Seymur Baycan: "Mən bu ölkədə ən çox söyülən adamam"

Seymur Baycan: "Mən bu ölkədə ən çox söyülən adamam"
20:42 12 Yanvar 2015
272 Sosial
Ölkə mətbuatı
A- A+

Seymur Baycanı hər dəfə görəndə, sanki, ayrı adamla rastlaşırsan: bir dəfə qaş-qabaqlı, bir dəfə mülayim, növbəti dəfə sərt, sonra əsəbi, daha sonra həddindən artıq kədərli, üzgün, bitib-tükənmiş, bəzənsə gözləri bərəli - hamıya yadplanetlilər, qəribə məxluqlar kimi baxan, sanki, kimisə axtaran... görürsən. 
Yəqin elə bu xüsusuna görə, onunla söhbət eləmək hər dəfə alınmır. Razılığını aldığım bu söhbətimizin yarıda kəsilməməsi, yorulub getməməsi, ürəyi istədiyi kimi danışması üçün əhvalına təsir edən, qanını qaraldan suallar vermədik, cavablarında razılaşmadığım məqamlara qayıtmadıq, hətta üstündən keçdiyi suallara da təkrar toxunmadıq... Müsahibəni onun ruhi vəziyyəti, əhval–ruhiyyəsinə buraxdıq. Çünki məqsəd onunla dartışmaq, qalmaqallı müsahibə etmək deyil, onun özü barədə hər şeyi danışmasına nail olmaq idi...
 
Suallar, sadəcə, söhbətə bir qədər istiqamət vermək üçün verilib.
 
- Seymur Baycan - publisist, yoxsa yazıçı? Bu sualı ona görə verirəm ki, gənc yazarları daha çox publisist yazılarından tanıyırıq. Amma sizdən əvvəlki nəsillərin də yaradıcılığına baxanda publisistikanın əsas xətlərdən biri olduğu nəzərdən qaçmır. Demək olar ki, kitablarında bölmələr belə sıralanır: hekayələri, povestləri.., publisistikası... Amma məncə, dünya ədəbiyyatının məşhur simalarının çoxunda belə deyil. Bəziləri hətta publisistikaya nifrət etdiyini yazıb. Seymur Baycan da publisistikaya daha çox üstünlük verir. Məncə, sizin daha çox müzakirəyə, qalmaqala səbəb elə publisist yazılarınız olub... 
 
- Bəli, məni publisist kimi tanıyanlar daha çoxdur. Bu da təbiidir. Məqalələrim daha çox yayılır, daha çox oxunur. Hətta publisist kimi tanıyanların çoxu hekayələr kitabımın, romanlarımın heç üzünü də görməyiblər. Eşidiblər ki, nəsə arada vaxtım olanda - bekarçılıqdan hekayə, roman da yazıram. Satış şəbəkəsi hələ lazımı səviyyədə qurulmadığından hər kitabda xeyli oxucu itirirəm. Adamlar kitab çıxdığını eşidirlər, bir dəfə axtarırlar, sonra həvəsdən düşürlər. Camaatın iş-gücü qurtarıb, ilin-günün bu vaxtında, işini gücünü atıb kitab axtarsın? Adamların min dərdi, min problemi var. Ən ciddi maraqlanan daimi oxucular kitabı axtarıb tapıb oxuyurlar. Onların da çoxu Bakıda yaşayan oxuculardı. Gənclərdir. Burda oxumaq marağından əlavə bir dəstək vermək məqsədi də var.

Yəni kitabı almaqla bir növ dəstəklərini göstərirlər. Bu adamları, bu oxucuları yazılarımla qazanmışam. Uzun illər, bir-bir... Onlarda mütaliəyə, ədəbiyyata maraq oyatmışam. Onlar da bir növ kitablarımı almaqla öz minnətdarlıqlarını bildirirlər. Rayonlarda yaşayanlar kiminsə vasitəsi ilə kitabı əldə edirlər, ya da özləri Bakıya gələndə alırlar. Onların da sayı o qədər də çox deyil. Bəzilərinə mən özüm kitabı çatdırıram. Ya poçtla, ya da gedib-gələnlə göndərirəm… Əgər publisistikayla məşğul olmasaydım, məni tanıyan adamların sayı heç yüzü keçməzdi. Onlar da sırf ədəbiyyatla məşğul olan adamlar olacaqdı.

Çünki indi bizdə yazıçılar var ki, onları tanıyan adamların sayı çox azdı. Tanıyanların da çoxu ədəbiyyat jurnallarında, portallarda çalışanlar, sırf ədəbiyyatla məşğul olanlardı. Halbuki bu yazıçılar müntəzəm olaraq romanlar, hekayələr yazırlar, kitablar nəşr edirlər. Sadəcə publisistika ilə məşğul olmadıqlarına görə onları tanıyan adamların sayı azdı. Mən də publisistika ilə məşğul olmasaydım, eyni aqibəti yaşayacaqdım. Bu mənada tanınmağıma, az-çox uğur qazanmağıma görə publisistikaya minnətdaram. 
 
- Deməli, mətbuat olmasaydı, tribuna verilməsəydi və publisistika ilə məşğul olmasaydınız, yazıçı kimi görünməyəcəkdiniz... Bu yanaşma az qala həm də onu deyir ki, indi bədii ədəbiyyat publisistikadan az qala asılıdır...
 
- Məni görməmək mümkün deyil. Yazıçı kimi görmək istəməyənlər publisist kimi görməyə məhkumdur. Desələr Seymur mövcud deyil, ağın çıxarmış olarlar. Amma yaxın dostlardan səmimi olaraq publisist kimi dəyərləndirənlər də var. Onlar deyirlər ki, sən də publisistika daha yaxşı alınır. Ötənlərdə Fransua Moriakın xatirələrini oxudum.

Moriak yazır ki, bəzi yazıçılar sırf yazıçı kimi tanınmaq üçün qəsdən publisistika ilə məşğul olmurlar. Bir növ publisistika ilə məşğul olmağı yazıçı üçün qəbahət hesab edirlər. Kökündən yanlış yanaşmadı. Əgər yazıçının imkanı varsa, hər bir janrda öz sözünü deməyi bacarmalıdı. Bunu Moriak deyir. Bundan sonra deyilənlər mənim əlavələrimdi. Əvvəla, həyatın və tarixin elə dönəmləri var ki, orda insanlara publisistika daha çox, daha güclü təsir edir. İkinci dünya müharibəsi zamanı biz bunun şahidi olduq. O zaman faşizm əleyhinə mübarizə aparan yazıçıların çoxu öz etirazlarını həm də publisistika vasitəsi ilə bildirirdilər. Elə məqamlar var ki, həmin məqamlarda güclü bir məqalə adamlara ağır və iri həcmli romandan daha çox təsir göstərə bilər. İkincisi, əgər biz ədəbiyyat tariximizə nəzər salsaq, görərik ki, yazıçıların çoxu həm də publisistika ilə məşğul olublar. İstər ötən əsrin əvvəlində, istərsə də əsrin sonunda Azərbaycan xalqının formalaşmasında publisistika müstəsna rol oynayıb. Gürcüstanı və Ermənistanı yaxından tanıyan bir adam kimi qətiyyətlə deyə bilərəm ki, bizdə publisistika xeyli dərəcədə inkişaf edib. Bizim publisistika qonşularımızla müqayisədə daha müasir, daha mobil və doqmalardan uzaqdır.

Bəzən bizim bəzi yazarlar publisistika ilə məşğul olmaqdan açıq-aşkar gileylənirlər. Dolanmaq üçün yazı yazmağa məcbur olmaları guya, onların sırf ədəbiyyatla məşğul olmağına əngəllər törədir. Guya, məqalələr və köşə yazıları yazmasaydılar, yazıçı kimi daha güclü əsərlər ortaya qoyardılar, daha məhsuldar olardılar. İnciməsinlər, bu sadəcə ucuz bir bəhanədir. Yəqin ki, publisistik yazıları lazımı səviyyədə alınmadığına görə özləri də bunun fərqində olduğundan onlar belə bəhanə uydurmağa məcburdular. Əslində isə məqalə yazmaqdan şikayətlənən yazıçılar adamların heç olmasa onları şəkildən tanımasına, adlarını, soyadlarını bilməsinə görə onlar publisistikaya minnətdar olmalıdırlar. Publisistika çox güclü bir silahdır və əgər imkan varsa, yazıçı mütləq bu silahdan istifadə etməlidir. Məsələn, müsahibə də bir janrdı və indi hal-hazırda bu janrdan istifadə etməkdəyəm.

Ona görə də geniş və əhatəli danışmağa çalışıram. Bir dəfə Elbrus (Ərud-red.) mənə dedi ki, sən bizim ədəbiyyat adamları arasında yazar kimi müsahibə verməyi bacaran yeganə adamsan. Ta bilmədim zarafat edir, yoxsa doğru deyir, özü bilər, hansı niyyətlə dediyi önəmli deyil, önəmli olan odur ki, Elbrusun bu sözündən sonra bir məsuliyyət hiss etdim və müsahibələrə daha ciddi yanaşmağa başladım. O vaxtdan hər adama müsahibə vermirəm. O adama müsahibə verirəm ki, az-çox məni tanıyır, ədəbiyyatdan xəbəri var, ədəbi mühitdə gedən prosesləri izləyir. 
 
- Azərbaycanda məşhursunuz, Azərbaycan dilli yazarlar arasında ən çox tirajlanan yazarsız. "Quqark”ı da rus dilində nəşr etdirməklə, deyəsən, daha geniş auditoriyanı hədəf seçibsiz. Məşhur olmaq, tirajlanmaq Seymura uğurlu yazar deməyə əsas verir?
 
- Ən çox tirajlanan yazar demək doğru olmaz. Ən çox tirajlanan yazarlardan biri desək, daha düzgün olar. Bu suala dəqiq cavab vermək çətindir. Bəziləri uğurlu yazar hesab edir, bəziləri uğursuz. Özümə gəldikdə isə bu sualın cavabı daha çox ovqatımdan asılıdı. Bəzən özümü uğurlu yazar hesab edirəm, bəzən uğursuz.

Nə qədər çalışıram ki, ovqatım yazılarıma təsir etməsin, alınmır. Məsələn, "Həyatımın xoşbəxt günü” adlı hekayələr kitabındakı hekayələri yazanda ruhi vəziyyətim çox ağır idi. İstəyirdim ovqatım hekayələrə öz təsirini göstərməsin. Alınmadı. Axırda baxdım ki, demək olar hekayələrdə bu və ya digər səbəblərdən hamı ağlayır. İndi yazdığım hekayələrdə isə hamı axırda ölür. İstəyirəm öldürməyəm, yaşadam, amma alınmır. Məndən asılı deyil, hamısı ölürlər. 
 
- Yeni nəslin nümayəndələri arasında ən çox tənqidə məruz qalanlardansız. Elə özünüz də publisistik yazılarınızda ancaq tənqid ruhuna köklənirsiz. Necə düşünürsüz, "etmə, etməyim” prinsipinə tuş gəlməmisiz ki?
 
- Tənqidə məruz qalmağım təkcə yazılarımla, yazdığım mövzularla bağlı deyil. Tənqidə məruz qalmağımın bir neçə səbəbi var. Əlbəttə, yuxarıda qeyd etdiyiniz səbəb səbəblərdən biridi. Bu səbəb bir neçə il əvvəl ən birinci səbəb idi. O vaxtlar daha sərt yazılar yazırdım. Bu sərt yazılar məni adamların narazılığına, qəzəbinə tuş edirdi. Bu da təbii bir proses idi. Adamların inandığı dəyərlərə toxunurdum, onlar da qəzəblənirdilər. Hərə bir cür reaksiya verirdi: biri söyürdü, biri təhqir edirdi, biri təhdid edirdi.

Mən nəinki öz nəslimin arasında, bəlkə də son iyirmi ildə ən çox söyülən, ən çox təhqir olunan yazar olmuşam. Bir çox təhdidlərin üstünü açıb ağartmamışam. Bu söhbətlərdən yalnız ən yaxın dostlarım xəbərdar olub. Sağ olsunlar, onlar da bacardıqları qədər mənəvi dəstək göstəriblər. İndi daha elə sərt yazılar yazmıram. Xeyli sakitləşmişəm. Yəqin yaş, mütaliə, təcrübə öz sözünü deyir. İndi yazdığım yazılar daha əvvəlki kimi adamların qəzəbinə səbəb olmur. Sərt yazılar yazmıram deyə son iki ildə xeyli oxucu itirmişəm. Bu bir yazar kimi məni narahat etmir. Çünki onlar itiriləsi oxuculardır. İndi başqa mərhələdəyəm. Əvvəlki yazıları anlamaq daha asan idi. İndi yazdığım bir çox yazılarda nə demək istədiyimi anlamaq üçün bir az fikirləşmək, bir az düşünmək lazımdı.

Bizim adamların da çoxu təbiət etibarı ilə tənbəl olduqlarına görə anlamaq üçün düşünmək və fikirləşmək istəmir. Mən yazıb qonorarımı alıram. Kim yazını oxuyub nəsə əxz, hədəf göstərdiyim əsəri tapıb tanış olursa, özü üçün qazanc əldə edir. İnsan özünü tanıyandan, öz real gücünə bələd olduqdan sonra ətrafdakıların münasibəti onu çox da narahat etmir. Mən də az-çox özümü tanıdığıma, öz gücümə bələd olduğuma görə çox rahatam. İndi adamların tənqidi və yaxud da tərifi mənim üçün heç bir məna kəsb etmir. Yazılarıma dəqiq, qərəzsiz və obyektiv münasibət öyrənmək istədikdə isə zövqünə və əxlaqına inandığım bir neçə adama müraciət edirəm.
 
Amma onu da deyim ki, əvvəlki kimi sərt yazılar yazmasam da, yenə də tənqidə tuş gəlməkdəyəm. Ona görə ki, tipim, davranışım adamları qıcıqlandırır, onların nifrətinə səbəb olur. Bu nifrət mənim ilham pərimdir. Onların nifrəti olmasaydı, öz üzərimdə bu qədər işləməzdim, bu qədər çalışmazdım. Bu nifrət məni daima fəaliyyət göstərməyə, daha yaxşı yazmağa, daha çox oxumağa, daha çox öyrənməyə məcbur edir. Onlar nə qədər çox nifrət edirlərsə, fəaliyyət, yaşamaq üçün bir o qədər də "yanacaq” əldə edirəm.

Bəlkə də bu nifrət, bu qərəzli münasibət olmasaydı, çoxdan yazmağın daşını atıb, gedib talkuçkada lifçikdən, tursikdən satıb, başımı dolandırardım. Bu mənada paxıl və qərəzli adamlara dərindən minnətdaram. Onlar olmasaydı, mən də olmazdım. Çünki məğlub olmağı heç sevmirəm. Xoşum gəlmir məğlub olmaqdan. Yaxşı yazılarla mənə nifrət edən adamların qanını qaraltmaqdan xoşum gəlir. Bu, ən çox ləzzət aldığım bir prosesdi. İndən belə də nə olacaqsa olsun. Nə desələr, nə etsələr, həyatımda hər hansı mövzuda nə hadisə baş verəcəksə, mənim bir yazar kimi tirajlanmağıma səbəb olacaq.
 
- Bu sualın davamı olaraq bir sual da verim. Yəqin, narazı yazılar, narazı görünüşünüzə görə, deyirlər ki, bu həyatda Seymuru razı salan heç nə yoxdur... Doğrudurmu?
 
- Yəqin, kənardan belə görünür. Belə bir sual verməyiniz səbəbsiz deyil. Əsaslıdı. Uşaqlar da deyirlər çox deyinirsən. Kimi tutursan, danlayırsan. Əslində isə konkret olaraq son bir ildə həm xasiyyətimdə, həm də həyat tərzimdə xeyli dəyişikliklər baş verib. Sürətlə özümə qapanmaqdayam. Tənhalaşmaqdayam.

Çox az adamla ünsiyyətdə oluram. Tanış olmaq, yaxından tanımaq istəyənlər olur. Qonaqlıqlara, məclislərə dəvətləri qəbul etmirəm - yoruluram. Adamların suallarına cavab vermək istəmirəm. Enerjimi daha səmərəli istifadə etmək istəyirəm. Hər hansı məclisdə bir neçə adamın suallarına cavab verməkdənsə, yazı yazmaq və daha çox adama öz bildiklərini ötürmək daha doğru yol deyilmi? Əvvəllər bu dəvətləri həvəslə qəbul edirdim.

Beş il, altı il əvvəl. Çünki bu dəvətləri özünütəsdiqin bir forması kimi görürdüm. İndi gücüm qalmayıb. Ən yaxın adamlarla ünsiyyətdə oluram. O adamlar ki, məni yaxından tanıyırlar, mənfilərimə və müsbətlərimə bələddirlər. Əvvəllər, məsələn, üç il əvvəl pulsuz-parasız saatlarla danışırdım. İndi yox, daha heç kimə heç nə demirəm. Nəyimə lazımdı, sən onların yaxşılığı üçün danışırsan, axırda da adın deyingən kimi çıxır. Kim oxuyursa, özü üçün oxuyur. Oxumursa da, özü üçün oxumur. Sadəcə insanın tənbəlliyini, vaxtını boş yerə sərf etməsini qəbul edə bilmirəm. Avaraçılıq məni dəhşətli dərəcədə əsəbiləşdirir. Kimisə danlamışamsa onun yaxşılığı üçün danlamışam. Kaş indi mənim olaydı iyirmi yaşım və biri məni qarşısına qoyub danlayaydı, yaxşılığım üçün yol göstərəydi.

Bir ay əvvəl gənclər təşkilatlarından biri tədbirə dəvət etdi. Xahiş etdilər ki, gəl, filan mövzuda danış. Üç il əvvəl olsaydı, gedib həvəslə danışardım. Danışmışam da. İndi danışmıram. Dəvət edən adama dedim ki, get təşkilatınızda sorğu keçir, amma bir az tutarlı sorğu keçir, gör axırıncı dəfə hansı kitabı oxuyublar. Nəyimə lazımdı, mən gedim danışım, onlar da oturub telefonla oynasınlar, sonra da şəkil çəkdirsinlər və bəyan etsinlər ki, təşkilatımız tədbir keçirdi. İstəmirəm. Zamanında müğənnilər demiş, ürəyimin açıqlığından çox axmaqlıqlar etmişəm. Axırda da adımı deyingən, adam danlayan qoydular. İki ay əvvəl özəl universitetlərdən biri müasir Azərbaycan ədəbiyyatı mövzusunda danışmaq üçün tələbələrlə görüşə dəvət etdi. Dedim: - qonorar verəcəksiniz? Dedilər:- yox.

Dedim:- gəlmirəm. Qonorar verəcəksinizsə, məsələn saatına yüz manat, istəyirsiniz gəlim beş saat danışım. İstəyirsiniz qulaq asın, istəyirsiniz heç qulaq asmayın. Özünüz bilərsiniz. Qonorar verin, lap gəlim boş zala danışım. Əslində bu cür münasibət göstərməyə məcburam. Baş verənlər adamı buna məcbur edir. Kənardan bir çox adamlar məni yekəxana adam kimi tanıyırlar. Əsla elə deyil. Bəli, bir çox məqamlarda dözülməz adam oluram. Həzm etmək çətin olur. Hər şey mənə təsir edir. Küləkli havada ürəyim dözülməz dərəcədə sıxılır. Marşrutda, kafedə kimsə ucadan danışanda ovqatım korlanır. Bu mənada Tiflisdə özümü daha rahat hiss edirəm. Çünki dillərini başa düşmürəm. Nə qədər danışırlar, nədən danışırlar, qoy danışsınlar özləri üçün. Yekəxanalıqdan söhbət belə gedə bilməz. Nə yekəxanalıq? Mənim tirajım başqa bir yazarda olsaydı, camaatın başına oyun açardı. Bunu hətta bir neçə dəfə açıq-aşkar üzümə deyiblər ki, sən öz populyarlığından, tirajından istifadə edə bilmirsən. Bəzi adamlarsa deyiblər ki, sən çoxluq üçün yox, ancaq kiçik bir qrup üçün yazmalısan. Belə təkliflər çox olub. Onları dinləyirəm və yola verirəm - susuram. Ya da tamam dəxlisiz mövzularda söhbət edirəm.

Çünki nəyi bilməsəm də hansı mövzuda və nə vaxt yazmağı yaxşı bilirəm. Kimsə söhbət etmək istəyir, sən istəmirsən, adın yekəxana kimi çıxır. Nə yaxşı ki, yaxından tanıyan beş-altı adam var, bunları indi rahatlıqla deyə bilirəm. Sadəcə insanın zəhmətini yerə vuranda adama çox pis təsir edir. Daha bəsdi. Gec də olsa, ağlım başıma gəlib. Elçin, bax adi bir misal çəkim. Lap adi. Tutaq ki, sən... Yeri gəlmişkən, sənə keçməyin vaxtıdı. Çünki siz deyə müraciət edəndə hədsiz yoruluram... Tutaq ki, sən bir neçə münasib bildiyin adamı başına yığıb qonaqlıq verirsən. Ürəyin istəyir. İstəyirsən yaxşı məclis olsun, deyəsiniz, güləsiniz, könlünüz açılsın.

Müzakirə edəsiniz müxtəlif mövzuları. O adamlar ayağa qalxanda sənə təşəkkür etməlidirlər. Ən azından etika naminə. Ki, sağ ol təşəkkür edirik, sayəndə yaxşı gün keçirdik. Söhbət etdik, bir az dərdimizi dağıtdıq. Allah cibini dolu eləsin və.s. Qonaqlıq verdiyin adamlar ayağa qalxanda desələr ki, Elçin, bu gün səni yaman tovladıq, elə adam axtarırdıq tovlamağa, özün öz ayağınla gəlib çıxdın... Bu cür münasibət sənə necə təsir edər? Pis. Sarsılmazsan? Sarsılarsan. Mən də sarsıldım.
 
- Keçəl baş, uzun saqqal saxlayırsan... İndi isə saqqalını xeyli qısaltmısan. Tez-tez imic dəyişmək adətən insanın özünü tapmaması ilə izah olunur... Səndə də bələdi, ya bu üz-başınla oynamağın dediyin bu sarsıntılarla bir əlaqəsi var?
 
- Başım neçə ildi keçəldir. Bu mövzuda "Keçəllər” adlı yazı yazmışam. Saqqala gəldikdə isə bir il, il yarım bundan əvvəl üzümün tükü tökülmüşdü. Dedilər çox güman stresdəndi. Müalicə olundum bir müddət. Saqqal saxlamağa adət etmişəm. Özümü saqqalsız çox pis hiss edirdim. Elə bil üstümdə nəsə vacib bir şey çatışmırdı. Müalicə müsbət nəticə verdi. Gürcüstanda oldum təxminən altı ay. Orda başladım saqqalımı uzatmağa. Bakıya qayıdanda uzun saqqalla gəzmək rahat olmadı.

Hərə bir söz dedi. Girirdim kafeyə, içən adamlar özlərini narahat hiss edirdilər. Elə bilirdilər dindar olduğum üçün uzun saqqal saxlayıram. Küçədə gəzəndə isə hərə bir söz deyirdi. "Bunun saqqalına bax” – deyib, aşkarcasına sataşanlar da olurdu. Boş-bekar adamlardı. Bir-ikisiylə mübahisə etdim. Gördüm bunlara baş qoşsam, bütün əsəblərim korlanacaq. Bir dəfə Bulvarda gəzirdim. Bir neçə qız oturmuşdu. Biri o birilərə dedi ki, mən bu kişini tanıyıram, rəssamdı.

Bir dəfə də metroda gedirdim, bir neçə cavan uşaq, yanlarında da qızlar başladılar məzələnməyə. Biri hətta telefonunu çıxarıb şəklimi çəkmək istədi. Qərəz, adamların nəzərlərini cəlb etməmək üçün saqqalımı qısaltmağa məcbur oldum. Düşünmürəm ki, tez-tez imicimi dəyişirəm. Qaldı özünü tapmamağa, artıq özümü tapmışam.
 
- AYB-yə qarşı vaxtilə geniş bir cəbhə açıldı – AYO. İndi bu cəbhədə əsl yazıçı hesab etdiyiniz kimlər var?..
 
- Elə bilirsən bu müsahibəni oxuyan adamların hamısı AYB-nin və AYO-nun nə demək olduğunu biləcəklər. Adamlar haqqında yüksək fikirdəsən. Ona görə icazə ver, qısa olaraq AYB və AYO-nun nə demək olduğunu izah edim. AYB- Azərbaycan Yazıçılar Birliyi deməkdir.
Sovetdənqalma bir birlikdi. Bu birlik yerləşən binanın divarlarına həm 37-ci ildə repressiya olunanların, həm də repressiya olunanlar haqqında donos yazanların portretləri vurulub. Buraxdıqları jurnallar zamanın tələblərinə cavab vermir. Nəinki cavab vermir, ötən əsrin ab-havasıyla tanış olmaq istəyənlər üçün bu jurnallar zaman maşını funksiyasını yerinə yetirə bilər. Orda qoca kişilər oturub, domino, nərd oynayırlar, tum çırtlayırlar. Keçmiş günlərin xiffətini çəkirlər. "Ah necə kef çəkməli əyyam idi” – deyib, zırıldayırlar. Düzdü yaş baxımından cavanlar da var, amma təfəkkür baxımından bu cavanlar qocalardan daha da qocadırlar. 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR