki qonağımız məhz təxmin etdiyiniz adamdır - boranlı qışın simvolu olan Şaxta baba. Uşaqların sevimli qəhrəmanı qarlı dağlar aşaraq çiynində hədiyyə dolu torba ilə gəlib. Uşaq yaşlarımızdan gəlişini səbirsizliklə gözlədiyimiz Şaxta babaya hədiyyə gətirən varlıq kimi baxırdıq. İndi nə qədər böyüsək də bəzilərimiz onun varlığına hələ də inanırıq. Özü də necə...

Müsahibimiz Bakı Uşaq Teatrının aktyoru Tural Ələkbərovdur. Həmsöhbətimiz nə yaşlıdır, nə də görməyə alışdığımız digər şaxta babalar kimi kök qarınlı. Onun 23 yaşı olmasına baxmayaraq şaxta baba obrazını professional şəkildə canlandırır.

9-cu sinifdən bu sənətdəyəm

T.Ələkbərov İmişli rayonunda anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq işi fakültəsini bitirib. Deyir ki, hələ orta məktəbdə oxuyarkən Şaxta baba obrazı ilə tanış olub: “Orta məktəbdə oxuyarkən rayon tədbirlərində, mədəniyyət evlərində, yeni il şənliklərində şaxta baba obrazını canlandırırdım. 4-cü sinifdə dram dərnəyinə gedirdim. Müəllimlər bilirdi ki, aktyor olmaq istəyirəm. 9-cu sinifdə mənə dedilər ki, yeni il tədbirində şaxta baba olmaq istəyərsən? Razılaşdım və o gündən şaxta baba oldum. Həmin gün paltar əynimə çox böyük oldu. Səsim də o qədər qalın deyildi. Aşağı sinifin uşaqları inandı. Amma yuxarı sinif bilirdi ki, obrazı canlandıran mənəm. O zaman işin məsuliyyətini tam anlamırdım. Mənə asan görünürdü. Düşünürdüm ki, paltarını geyindin, saqqalını düzəltdin və eheyyyyyyy dedin, qarlı dağlar aşdın, çox yerlər dolaşdınsa, demək, sən şaxta babasan. Amma bu iş göründüyü qədər asan deyilmiş”.

Dalaşan Şaxta baba

Şaxta baba olmağın məsuliyyətindən danışan həmsöhbətimiz bu obrazın uculaşdırılmasından şikayətləndi. Onun sözlərinə görə, Şaxta baba kimi müdrik obrazı ucuzlaşdırmaq uşaqların ona inamını, ümidini puç edir: “Şaxta baba bizim üçün adi görünə bilər. Amma uşaqlar üçün böyük obrazdır. Uşaqlar onun varlığına inanır, arzularını, istəklərini realaşdıracağına ümid bəsləyirlər. Ötən günlərdə televiziya kanallarının birində şaxta babanı küçə davasında çəkmişdilər. Sözügedən süjetdə Şaxta baba dalaşırdı. Bu, düzgün deyil. Uşaqların ideal saydığı obrazı küçə davasında təqdim etmək olmaz. Çünki uşaqlar onun müdrik olduğuna inanırlar”.
Tural deyir ki, bu obrazın ən sevdiyi tərəfi uşaqlara hədiyə paylamaq və onları sevindirməkdir: “Marketlərin birində Şaxta baba olmuşdum. Orada uşaqlara süd paylayırdım. Uşaqlara verilən balaca südlər onlar üçün böyük hədiyyə idi. Şaxta babadan bu hədiyyəni aldıqda, onlar da çox sevinirlər. Uşaqlardan biri mənə dedi ki, “Şaxta baba, pəncərəyə sənin üçün məktub qoymuşam. Niyə gəlib götürmürsən?”. Həmin gün pis olmuşdum. Uşağa məktubu gətirəcəyimə inandırmışdım və hədiyyələrlə onları sevindirməyə çalışırdım. “ana, bax gör, Şaxta baba mənə nə verdi” deyə hədiyələrini sevincək şəkildə valideynlərinə göstərirdilər. Mən də uşaqları belə görəndə çox sevinirdim”.

Bu obraz ucuzlaşdırılır

Əsl Şaxta babanın rolunu necə oynaması haqqında mlumat verən həmsöhbtimiz deyir ki, bu işi hər kəs bacara bilməz: “İnsan bu personaja ilk növbədə özünü inandırmalıdır. Özü inandıqdan sonra uşaqları da inandıra bilər. Şaxta baba ən əsası harada səhnəyə çıxacaqsa, ona uyğun hazırlaşmalıdır. Yəni getdiyi yerdə tamaşaçıların fərqini bilməlidir. Edəcəyi zarafatlar bayağı, adi olmamalı, cümlələr qısa və başa düşülən olmalıdır. Çünki uşaqlar mürəkkəb cümlələri sevmirlər. Mən Şaxta babanı personaj kimi çox sevirəm. Bu obraza bəzən özümü o qədər inandırıram, düşünürəm ki, kaş uşaq olaydım, Şaxta baba mənə də hədiyyə verəydi. Amma təəssüf ki, indi yoldan keçənlər şaxta babalıq edərək, bu obrazı ucuzlaşdırırlar. Biz nə danışdığımızı bilirik və hər zaman deyəcəyimiz sözə diqqət edirik. Personajın ağırlığını, müdrikliyini qorumağa çalışırıq. Uşaqların ideal bildiyi obrazı göstərmək istəyirik. Yoldan keçənlər isə necə gəldi danışır, personaja uyğun olmayan zarafatlar edərək onu ucuzlaşdırır və uşaqların da gözündən salırlar”.

“O demək deyil ki, heyvanam...”

İşin keyfiyyətinə üstünlük verən təşkliatçların professionalları seçdiyini vurğulayan həmsöhbətimiz deyir ki, təşkilatçılar bəzən onun gənc olduğunu görüb təəccüblənirlər: “Tamaşaçı özü baxanda kimin professional, kimin yoldan keçən olduğunu anlayır. Dəvət olunanda təşkilatçılar çox vaxt professionla ehtiyac duyurlar. Bəzən mən gedəndə yaşıma və bədən quruluşuma baxırlar. Çoxları düşünür ki, Şaxta baba ancaq yaşlı, kök və qarınlı olmalıdır. Amma mən nə kökəm, nə də qarınlı. Aktyor ona verilən rollara hazır olmalıdır. Mən teatrda müxtəlif heyvanları da canlandırmışam. O demək deyil ki, heyvanam. Biz təklif olunan vəziyyəti dəyərləndiririk və baba obrazının öhdəsindən layiqincə gəlirik”.

“Yoldan keçəndən Şaxta baba olmaz”

Sənətinin çətin tərəflərindən danışan müsahibimiz deyir ki, insanların cahil hissəsi onların işinə mane olur: “Bu sənətin çətin tərəfləri insanların cahil hssəinin törətdiyi maneələrdir. Bəzi insanlara elə gəlir ki, Şaxta baba paltarını kim geyinsə, onunla məzələnmək, söz atmaq, saqqalını dartmaq olar. Bu sənətin çətinliyi elə insanlara tab gətirmək və onlarla mübarizə aparmaqdır. Başa düşmürlər ki, biz də insanıq və işimizi görürük. Uşaqlarla heç bir çətinliyim olmur. Uşaq teatrında çalışdığım üçün artıq onların psixologiyasna bələdəm. Şaxta baba olmağın dərinliyini mənə Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan izah edib. Biz demək olar ki, bütün personajların kimliyini, uşaqlar üçün vacibliyini ustad dərslərində keçirik və hələ də öyrənəcəyimiz çox şeylər var. Bu baxımdan düşünürəm ki, hər yoldan keçəndən Şaxta baba olmaz”.

Gəlir nə qədərdir?

Gənc Şaxta baba bu peşənin gəlirindən də danışdı. O deyir ki, hər qiymətə Şaxta baba tapmaq mümkündür: “Yoldan keçən şaxta babalar üçün qiymət fərqi yoxdur. Onlar 10-15 manata bu “işi” görürlər. Bəzən bizə zəng vururlar, qiymət deyirik. Deyirlər bahadır, filankəslər bu qiymətə gəlir. Bizim də cavabımız o olur ki, sizə kim sərf edir, onunla işləyin. Amma keyfiyyət eyni olmayacaq. O qədər olub ki, pulsuz xeyriyyə tədbilərinə getmişik. Pula görə hər yerə getməyimiz də ehtiyacdan irəli gəlir. Aktyorun maaşı təəssüflər olsun ki, çox azdır. Məcbur olub bəzən ucuz qiymətə də razılaşırıq. Şaxta babalar ən az 1 həftə fəaliyyət göstərirlər. Ən çoz qazanc isə 1000 manat olur. Qiymətlər ümumilikdə 10 manatdan başlayır və 500 manatadək davam edir. Əgər şaxta baba bayram günü gecə 12 də dəvət alırsa, bu zaman orta qiymət 50-100 manat arasında dəyişir”.

Müsahibimiz sonda başına gələn maraqlı hadisələrdən birini də danışdı: “Yeni il ərəfəsində evlərdən birinə dəvət almışdım. Evdə uşaqları inandırmışdılar ki, Şaxta baba gələcək. Ev uzaq olduğu üçün paltarlarımı götürmüşdüm ki evdə geyinim. Qapını döydüm, uşaqlar da qapıya gəldi. Əlimdə paltarı görüb mənə inanmadılar. Dedilər ki, sən yalançı şaxta babasan. Nə qədər etdiksə, uşaqları inandıra bilmədik. Uşaqlara dedilər ki, guya mən ustayam. Çölə çıxıb paltarımı dəyişdim. Yenə də inanmadılar. Axırda dedim ki, guya mən Şaxta babanın köməkçisiyəm, Şaxta baba bir azdan gələcək”.

Kaspi.az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR