“Türkiyə ilə ABŞ-ı ortaq maraqlar birləşdirir” – Politoloqdan AÇIQLAMA

Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasındakı gərginlik davam edir.

İki ölkə arasındakı gərginliklə bağlı Metbuat.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, hər iki lider arasında prinsipial savaşın getdiyinin şahidiyik: “Amma, Türkiyə ilə ABŞ-ı ortaq maraqlar birləşdirir. Sadəcə güclü Türkiyə, Yaxın Şərqdə ABŞ-İsrail ikilisinə sərf etmir. Ona görə də həm İrana, həm də Türkiyəyə qarşı eyni zamanda pressinqdən istifadə edilməyə başlandı”.

Politoloq deyir ki, vəziyyət təbii ki, müharibə mərhələsinə qədəm qoymayacaq: “Hesab edirəm ki, Ankara və Vaşinqton arasındakı münasibətlər normallaşacaq (ABŞ-da hər şey prezidentdən asılı deyil). Çox güman ki, bu, 2019-cu ildən tez baş tutmayacaq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və ABŞ-ın vitse-prezidenti Mayk Pens Brunsonun Türkiyədə həbsdən ev dustaqlığına buraxılan amerikalı rahib Endryü Bransonun tam azad olunmasını tələb edir.

İyulun 25-də İzmir 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə Endryü Branson haqqında həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. M. Pens ilə eyni kilsəyə etiqad edən yevangelist pastor Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatına üzv olmasa da, təşkilatın maraqları naminə cinayət törətməkdə ittiham edilir.

Pastorun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biridir. ABŞ rəhbərliyi – prezident D. Tramp və vitse-prezident M. Pens dəfələrlə Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. Senatorlar bu məsələ ilə əlaqədar bir neçə dəfə Türkiyəyə səfər ediblər.

ABŞ Konqresi həm Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.

M.Pens bir müddət öncə din xadiminin azad edilməyəcəyi təqdirdə, Türkiyəyə sanksiya tətbiq olunacağını bildirib: “Həbsxanadan buraxıldıqdan sonra rahib Bransonla telefon əlaqəsi saxladım. Həbsxanadan çıxsa da, bu din adamı ev dustağıdır. Tamamən sərbəst buraxılmasına və ABŞ-a geri dönməsinə nail olmaq üçün prezidentin və bütün rəhbərliyin çalışmağa davam edəcəyi barədə ona təminat verdim”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ABŞ-ın rahib Bransonun azadlığa buraxılması tələbinə növbəti dəfə rəddə cavabı verib. Ərdoğan ev dustaqlığına buraxılmış amerikalı rahib Bransonun tam azad edilməsi ilə bağlı ABŞ-ın tələblərini qəbuledilməz olduğunu deyib. O, bildirib ki, Türkiyədə heç bir dini yönümlü azlıqlara qarşı problem yoxdur: “ABŞ-ın bizimlə təhdid dilində danışmasına imkan verə bilmərik”.

Bundan dərhal sonra isə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert bildirib ki, Branson tam azadlığa buraxılıb, Amerikaya göndərilməzsə, o zaman Türkiyəyə sanksiya tətbiq olunacaq: "Prezident Tramp bu məsələdə çox ciddidir".

Belə bir gərgin anda isə Bransonun “ev dustqalığı və ölkədən çıxışa qadağa haqda məhkəmə qərarının ləğv edilməsi” üçün verdiyi apellyasiya şikayəti də İzmir məhkəməsi tərəfindən rədd edilib. Bu isə ABŞ və Türkiyə arasında gərginliyini daha da artırıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR