Ölkəmizi dünyada tanıdan polislər - FOTOLAR

2018-ci il milli dövlətçilik tariximizdə şərəfli yer tutan əlamətdar yubileylər ilidir. Bu sırada Azərbaycan Polisi özünün 100 illik yubileyini alnıaçıq, üzüağ qarşılayıb. Daxili işlər orqanları yarandığı gündən xalqın mənafeyinin qorunması istiqamətində üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib. Cinayətkarlıqla mübarizə cəbhəsinin əsgərləri asayişin, sabitliyin qorunmasında, həm də xalqın can, mal güvənliyinin təmini, təhlükədə olanların xilası üçün lazımi köməyin göstərilməsində dastanlara sığmayan qəhrəmanlıqlar göstəriblər. Eyni zamanda ölkəmizin bir çox sahələrdə dünyada tanınması, o cümlədən idmanımızın beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün əllərindən gələni heç zaman əsirgəməyiblər.

Ölkəmizin tarixinə - idman tariximizə zəfərlər yazan, bayrağımızı dünyanın bir çox dövlətlərində ucaldan idmançı əməkdaşlarımızı əksər ölkələrdə ən güclü rəqiblər kimi tanıyırlar. Sevindirici haldır ki, onların bu zəfər yolu, hünər yolu davam edir. Sıralarımızda onların yüzlərlə davamçısı yetişir.

Bu əlamətdar bayram ərəfəsində bizə, xalqımıza, dostlarımıza qələbə payı bəxş edən idmançı əməkdaşlarımızdan bir neçəsini də sizlərə təqdim etməyi özümüzə borc bildik:

DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin silsilə rəisi, polis polkovnik-leytenantı, əməkdar idman ustası Cahangir Bayramov karate üzrə dünya çempionu, dünya çempionatının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, dünya kubokunun üçqat qalibi və ikiqat gümüş mükafatçısıdır. C.Bayramov parataekvando üzrə ikiqat dünya çempionu və dünya çempionatının üçqat gümüş mükafatçısıdır.

O, həm də 2013-cü ildə dünya çempionatının ən texniki taekvandoçusu seçilib.

***

Sabunçu RPİ-nin əməkdaşı, polis mayoru, əməkdar idman ustası Asif Məlikov ağır atletika üzrə üçqat dünya və Avropa çempionudur. O, həm də beynəlxalq dərəcəli hakimdir, bu qəbildən olan yarışların idarə olunmasında böyük təcrübə əldə edib. Dəfələrlə yeniyetmə və gənclər arasında beynəlxalq miqyaslı yarışlarda adı ən ədalətli hakimlər sırasında çəkilib.

***

DİN Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli hələ kiçik yaşlarında olarkən idmanın karate-Do növü ilə məşğul olmağa başlayıb. İlk uğurunu Bakıda keçirilən beynəlxalq turnirdə qazanıb. Daha sonra peşəkar idmanda nailiyyətlər əldə edib. O, ikiqat dünya və bir dəfə qitə çempionu, Avro-Asiya yarışının qalibi, Dünya kubokunun sahibidir.

***

Astara RPŞ-nin sahə inspektoru, polis leytenantı Fuad Əliyev idmanın yunan-Roma güləşi ilə məşğul olur. O, dəfələrlə ölkə çempionatında fərqlənib, beynəlxalq turnirlərin qalibi olub. Gənclər arasında Avropa Çempionatında bürünc, Avropa kuboku yarışında isə gümüş medal qazanıb.

**

Bakı Şəhər BPİ-nin DYPİ-nin YPXA-nın polis nəfəri Nicat Əliyev universal döyüş üzrə qatıldığı mötəbər yarışlarda yüksək nəticələr əldə edib. Dəfələrlə sambo üzrə respublika birincisi olub, beynəlxalq turnirlərdə qalib gəlib. Universal döyüş üzrə keçirilən ölkə birinciliklərində 12 dəfə çempion olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlərdə 5 dəfə baş mükafata sahib olub. Kişilər arasında üçqat dünya və beşqat Avropa çempionu olub. Dünya Oyunlarında baş mükafata sahib olub. Peşəkar rinqdə Asiya kəməri uğrunda qarşılaşmalardan qalibiyyətlə ayrılıb və kəməri qazanıb. Yüksək nailiyyətlərə görə ona “əməkdar idman ustası” fəxri adı verilib. 25 yaşlı N.Əliyev bu fəxri ada layiq görülən ən gənc idmançılardan hesab olunur.

***

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Nizami Məmmədov idmanın əlbəyaxa döyüş növü üzrə bir çox nailiyyətlərə imza atıb. O, beşqat dünya çempionu, üç dəfə Avropa kubokunun sahibi olub.

***

DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin əməkdaşı, polis serjantı Rəsul Əlizadəkarate üzrə dəfələrlə respublika çempionu olub. O, 2012-ci ildə Dünya çempionatında ikinci yeri tutub, 2014-cü ildə isə Avropa çempionatının qalibi olub.

Bu yaxınlarda isə Türkiyənin İstanbul şəhərində karate üzrə doqquzuncu dünya çempionatı keçirilib. “Şobu İppon”, “WKF kumite” və “sambom kumite” versiyaları üzrə keçirilən yarışda R.Əlizadə bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıb.//Müsavat.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR