“Enerji təhlükəsizliyi Azərbaycan-Almaniya əməkdaşlığının prioritet istiqamətidir” - Politoloqdan AÇIQLAMA

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin Cənubi Qafqaz respublikalarına səfəri və onun yekunları haqqında müxtəlif rəylər, fikirlər, mülahizələr və proqnozlar səslənməkdədir. Bütün bu müxtəlifliyə baxmayaraq, bir məsələdə yekdil mövqe hakimdir. Bu səfərin əsas məzmunu və mahiyyətini müəyyən edən tərəf məhz Azərbaycandır. Əslində bu səfər Avropanın iqtisadi və siyasi lideri olan olkənin rəhbərinin Cənubi Qafqazin lideri olan dövlətə səfəri kimi dəyərlidir”.

Metbuat.az-ın məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkelin səfərini şərh edən millət vəkili, politoloq Elman Nəsirov deyib. Millət bildirib ki, təsadüfi deyil ki, prezident İlham Əliyev Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinə tarixi əhəmiyyətli hadisə kimi qiymət verib:

“Heç şübhəsiz, hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsindədir. Siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, humanitar əlaqələr ikitərəfli və çoxtərəfli, o cümlədən Avropa İttifaqı çərçivəsində münasibətlərin səviyyəsini müəyən edən mühüm məsələlərdir.

Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin müvafiq hüquqi bazasını formalaşdıran 70-ə yaxın sənəd imzalanıb. Azərbaycanın ticarət tərəfdaşları arasında Almaniya 5-ci yerdədir. Hazırda Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 555 milyon dollardan artıq investisiya qoyulub. Düzdür, hazırda iki dövlət arasında ticarət dövriyyəsinin səviyyəsi mövcud potensiala adekvat olmasa belə, (təxminən 894 milyon dollar), unutmaq olmaz ki. 2013-cü ildə bu göstərici hətta 3,1 milyard avroya gəlib çatmışdı. Bu indikator üzrə Azərbaycan MDB-də lider statusuna yüksəlmişdi.

Təkcə bu ilin 6 ayı ərzində Azərbaycanın Almaniyaya ixracı 42 milyon dollar, idxalı isə 384 milyon dollar təşkil edib. Deməli, ikitərəfli ticarət-iqtisadi blokdan olan məsələlərin həlli üçün geniş imkan və potensial var.

Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq prioritet məsələdir. Almaniya Avropa İttifaqının lokomotiv dövləti olaraq Azərbaycana yeni alternativ enerji mənbəyi kimi yanaşır. Bu da təsadfüfi deyildir. Əvvala, Almaniya enerji istehlakına görə dünyada 5-ci yerdədir. Bu sahədə asılılıq təxminən 60 % təşkil edir. Qaz üzrə bu göstərici 81%-sə, neft üzə maksimum həddədir. Təxminən 97%.

AES-lər Almaniyanın elektrik enerjisinə olan təlabatının təqribən 30-ni ödəyir. 2021-ci ildən isə AES-lərin xidmətindən imtina nəzərdə tutulur. Belə olan halda, Almaniyanın enerjidən asılılığı daha da artacaq. Hal-hazırda bu sahədə Rusiyadan 35-40%-lik asılılığı (ildə 55 milyard kub metr qaz) Norveç, Böyük Britaniya və Niderland hesabına kompensasiya etməyə çalışan Almaniyanın Cənub Qaz Dəhlizinə böyük marağının motiv və səbəbləri anlaşılandır. Bu kontekstdə özünün ildə təqribən 93 milyard kub metr qaz, lideri olduğu Avropa İttifaqı ölkələrinin isə ildə 500 milyard kub metrdən çox qaz sərf etdiyi reallığı da diqqətdən yayınmayan faktlardır. Elə bu səbəbdən də Almaniya kanslerinin Azərbaycana səfəri çərçivəsində Transxəzər layihəsi ətrafında da müzakirələrin aparılması təsadüfi sayılmamalıdır. Xəzərin hüquqi statusunu müəyyən edən Konvensiyanın da bu səfərdən bir qədər öncə imzalanması bu istiqamətdə müzakirələrin aktuallığını daha da artırmışdır. Söhbət ilk növbədə Türmənistan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxarılmasından gedir”.

Elman Nəsirov bildirib ki, hazırda Türkmənistan malik olduğu qaz xətlərindən ikisindən istifadə edə bilmir: “Söhbət Şimal (Rusiya) və Cənub (İran) istiqamətlərindən gedir. Rusiyaya qaz satışının 2019-cu ilədək reallaşdırlmayacağı məlum məsələdir. İrana gəldikdə isə qiymət məsələsində rəsmi Aşqabad və Tehran arasında anlaşılmazllıq davam etməkdədir. Hazırda Türkmənistan yalnız Şərq (Çin) marşrutu uzrə qaz ixracını həyata keçirir. Bu da ildə təxminən 55 milyard kub metr qaz deməkdir. Dünyanın qaz potensialəna görə (50 trilyon kub metr) 4-cü ölkəsi olan (Rusiya, İran və Qətərdən sonra) Çinin ildə təxminən 120 milyardan kub metrdən çox qaz ixracı potensialı var. Lakin o reallaşa bilmir. Bu səbəbdən Türkmənistan üçün üzunlugu 300 km-ə bərabər olan Transxəzər kəməri ilə özünün təxminən ildə 30 milyard kub metr qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına ixracı həyati əhəmiyyətli məsələyə çevrilə bilər”.

Millət vəkili bildirib ki, bu məsələdə Azərbaycan prezidenti İlham Əliyevin mövqeyi öz praqmatikliyi ilə seçilir: “Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq. Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır.”

Elman Nəsirov qeyd edib ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Angel Merkelin Azərbaycana səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, ölkəmizin enerji siyasəti ilk növbədə milli maraqların müdafiəsinə söykənir, 3-cü tərəfə qarşı yönəlməyib, tranzit və istehlakçı dövlətlərin maraqlarını nəzərə alır və elə bir şəraiti təmin edir ki, bütün tərəflər uduşlu vəziyyətdə olur: “Ən başlıcası, enerji siyasətin əlində alət olmur. Enerji sahəsində ugurlarımızın kökündə dayanan əsas amil də məhz elə bununla bağlıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR