Suriyanın yenidən qurulması üçün dördlü iş birliyi çağırışı edildi

Kreml sözçüsü Dmitri Peskov şənbə günü Almaniyada bir araya gələn Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkelin görüşü barədə açıqlama verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov, Rusiya və Almaniyanın TürkiyəFransa ilə birgə dördlü formatda Suriyanın sabitliyə qovuşması üçün çalışmaq istədiyini bildirib. Planlaşdırılan dördlü iş birliyi formatının ilkin mərhələdə mütəxəssislər səviyyəsində olacağını qeyd edən Peskov, daha sonra zirvə görüşünün keçirilə biləcəyini də istisna etməyib. Ancaq Peskov bu məsələdə dəqiq tarixin müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Berlinin şimalındakı Meseberq qalasında Almaniya kansleri Angela Merkellə görüş keçirmişdi. Suriya və Ukrayna problemlərinin müzakirə olunduğu görüşdə Putin avropalılardan Suriyanın yenidən qurulmasına töhfə vermələrini istəyərək, “Humanitar yardımlarla Suriyanın gücləndirilməsi çox önəmlidir” deyib.

Əvvəlcə Suriyadan gedən mühacirlərin ölkələrinə geri dönə biləcəkləri bölgələrin yaradılmasının vacib olduğunu vurğulayan Putin, müharibə zamanı böyük zərər görən su tədarükü və isitmə sistemlərinin yenidən qurulmalı olduğuna diqqət çəkib. Rusiyalı lider, təkcə Avropada deyil, Livan, İordaniya və Türkiyə kimi qonşu ölkələrdə də milyonlarla suriyalı qaçqının varlığına diqqət çəkib.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Rusiyanın məsuliyyətinə işarə edən Merkel də Suriyada hələ ki, siyasi prosesin başlamadığını dilə gətirib. Suriyanın bir çox bölgəsində müharibənin bitməsinə baxmayaraq, hələ də sülh rejiminin formalaşmadığını qeyd edən Merkel, sülh rejiminə Konstitusiya islahatı və seçkilərin də daxil olduğunu bildirib. Merkel, İdlibin şimalında humanitar fəlakətin qarşısının alınmalı olduğu barədə də xəbərdarlıq edib.

Qeyd edək ki, İdlibdə Rusiya və İranın dəstəklədiyi Suriya ordusunun müxalif qüvvələrə qarşı əməliyyatları davam edir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR