Mehdi Abdullayev: Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq

Mehdi Abdullayev: Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq
16:43 14 Avqust 2018
27 Digər
Ölkə mətbuatı
A- A+

“Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan 22 illik danışıqlar prosesi öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında tarixi əhəmiyyətli sənədi imzaladılar. Bu son ayların, son illərin çox əlamətdar və tarixi hadisələrindənn biridir. Həmin gün müasir tariximizə qızıl hərflərlə yazılacaq”.

Publika.az xəbər verir ki, bu fikirləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev deyib.

Onun sözlərinə görə, bu Konvensiyanın baş tutması və imzalanmasında Azərbaycanın və ölkə prezidenti İlham Əliyevin rolu, xidmətləri müstəsnadır, əvəzsizdir.

“Bəlkə də, Azərbaycanın və ölkə prezidentinin bu məsələdə fəal rolu, iştirakı, siyasi iradəsi və qətiyyəti olmasaydı, Konvensiyanın imzalanması daha bir neçə il çəkərdi. Məhz ölkəmizin, ölkə prezidentinin fəallığı, iradəsi, səbri və təmkini sayəsində 22 illik danışıqlar prosesi öz müsbət sonucuna çatdı, tarixi imzalanma mərasimi baş tutdu”.

Eyni zamanda, 2018-ci ilin martın sonunda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi” haqqında Anlaşma Memorandumunun Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıdığını söyləyən M. Abdullayev bildirib ki, danışıqlar prosesi onunla nəticələndi ki, Xəzərdə müvafiq blokların birgə istifadəsi ilə bağlı razılaşma əldə edildi:

“Beləliklə, bu ilin mart ayının sonunda uğurlu Azərbaycan-İran danışıqları yekun Konvensiyanın imzalanması yolunda çox mühüm, həlledici addımlardan biri oldu”.

M.Abdullayev sonra vurğulayıb ki, dövlət başçısı mərhum Heydər Əliyevin müəyyən etdiyi balanslı, tarazlaşdırılmış xarici siyasət kursunun Azərbaycan prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeləri daha da möhkəmlənir, Azərbaycanın digər ölkələrlə ikitərəfli əlaqələri daha da genişlənir:

“Bu baxımdan bir daha hesab edirəm ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs etdiyimiz Konvensiyanın imzalanması mümkünsüz olardı və yaxud daha 22 il çəkərdi. Yəni, bu sənəd ilk növbədə Azərbaycan prezidentinin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndiriliməlidir.

Bu Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir. Bu Konvensiya dostluğa, əməkdaşlığa, qardaşlığa xidmət edir. Bu nöqteyi nəzərdən imzalanmış Konvensiyanın həm siyasi, həm iqtisadi, həm geoiqtisadi, həm də geostrateji əhəmiyyəti mövcuddur”.

M.Abdullayevin dediyinə görə, məlum Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir:

“Odur ki, bu sənədin qəbulu bütün tərəflər üçün uğurludur. Yəni, bu tarixi razılaşma Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən bu sənədin imzalanması, eyni zamanda, digər regionlar üçün də böyük əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarı ilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq. Burada həm siyasi, həm iqtisadi, humanitar, təhlükəsizlik sahələrində əməkdaşlıqdan söhbət gedir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/250513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR