“Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər
hövzəsi dövlətlərinin prezidentləri “Xəzərin hüquq statusu haqqında
Konvensiya” imzalayıb. Bu sənədlə Azərbaycanın qərb sərhədlərinin
hüquqları, eləcə də Xəzəryanı dövlətlər arasında daxili və ərazi
sularının delimitasiyası (xəritədə qeyd olunmaqla dövlət sərhədinin
razılaşdırılmasıi) müəyyənləşdirilib. Əslində 5 gün əvvəl 25 ilin
müzakirəsindən keçərək razılaşdırılan Konvensiya yalnız hüquqi
baxımdan deyil, həm də ictimai nöqteyi-nəzərdən
əhəmiyyətlidir”.
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert
Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Konvensiyanın 22-ci maddəsində qeyd olunur ki,
ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin
ratifikasiyasına təqdim olunmalıdır:
“Bu sənədlə Azərbaycanın qərb sərhədlərinin hüquqları, eləcə də
Xəzəryanı dövlətlər arasında daxili və ərazi sularının
delimitasiyası (xəritədə qeyd olunmaqla dövlət sərhədinin
razılaşdırılması) müəyyənləşdirilib. Xəzər dənizinin su sahəsi
daxili sulara, ərazi sularına, balıqçılıq sahələrinə və ümumi su
sahəsinə ayrılır. Bu Konvensiya yalnız su sahəsindən istifadə
normalarına aydınlıq gətirir. Belə ki, hər bir dövlətə 15 mil və ya
24 km ərazi sularından sərbəst istifadəyə, eləcə də ərazi sularına
bitişik olan 10 mil və ya 16 km sahədə balıqçılıq zonasını
yaratmağa hüquq verir. Yəni, Azərbaycan bütövlükdə Xəzər dənizinin
sahildən 40 km-ə qədər olan ərazi sularında müstəsna hüquqa
malikdir. Sektor daxilində Azərbaycan süni adalar, qurğular,
dənizaltı kabellər və boru kəmərləri çəkə, həmin sularda balıqçılıq
sənayesi yarada bilər. Sektordan kənar ərazidə bütün məsələlər isə
beynəlxalq hüquq prinsipləri və normalarını nəzərə alınmaqla yalnız
sahil dövlətlərinin öz aralarındakı razılaşma əsasında
tənzimlənir”, - deyə o bildirib.