Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb

Ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində tədbirlər davam etdirilməkdədir.

Vəkillər Kollegiyasından Metbuat.az-a verilən məlumata görə, son zamanlar aparılan müşahidələr, o cümlədən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanmışdır. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatı və Vəkillərin İntizam Komissiyası tərəfindən mübarizə üzrə tədbirlər davam etdirilməkdədir.

Qeyd olunanlar ilə bağlı, bu günlərdə Yasamal rayonu (“Nizami” metro stansiyası ətrafında), Xətayi rayonu (“Həzi Aslanov” metro stansiyası yaxınlığında), Nəsimi rayonu (Nəsimi Rayon Məhkəməsi ətrafında) ərazilərində Vəkillər Kollegiyasının üzvləri olmayan şəxslər tərəfindən qeyri-yaşayış obyektlərində vətəndaşlara “vəkil xidmətləri” göstərilməsi halları aşkar olunmuşdur. Görülmüş tədbirlər nəticəsində həmin obyektlərin sahibləri ilə söhbətlər aparılmış, bu kimi fəaliyyətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399 və 412-ci maddələri ilə təqib olunduğu həmin şəxslərin diqqətinə çatdırılmışdır. Nəticədə qanun pozuntusuna yol vermiş şəxslər tərəfindən qanunsuz vəkillik fəaliyyəti dayandırılaraq obyektlərin qarşısında istifadə olunan “vəkil”, “advokat” və s. aidiyyəti reklam lövhələri həmin şəxslər tərəfindən sökülüb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, bu kimi tədbirləri bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaqdır.

Bununla bağlı, vətəndaşlardan və Vəkillər Kollegiyasının üzvlərindən xahiş olunur ki, Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş "Vəkillərin reyestri" bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər, qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında isə aşağıda qeyd olunan “Qaynar xətt”ə zəng edərək bu barədə məlumat versinlər.

Qaynar xətt: +994 12 594 08 70

Rus rublu UCUZLAŞIR - Manatın taleyi necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR