"Azərbaycan Xəzərdə sülhün və sabitliyin olmasında maraqlı dövlətdir” - ŞƏRH

"Azərbaycan Xəzərdə sülhün və sabitliyin olmasında maraqlı dövlətdir” - ŞƏRH
15:03 10 Avqust 2018
18 Digər
Ölkə mətbuatı
A- A+

Avqustun 12-də Qazaxıstanın paytaxtı Aktau şəhərində Xəzəryanı dövlət başçılarının sammitinin keçirilməsi və Xəzərin hüququ statusunu müəyyən edəcək konvensiyanın imzalanması böyük hadisədir. Nəzərə almaq lazımdır ki, bu razılaşma 25 il ərzində aparılan danışıqların nəticəsində əldə olunub.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bu həftənin bazar günü Aktauda imzalanacaq Xəzər konvensiyası haqqında danışarkən deyib.

Əlizadə bildirib ki, konvensiyanın imzalanmasına Xəzəryani dövlətlərin liderləri razılıq verirsə, bu o deməkdir ki, prezidentlərin bu istiqamətdə danışıqlar aparmaq üçün vəkil təyin etdiyi şəxslər razılığa gəlib:

“Əlbəttə, danışıqları aparan mütəxəssislər hər bir məsələni dövlət başçıları ilə razılaşdırırlar. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, belə məsələlər yalnız qarşılıqlı kompromislər nəticəsində öz həllini tapır. Əlbəttə, Xəzəryanı dövlətlərin hər biri çalışardı ki, konvensiya vasitəsilə özü üçün ideal şərait yaratsın. Amma həyatda ideal heç nə olmur. Hesab edirəm ki, bizim diplomat və mütəxəssislərimz bu danışıqlar zamanı böyük mərhələlərdən keçiblər. Düşünürəm ki, sonda tərəflər razılığa gəlib, hər bir dövlət öz kompromis yolunu keçib. Artıq sənədin imzalanması vaxtı gəlib çatıb. Hesab edirəm ki, bu konvensiya Xəzərdə qonşu olan bütün dövlətlərin maraqlarını ifadə edir. Bundan sonra Xəzərin idarə olunması, yeni konvensiya əsasında həyata keçiriləcək”.

Deputat bildirib ki, son 25 ildə Xəzərdə qonşu olan ölkələr bəzən bir-birindən narazı düşüb, iddialarla çıxış edən tərəflər belə olub. Onun sözlərinə görə, Aktauda Xəzər konvensiyası imzalandıqdan sonra belə anlaşılmazlıqlar birdəfəlik gündəmdən çıxacaq:

“Bu sənədin imzalanması ilə Xəzərdə təsərrüfat işləri, balıqçılıq, yükdaşımanın tənzimlənməsi, donanmaların fəaliyyəti qanunla tənzimlənəcək. Yəni tərəflər arasında anlaşılmazlıqlara, əsassız iddialara, qarşıdurmalara yer qalmayacaq. Hesab edirəm ki, bu çox vacib sənəddir. Azərbaycan son illər bu sənədin imzalanması üçün əlindən gələni edib. Azərbaycan Xəzərdə sülhün və sabitliyin olmasında, mehriban qonşuluq münasibətlərinin yaranmasında maraqlı dövlətdir”.

Xatırladaq ki, bu həftənin bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti keçiriləcək. Sammitdə 25 illik danışıqların nəticəsi olaraq Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan prezidentləri Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/250128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR