Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri

Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri
17:17 17 Avqust 2018
21 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsi və qorunmasında, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi, həqiqət carçısı olmalıdır".
Ümummilli lider Heydər Əliyev

Zəmanəmizin ən ümumi səciyyəsi belədir: dünya qloballaşır və sosiallaşır. Yəni, insanların həyatına ümumi proseslər hakim kəsilir, çoxluğun maraq və tələbatı önə çıxır. Elmi-texniki yeniliklər də, əsasən, bir-biri ilə sıx bağlı olan bu iki inkişaf meylinin xidmətindədir. Ümumi texniki tərəqqi qloballaşmanın axarında ölkələrin və dövlətlərin sərhədlərini maneəsiz aşıb keçir. Baş verən yeniliklərin virtual böyük auditoriyalar yaratması isə dünyanın informasiya ilə idarə olunması effektini gücləndirir.

Fantastik imkanlardır. Qədərincə və xoş məramla yararlandıqda sonsuz hüdudlar açır, əks yöndə hədsiz bəlalar gətirir. Eynilə nüvə enerjisindən istifadə zamanı olduğu kimi: elektrikə çevriləndə ən ucuz güc mənbəyi olur, bombaya yüklənəndə dağıdıcı gücə çevrilərək bütün planetin və bəşəriyyətin həyatını təhlükə altına alır, məhvə məhkum edir. Qloballaşma da belədir: əndazəni aşanda xalqların maraqlarını tapdalayır. Sosiallaşma da bəzən təhlükə daşıyıcısına çevrilir: yanlış istiqamətə yönləndirilmiş kütlə dağıdıcı qüvvəyə çevrilir. Bu baxımdan texniki tərəqqinin insanlara bəxş etmiş olduğu qlobal və sosial informasiya şəbəkəsi həqiqətə yönləndiriləndə misilsiz həmrəylik, harmoniya yaradır. Yalanın, bəd niyyətin sosial informasiya şəbəkəsində yayılması isə çaşqınlıq, qıcıq, aqressiya törədir, ictimai rəyi yanlış istiqamətə yönəltməklə milli və dövlətçilik maraqlarına zərbə vurur. Tarixi tərəqqinin yönü inteqrasiyaya, mübadiləyə, qarşılıqlı faydalanmaya istiqamətlənməlidir. Bu baxımdan ənənəvi informasiya vasitələri tarixən, obyektiv məlumatın daha operativ və geniş dairəyə ötürülməsinə xidmət göstərib. Tarixin daha dərinliklərindən gələn məlumatın fərdi, yaxud qrup halında paylaşdırılması üsulları - söhbətləşmə, məktublaşma, müxtəlif formatlı toplantılar, hətta bu gün belə sosial-mənəvi ehtiyac duyulduğundan davam etməkdədir. İnformasiya texnologiyalarının virtual vasitələrlə müasirləşməsi kütləvi informasiya vasitələrinin yayım imkanlarını fantastik dərəcədə artırdığı kimi, sosial paylaşmanın da hüdudlarını zaman və məkan baxımından əritmiş, bu nəhəng, möcüzəli məkana girişi əksəriyyət üçün əlçatan etmişdir. Artıq ürəyindəki hansısa fikri bölüşmək üçün qonşunun qapısını döyməyə, kimdənsə günlərlə məktub gözləməyə də ehtiyac yoxdur. Həmfikirlərin harasa təcili yığışması da vacib deyil. Hansısa məlumat, rəy, mülahizə qısa müddətdə və çevrəsi genişlənməklə maneəsiz yayılır. "İnternet" deyilən beynəlxalq elektron rabitə vasitəsi həm ənənəvi KİV yayımlarını, həm də "sosial media" adına iddialı ümumdünya sosial şəbəkələrini informasiya məkanında "qonşuluq", "ortaqlıq" mövqeyinə çıxarıb. Bir çox halda ənənəvi informasiya vasitələri ilə sosial şəbəkə yayımlarının sədləri itir, bir-birinə qarışır. Bu durum neçə çözülməlidir? Sosial şəbəkə, doğrudanmı, yeni tipli mediadır? Bu şəbəkəni yönləndirən blogerləri, onun istifadəçilərini jurnalist saymaq olarmı? Məlum meyarlar hələlik itmiş sədləri ayırd etməyə imkan verir. Əvvəla, ənənəvi KİV peşəkar informasiya qurumudur, onun hədəfi kütləvi auditoriyanı xoş məramla, sistemli məlumatlandırmaq, maarifləndirmək, həmçinin reklam xidməti göstərməklə, cəmiyyət miqyasında obyektiv ictimai rəy formalaşdırmaqdır. Jurnalist bu ictimai fəaliyyətin peşəkar təşkilatçısı və daimi icraçısıdır. Sosial şəbəkənin fəaliyyəti isə stixiya, təsadüfi mövzular, fərdi və qrup maraqları üzərində formalaşır. Onun məqsədi həqiqi ictimai rəy formalaşdırmaq deyil, informasiya ötürücülüyü də qeyri-peşəkar və sistemsizdir. Bütün bunlar öz yerində. Narahatlıq doğuran odur ki, dünyada irili-xırdalı pozucu dairələr informasiya məkanının mötəbərliyini qoruyan, bununla da ciddi rəqabətdə özünü sığortalamağa çalışan ənənəvi media vasitələrinə yol tapa bilməyəndə, hələlik beynəlxalq hüquq normaları ilə qorunmayan, müəyyən mənada "qapıları hamının üzünə açıq olan" sosial şəbəkəyə üz tutur. Belə pozucu ünsürlərin yalan, böhtan və qərəz yüklü informasiyaları sosial şəbəkədə, bir çox halda, maneəsiz yayılır. Sosial şəbəkələri "sosial media" kimi tanıtmağa və qəbul etdirməyə çalışanlar da belə bədniyyətli pozucu mərkəzlər və qüvvələrdir. Vaxtilə iki nəfərin bir-biri ilə, yaxud qrup halında məktublaşması jurnalistika sayılmadığı kimi, indiki halda, sosial şəbəkədəki şəxsi yazışma, xəbərləşmə də media sayıla bilməz. Hər iki fəaliyyətin ortaq tərəfi informasiya yayımıdır. Peşəkar media yaydığı informasiyaya görə cəmiyyət qarşısında əxlaqi və hüquqi məsuliyyət daşısa da, sosial şəbəkələr hələlik bu tələblərə məhəl qoymur. Bütün bunlara görə sosial şəbəkə cəmiyyətin "dördüncü hakimiyyət" statusunu etibar etdiyi mötəbər yayım vasitəsi - media sayıla bilməz. "Açıq qapı" məsələsi də buradan meydana gəlir. Demokratiya şəraitində insanların həqiqi, yetərli informasiya almaq hüququna konstitusiya ilə təminat verilir və bu tələbatın ödənilməsi müvafiq qanunla tənzimlənir. Sosial şəbəkə isə insanların kütləvi özfəaliyyəti olaraq ərsəyə gəldiyindən bu məişət səviyyəli informasiya sferası obyektiv məlumat əldə etmək qaynağı sayılmır və bir çox halda zərərli fəaliyyət göstərir. Sosial şəbəkə bu səbəbdən vaxtaşırı beynəlxalq aləmdə, eləcə də Azərbaycan gerçəkliyində bəzən mənəvi epidemiya yayıcısına çevrilir, cəmiyyətdə zərərli viruslarla yoluxmuş ictimai rəy yaradır, beyinlərdə və düşüncələrdə zərərli toxumlar əkir. Beləliklə, ənənəvi mediada informasiya mötəbərlik keyfiyyəti qazanıb qurucu enerjiyə çevrilirsə, sosial şəbəkədə yalan, böhtan və şərlə emal olunmuş "informasiya" həqiqət dəyərini itirir, beyinləri dumanlandırır, ictimai rəyi çaşdırır. Bununla da təhlükə mənbəyinə çevrilir, insanların mənəviyyatına aqressiv enerji verir. Sosial şəbəkə internet üzərindən qarşılıqlı sosial münasibətlərin qurulması, şəxsi və ya korporativ mövqenin ifadə olunmasına xidmət edən platforma, onlayn-servis və veb-saytları əhatə edir. Veb 2∙0 : formatında digər resurs tipləri də mövcuddur. Bura sosial nişanlar (ünvanlar), sosial kataloqlar, sosial kitabxanalar, peşəkar sosial şəbəkələr daxildir. Peşəkar sosial şəbəkələr informasiya və təcrübə mübadiləsi, vakansiya təklifi və axtarışı, işgüzar əlaqələrin inkişaf etdirilməsi, yüksək peşəkarlıq tələb edən mövzuların müzakirəsi məqsədilə yaradılır. İnternet informasiyanın qorunması və ötürülməsi üçün birləşmiş kompüter şəbəkələrinin ümumdünya sistemidir. Buna görə də sosial şəbəkə istifadəçisi dərk etməlidir ki, o, yaydığı informasiyaya görə cəmiyyət qarşısında, fərdlər qarşısında ciddi məsuliyyət daşıyır. Təəssüf ki, çoxları bu məsuliyyəti dərk etmir. Tədqiqatçılar bildirirlər ki, könüllü surətdə həyatdan getmə üsullarını təbliğ edən "ölüm qrupları"nın "Vkontakte" sosial şəbəkəsində zərərli fəaliyyəti üzündən gənclər və yeniyetmələr arasında intihar halları xeyli artmışdır. Valideynlərin bir qismi ağıllarına belə gətirmirlər ki, övladlarının intiharının əsl səbəbi sosial şəbəkədə aparılan intihar təbliğatıdır. Azərbaycanla bağlı mənfur planlarını reallaşdıra bilməyən düşmən dairələrin toruna düşmüş kəmsavad, dardüşüncəli, dünyada baş verən ictimai-siyasi hadisələri, transkontinental oyunları, beynəlxalq güclərin məkrli planlarını dərk etməyən qeyri-yetkin ünsürlərin fitnəkar, xəyanətkar əməlləri iflasa məhkumdur. Bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan üçün taleyüklü məqamlarda Qərbdən körüklənən antiazərbaycan kampaniyasına millət olaraq monolit birliyimizlə təpki göstərmək, vətənsevər, millətsevər vətəndaş olaraq sərt mövqe sərgiləmək mənəvi borcumuzdur. Lakin, təəssüf ki, bəziləri dağıdıcı qüvvələrin toruna düşür, nankorluqla düşmənin səfində yer alır. Yadımdadır, redaksiyamıza gələn ahıl ər-arvad Avropaya getmiş övladlarından imtina etmələri barədə bizə müraciət təqdim edərək onu qəzetdə verməyimizi istədilər. Doğrusu, onların bu hərəkəti məni şübhəyə saldı. Araşdırmalar zənnimin məni yanıltmadığını təsdiqlədi. Sən demə, bu valideynlər Avropada sülənən övladlarına oturum almaq üçün onu "ölkədə təqib olunan müxalifətçi" kimi qələmə vermək məqsədilə bu yola əl atıblarmış. Sonradan öyrəndim ki, redaksiyada kələkləri baş tutmadığından oğullarına AXCP-dən "müxalifətçi" vəsiqəsi alıb göndəriblər. Qara texnologiyalardan istifadə edərək faşist və neofaşist təbliğatı aparan, milli və dövlətçilik maraqlarına qarşı terrorçuluq fəaliyyəti ilə məşğul olan beynəlxalq güclər ayrı-ayrı dövlətləri, qitələri, bütövlükdə planeti birqütblü dünyanın əsirliyində saxlamaq istəyirlər. Geosiyasi ziddiyyətlər, böyük dövlətlər arasındakı ixtilaflar, hərbi, ideoloji, informatik və diplomatik savaşlar qlobal dünya nizamının böhran keçirdiyini göstərir. Çoxqütblü dünya modelinin tərəfdarları olduğu kimi, əleyhdarları da var. Amma bu əleyhdarların böyük bir qismi təkqütblü dünya tərəfdarlarının yetirməsidir desək, həqiqəti etiraf etmiş olarıq. ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays bildirir ki, çoxqütblülük ideyası birləşdirici güc ola bilməz: "Çoxqütblülük rəqabət, fərqli maraq və dəyərlər nəzəriyyəsidir. Bu ideologiya bizi bəşəriyyətin qarşısında duran böyük vəzifələrin həllindən uzaqlaşdırma təhlükəsi yaradır". Reallıq isə bu təhlükənin birqütblü dünya modelindən, dünya ağalığı iddiasında olan böyük güclərin ədalətsiz mövqeyindən, ikili standartlardan irəli gəldiyini göstərir. Özünü liberal dünya nizamının arxitektoru və dayağı hesab edən ABŞ-ın, hər şeydən əvvəl, öz maraqlarını müdafiə etməsi, əslində, liberal dünya nizamı ilə ziddiyyət təşkil edir. Bu halda lokal məkanlarda regional təkamül düzəni məntiqinə uyğun konfiqurasiyalar meydana gəlir. Ancaq bu konfiqurasiyalar tez-tez böyük dövlətlərin açıq-gizli hücumuna, pozucu təsirinə məruz qalır. Pərdə arxasındakı mənfur ideoloqlar, siyasi dəllallar, intellektdən məhrum bədnam rejissorlar görünməsə də, uydurduqları şər və böhtan, əl atdıqları qeyri-məqbul vasitələr onların çirkin simasını, mənəviyyatsız daxili aləmini ifşa edir. Belələrinin əlində oyuncağa çevrilən turallar, orduxanlar, eminlər, azərlər, özgə qapılarında sülənərək şərəf və ləyaqət anlayışını unudurlar. Onların arsenalındakı şər və böhtan, yalan və uydurmalar ictimai rəyi çaşdırmağa, dövlətçiliyə zərbə vurmağa, ölkədə sabitliyi pozmağa, xaos və anarxiya mühiti yaratmağa, qanuni hakimiyyəti devirməyə hədəflənib. Xarici ölkələrin xüsusi xidmət orqanlarının, terror təşkilatlarının məxfi düşərgələrində təlim keçmiş, Suriyada, İraqda nəyin uğrunda vuruşduqlarını belə anlamadan qan tökən, insan öldürən, uşaqları yetim qoyan, ocaqları söndürən qatilləri "milli qəhrəman" kimi ictimai şüura sırıyan sosial şəbəkə istifadəçiləri, görəsən, suç ortağı, cinayət iştirakçısı olduqlarının fərqinə varırlarmı?! Bu zavallıların bir qismi intellektin yoxluğu, bir qismi də aldıqları qrantın müqabilində hesabat vermək məcburiyyətindən bədniyyətlilərin zombiləşmiş icraçısına çevriliblər. ABŞ, Danimarka, Almaniya, Avstraliya, Rusiya və digər ölkələrdə keçirilən sorğuların ümumiləşdirilmiş nəticələri və kontent-təhlillər göstərir ki, sosial şəbəkədən qaynaqlanan təhlükələrin sayı-hesabı yoxdur: təhdid, zorakılıq, seksual zorakılıq, konfidensiallığın itirilməsi, pedofillik, şayiə, şantaj, böhtan, imicə zərbə vurulması, spam, şəxsi informasiyanın ələ keçirilməsi, kiberterrorizm, psixikaya mənfi təsir və bu qəbildən olan digər neqativ hallar getdikcə həndəsi silsilə ilə artmaqdadır. Sosial şəbəkədə yerləşdirilən informasiya və kontentə görə onu təqdim edən istifadəçi cavabdehdir. Bu səbəbdən də çoxmilyonlu auditoriyada məsuliyyətsizliyə, səhlənkarlığa, milli, dini dözümsüzlüyə, konstitusion quruluşun devrilməsinə, dövlətə qarşı itaətsizliyə, qanunsuz aksiyalara çağırış hüquqi baxımdan dövləti cinayət kimi tövsif olunmalıdır. Bəs dünya dövlətləri sosial şəbəkədən gələn bəlalara, neqativ hallara qarşı necə mübarizə aparırlar? Məsələn, ötən il Ukrayna "Vkontakte" və "Odnoklassniki" şəbəkəsini bloka aldı. Ukrayna belə addım atan ilk dövlət deyil. Artıq Rusiyada da bağlanmış sosial şəbəkələr var.

Çin

Çin Xalq Respublikası fərqli yolla gedərək, "Facebook", "Twitter", "Youtube" və digər sosial şəbəkələrin analoqlarını yaradır. Artıq həmin analoji şəbəkələr ölkədə kifayət qədər populyarlıq qazanıb. "Facebook"un analoqu olan "Renren Network" interfeysli sosial şəbəkə Çin gəncləri arasında böyük maraq doğuraraq kütləviləşib. Çinin kütləvi mikrobloq servisi "Sina-Weibo" da uğurla fəaliyyət göstərir. Onun ən böyük sosial şəbəkəsi olan "Qzone" istifadəçilərinin sayına görə dünyada "Facebook" və "Youtube"dan sonra üçüncü yerdədir. Amma bu şəbəkələr yalnız Çində fəaliyyət göstərirlər.

Rusiya

Rusiyada bloka alınmış peşəkar sosial şəbəkə - "Linkedin"in istifadəçilərinin sayı artıq 36 faiz azalmışdır.

Türkmənistan

Türkmənistanda internet üzərində ciddi senzura vardır. Ölkə hakimiyyətinə tənqidi münasibət bəsləyən hər bir informasiya dərhal bloklanır. "Youtube", "Facebook", "Twitter" VK şəbəkələri, həmçinin "WhatsApp" və "Viber" messencerləri də bloklanıb.

Özbəkistan

Bu ölkədə sosial şəbəkələr bloka alınmasa da, "Skype" və "Viber" messencerləri bağlıdır.

Şimali Koreya

İnternetə və digər sosial şəbəkələrə giriş yoxdur. "Facebook"un analoqu kimi yaradılan "Starcon.net.kp" cəmi bir gün fəaliyyət göstərib. Ancaq ölkədə "İntranet" adlı daxili məlumat mübadiləsi şəbəkəsi var.

İran

"Facebook", "Twitter, "Youtube" üzərində ən sərt senzura İrandadır. Bu şəbəkələr bloka alınıb. Fars dilində fəaliyyət göstərən interfeysli "Cloob.com" milli sosial şəbəkə ölkədə çox populyardır.

Tacikistan

"Facebook" sosial şəbəkəsi 2012-ci ildə bloka alınsa da, bir neçə ay sonra giriş bərpa olunub.

Pakistan

"Facebook" və "Youtube" şəbəkələrinə girişdə problemlər var, "Skype", "WhatsApp" və "Viber" messencerləri zaman-zaman bloka alınır. Hakimiyyət bunu antiterror təhlükəsi ilə izah edir.

Səudiyyə Ərəbistanı

Bu ərəb ölkəsində rəsmi bloklanma olmasa da, "Facebook" və "Youtube" şəbəkələrinə qarşı maneələr yaradılır. Əxlaq polisi sosial şəbəkələrə qoyulan şəkilləri və "amoral" saytları izləyir, nəzarətdə saxlayır. Məsələn, şəbəkəyə başıaçıq şəkil qoymuş qız əxlaqsızlığa görə həbsə alına bilər.

Vyetnam

"Facebook" şəbəkəsinə qarşı qismən məhdudiyyət vardır. Hökumət şəbəkəyə qoyulan informasiyanı daim izləyir. Sosial şəbəkədə hökumətin əleyhinə tənqidi informasiya yerləşdirilməsinə çox böyük məbləğdə cərimə tətbiq olunur.

Misir

2011-ci ildə "Ərəb baharı" zamanı internet bütünlükdə bağlanmışdır. Daha sonra "Twitter, "Youtube" və "Facebook" vaxtaşırı bloklanmışdır. Vəziyyətdən asılı olaraq, sosial şəbəkəyə giriş gah bloklanır, gah da açılır.

İnformasiya terroru

İnformasiya terroru sağlam zəkanın, insanların ağıl və düşüncəsinin normal fəaliyyətinə qarşı yönəldilmiş təhlükəli psixointellektual təxribatdır, insanların şüurlarına yeridilən yalan məlumat informasiya terrorunun əsas qaynağıdır. İnformasiya ilə manipulyasiya, kibercinayətkarlıq, faşizm və neofaşizm təbliğatı yolu ilə kütləvi şüura təsir etmək, qorxu və vahimə yaratmaq, insanları cinayətkar əməllərə sövq etmək niyyəti təkcə ayrı-ayrı fərdlərin deyil, xüsusi təlim görmüş məxfi mərkəzlərin, diversiya qruplarının, hətta böyük güclərin, bəzi dövlətlərin fəaliyyətində belə önəmli yer tutur. Serverlərin dağıdılması, konfidensial məlumatların bilərəkdən sosial şəbəkəyə ötürülməsi, transmilli korporasiyaların saytlarına hücum müasir dünyanın adi reallığına çevrilməkdədir. Hətta iş o yerə çatıb ki, qələbələri belə sivil yollarla, liderlik keyfiyyətləri əsasında deyil, məharətlə hazırlanmış informasiya mübarizəsi sayəsində əldə etməyə çalışırlar. Başqa sözlə desək, informasiya müasir müstəvidə silaha çevrilmişdir. İnformasiya terroru genişləndikcə yeni-yeni texnologiyalar, çeşidli üsullar ortaya çıxır. Beləliklə, vəziyyət daha da mürəkkəbləşir. Bunun bir səbəbi də odur ki, internetin təmin etdiyi anonimlik terrorçunu görünməz gücə çevirir, onun aşkarlanmasını çətinləşdirir. ABŞ Prezidenti Donald Tramp 2016-cı ildə dövlət başçısı seçilmişdir. İki ildir ki, ABŞ-da bəzi dairələr Rusiyanın prezident seçkilərinə müdaxilə etdiyini iddia edirlər. Rusiya tərəfi isə bu iddianı rədd edir. Məsələ çözülməmiş qalmaqdadır. Ehtimal ki, ABŞ-ın iddiası elə iddia olaraq da qalacaq. İnformasiya terrorizminin ən təhlükəli istiqamətlərindən biri də mental terrorizmdir. Kütlənin şüuru ilə manipulyasiya edən mental terrorizmin əsas silahı, təsir aləti kütləvi kommunikasiya vasitələridir. Cəmiyyətdə sosial gərginlik yaşandığı məqamda kütlənin gözləmədiyi, əksinə, onun emosional vəziyyətinə ciddi neqativ təsir göstərən qorxulu şayiələrin informasiya məkanına buraxılması hallarının alov saçan qığılcım kimi böyük partlayışa, ağır nəticələrə səbəb olması, çətin ki, kimdəsə şübhə doğursun. Mental terrorizmin daha təhlükəli istiqaməti cəmiyyətdə son dərəcə neqativ əhval-ruhiyyə yaradan aqressiv şayiə buraxılmasıdır. Belə şayiənin ən səciyyəvi nümunələrindən biri 1988-ci ilin dekabrında Ermənistanda zəlzələ baş verən zaman SSRİ tərəfindən uydurulan və informasiya məkanında dərhal ciddi reaksiya doğuran, əhalinin ABŞ-a qarşı nifrətini gücləndirən saxta informasiya idi. SSRİ-nin xüsusi xidmət orqanları o zaman çox ustalıqla belə bir şayiə yaymışdılar ki, ABŞ Ermənistanda tektonik-geoloji silahdan istifadə etmişdir. Bəzən adama elə gəlir ki, son dövrdə müxtəlif müstəqil internet resurslarının meydana gəlməsi həqiqəti anlamağa, düzgün məlumatı yüzlərlə yalanın, uydurmanın içərisindən saf-çürük edib seçməyə kömək edəcək. Təəssüf ki, çox vaxt buna müyəssər ola bilmirik. Çünki gərgin, ziddiyyətli məqamda şüurlara yeridilən şayiənin arxasınca informasiya məkanına ötürülən minlərlə doğru məlumat əsl həqiqətin obyektiv daşıyıcısı olsa da, şayiələrin zərərli psixointellektual təsirini dərhal silmək, yox etmək mümkün olmur.

(ardı var)

Həsən Həsənov,
"Xalq qəzeti"nin baş redaktoru, Əməkdar jurnalist


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/677408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR