Türkiyə prezidenti ABŞ-a gedir - Diplomatik görüşlər keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda bir çox diplomatik görüşlər həyata keçirəcək.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan ilk olaraq 1-3 sentyabr tarixlərində Qırğızıstana rəsmi səfər edəcək və Türk Şurasının iclasına qatılacaq. Qırğızıstanın paytaxtı Bişkekdə prezident Sooranbay Jeenbekov tərəfindən rəsmi qarşılanma mərasimi ilə qəbul ediləcək Ərdoğan təktərəfli və geniş tərkibdə görüşlər keçirəcək. İqtisadi əlaqələrdən əlavə, səfər zamanı əsas müzakirə mövzularından biri də FETÖ ilə mübarizə məsələsi olacaq. Ərdoğanın FETÖ-nün ən geniş yayıldığı ölkələrdən biri olan Qırğızıstandakı FETÖ-çülərə aid bəzi sənədləri Jeenbekova təqdim edəcəyi gözlənilir.

Qırğızıstan səfərindən sonra hələ ki, dəqiqləşməyən, ancaq sentyabrın 6 və ya 7-də həyata keçiriləcəyi gözlənilən Türkiyə-Rusiya-İran arasındakı üçtərəfli zirvə görüşünün Tehranda keçiriləcək iclasına qatılması gözlənilir. Toplantıda ABŞ-ın son dövrlərdə Türkiyə və İrana qarşı tətbiq etdiyi sanksiyalarla yanaşı, Suriyadakı vəziyyət də əsas müzakirə mövzusu olacaq.

Ərdoğanın Almaniyaya da rəsmi səfəri gözlənilir. Səfər zamanı Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Almaniya kansleri Angela Merkellə görüşəcəyi gözlənilən Ərdoğanın əsas müzakirə mövzularının iqtisadi əlaqələr, Avropa Birliyi ilə əlaqələr, eyni zamanda başda FETÖ və PKK olmaqla, terrorla mübarizə məsələlərinin olacağı gözlənilir. Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında yaşanan gərginlikdə başda Almaniya olmaqla bir çox Avropa ölkəsi Türkiyəni dəstəkləyib.

Ərdoğanın ən çox gözlənilən səfəri isə ABŞ səfəri olacaq. O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmaq üçün sentyabrın 25-də ABŞ-ın Nyu-York şəhərinə gedəcək. Ərdoğan Baş Assambleyadakı çıxışı zamanı Suriya məsələsi, mühacirlər və BMT-nin quruluşu ilə bağlı mesajlar verəcək. Ərdoğanın investor banklarla və Türkiyə nümayəndələrilə görüşü də gözlənilir. Türkiyə ilə ABŞ arasında gərginliyin yaşandığı dövrdə ABŞ-a təşkil olunan səfər zamanı isə Ərdoğanla Trampın görüşüb-görüşməyəcəyi yaxın zamanlarda müəyyən ediləcək.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR