Büdcə qənaətlə xərclənməlidir (VİDEO)

Büdcə qənaətlə xərclənməlidir (VİDEO)
22:51 12 Yanvar 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Hökümətin bu dəfəki iclası da ölkə başçısının məmurlara xəbərdarlığı ilə yadda qaldı. Amma bu dəfəki xəbərdarlığı doğuran dünyada neftin ucuzlaşması fonunda gedən proseslərin Azərbaycana təsirinin minimuma endirilməsi zərurəti oldu. Ölkə başçısının təbii ki, bu il gəlirlərimiz azalacaq, ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir, mesajının arxasında nə dayanır?

ANS TV-nin məlumatına görə, dünyada bir çox ölkələri ağuşuna alan iqtisadi böhran Azərbaycandan yan ötsə də, höküməti qabaqlayıcı tədbirlər almağa vadar edib. Daha dəqiq desək 2015-ci ildə dövlət büdcəsini qənaətlə xərclənməsinə qərar verilib. Bu qənaət özünü daha çox ölkə üçün prioritet olmayan sahələrdə göstərəcək. Məsələn, ticarət mərkəzləri, ofis və yaşayış binalarının tikintisi azaldılacaq. Əvəzində isə real sektora qoyulan vəsaitlər üstünlük təşkil edəcək. İqtisadçılar hesab edir ki, qurumların biri-birindən əlaqəsiz iş görməsi hansısa yolun, yaxud binanın təkrarən təmir olunmasına gətirib çıxarır ki, nəticədə israfçılığa səbəb olur.

Millət vəkili Əli Məsimlinin sözlərinə görə, dövlət idarələri bir-birləri ilə koordinasiyada olmalıdır: “Yəni sağ əlin bilməlidir ki, sol əl nə edir. Tutalım, hansısa bir layihənin dəyəri 10 milyondursu onu şişirib 15 milyona çatdırmaq lazım deyil. Bu sözün həqiqi mənasında qənaət rejiminin birinci amilidir”.

İqtisadçılar israfçılığa yol verilməməsi üçün büdcədən xərclənən vəsaitlərə nəzarət mexanizminin gücləndirilməsinə ehtiyac görür.

“Biz mütəmaddi olaraq Milli Məclisdə bu məsələyə toxunuruq. Hətta Maliyyə Nəzarəti Haqqında qanun layihəsinin qəbul edilməsinin tərəfdarıyıq. Çünki, maliyyə yeyintiləri daha çox büdcədən xərclənən iri layihələrədə yol verilir. Onu deyərdim ki, maliyyə xərclərinin şəffaflığını artırmaq lazımdır. Həm qeyri-hökümət təşkilatları, həm də vətəndaş cəmiyyətilə bir yerdə bu işlərə nəzarət etmək lazımdır ki, vəsait şəffaf xərclənsin” – deyə millət vəkili Vahid Əhmədov bildirib.

Qənaətin nəticəsi olaraq sosial layihələrin icrası dayandırılmayacaq. Bunu prezident keçirdiyi müşavirədə əminliklə söyləyib. Həmçinin ölkə başçısı məmurlara vəsaitləri şişirdilmiş formada xərcləməmək ismarışı da verib.

Prezident İlham Əliyev qeyd edib ki, dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar: “İsrafçılığa yol verilməməlidir. Prioritet olmayan layihələrə əlbəttə ki, biz razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar”.

Prezident İlham Əliyev böhran ilində xarici investorların ölkəyə investisiya qoyulmasına cəlb edilməsini təklifini edib. O deyib ki, hazırda dünyada böhrandan əziyyət çəkən ölkələr var və iqtisadi qıtlığın hökm sürdüyü ölkələrə sahibkarlar investisiya qoymayacaq. Bu səbəbdən ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın hökm sürdüyü Azərbaycana xarici investisiyaları cəlb etmək daha asan olacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=319271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR