Azərbaycanda 30 xalçaçılıq fabrikinin yaradılması nəzərdə tutulur

"Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq".

Metbuat.az xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” ASC-nin İsmayıllı filialının açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, ölkədə 30 xalçaçılıq fabrikinin yaradılması nəzərdə tutulur:

"Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun".

Prezident dövlətin bu sahəni daim dəstəklədiyini qeyd edib:

"Dövlət daim sizi dəstəkləyəcək. Bütün avadanlıqlar, bütün dəzgahlar, iplər - hamısı dövlət tərəfindən təmin olunur. Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq. Deməli, iplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır. Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir. Sizi ürəkdən təbrik edirəm".

Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR