Almaniya şirkətləri Azərbaycana qeyri-neft sektorunun inkişafında kömək göstərə bilərlər

Almaniya şirkətləri Azərbaycana qeyri-neft sektorunun inkişafında kömək göstərə bilərlər.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Almaniya Kansleri Angela Merkellə birgə iş adamları ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli xanım Kansler, hörmətli qonaqlar, Sizi bir daha salamlayıram. Bu gün biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq, bir çox məsələlər, o cümlədən iqtisadi-ticarət sahəsindəki əməkdaşlıq müzakirə olundu. Bu gün biz iş adamlarının iştirakı ilə görüşümüzü davam etdiririk. Qeyd etməliyəm ki, Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq. Alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir. Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir”.

İlham Əliyev bildirib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir:

“Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər”.

Prezident qeyd edib ki, hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır: “Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaqdır. Beləliklə, Sizi bir daha salamlayıram və əminəm ki, səfərinizin son hissəsi də uğurlu keçəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR