Ramzan Kadırov üsyan etdi (VİDEO)

Ramzan Kadırov üsyan etdi (VİDEO)
00:21 13 Yanvar 2015
196 Digər
Ölkə mətbuatı
A- A+

Parisdə baş verən terror dalğası hələ də gündəmdədir. Almaniyaya səfər etmiş Türkiyə baş naziri Əhməd Davudoğlu kansler Angela Merkellə görüşdən sonra mətbuata açıqlamasında, ölkəsinə qarşı səslənən qərəzli fikirlərə cavab verib.

Almaniyanın Daxili Kəşfiyyat Xidmətinin başçısı bundan əvvəl Türkiyənin terorçuların “İŞİD”ə qoşulmaq üçün Türkiyə ərazisindən Suriyaya keçə bilməməsi üçün lazımınca tədbirlər görmədiyini ifadə etmişdi. Əhməd Davudoğlu çıxışında ölkəsinin terrorla zəif mübarizə aparması barədə iddiaları rədd edib. Davudoğlu diqqətə çatdırıb ki, Parisdə yəhudi marketinə qanlı hücuma görə axtarışda olan Hayat Bumediyən Türkiyə ərazisindən Suriyaya keçməzdən əvvəl İspaniyada olub. Madriddən əvvəl haralar getdiyi məlum deyil. İndi buna görə İspaniyanı və ya Türkiyəni ittiham etmək nə dərəcədə düzgündür? Davudoğlu həmçinin xüsusi olaraq qeyd edib ki, terrorun dini mənsubiyyəti olmur və onu İslamla əlaqələndirmək yolverilməzdir.

Ümumiyyətlə, Paris hadisələrinə qədər də Qərb dairələrinin İslama qarşı və İslam ölkələrinə qarşı birtərəfli münasibət nümayiş etdirmədiyi aydındı. Bu mənada Parisdə ötən gün baş tutan “Milyonların yürüşünə” müsəlman ölkələrinin liderlərinin etirazı başa düşüləndir.

ANS TV-nin məlumatına görə, dünyanın terrorizmə qarşı həmrəylik nümayişi hesab edilən iki milyon insanın qatıldığı Paris yürüşü Türkiyədə etirazlara səbəb olub. İstanbulda keçirilən aksiyada “bütün dünyada müsəlmanların qanı töküldüyü bir vaxtda belə bir yürüş nəyə lazımdır” şüarı səsləndirilib.

Fransanın “Sülh marşı” Çeçenistan başçısı Ramzan Kadırovun da gündəmində olub. Kadırov terrorla mübarizədə ikili standartları qınayıb: “Nə üçün prezidentlər, krallar və baş nazirlər bir dəfə də olsun yüz minlərlə afrikalının, suriyalının, misirlinin, liviyalının, yəmənlinin və ya iraqlının öldürülməsilə əlaqədar keçirilən etiraz aksiyalarına başçılıq etməyiblər? Qroznıda hökümət evi partladılanda, ümumxalq səsverməsilə seçilən Əhməd Hacı Kadırov və onun silahdaşları həlak olanda, onlar niyə susurdular?”, - deyə Çeçenistan başçısı soruşur.

Fransa olaylarında diqqət çəkən bu məqamı politoloqlar dünyanın ikili yanaşmasının növbəti təzahürü kimi izah edirlər. Hansı ki, bu yanaşma ilə Azərbaycan illərdir qarşı-qarşıyadı.

Politoloq Fikrət Sadıqov deyir ki, Azərbaycana qarşı bir neçə dəfə terror aktları törədilib: “Dağlıq Qarabağ məsələsi öz həllini tapmayıb. Azərbaycan torpaqları işğal altındadır. Ermənistanın nazı ilə oynayırlar. Və Azərbaycandakı qaçqınları taleyi ilə maraqlanmırlar. Bəs hardadı bu həmrəylik?”.

Dünya üzrə 2014-cü ildə terror qurbanlarının sayı 61 faiz artıb. İl ərzində yalnız İraqda terror 22000 insanın həyatına son qoyub. Dünya mediası demək olar ki, hər gün Parkistanda, Əfqanıstanda, Suriyada, İraqda, Nigeriyada müsəlmanlara qarşı təşkil edilən terror hadisələrindən xəbər verir.

Nigeriyada “Boko-Haram”, Suriya və İraqda “İŞİD” terrorçularının qətlə yetirdiyi insanların sayı 50 mindən çoxdur. Maraqlıdır ki, onların heç biri üçün bu cür dünya səviyyəli marş təşkil edilməyib.

“Azadlıq, qardaşlıq”, şüarı ilə keçirilən bu marşda nümayiş olunan həmrəylik əslində dünyanın bütün dinlərinin əsas xəttini təşkil edir. İslam dinində sənin kimi düşünməyənləri öldür deyilmədiyi kimi, başqaları üçün müqəddəs olanı təhqir etməyin icazəsi də İncildə verilməyib.

Hətta buna bəziləri Söz azadlığı donu geyindirmək istəsə belə. Analoji hadisələr göstərir ki, insanları təhqir edib qıcıqlandırmaq yalnız terrora yol açmır, həm də dinlərarası nifaq yaradır.

Fransada hər şeydən üstün tutulan söz azadlığı sərhədsiz olmamalıdır. Bakıdakı “Müqəddəs Məryəm” katolik kilsəsinin keşişi Vladimir ata bu fikirdədir. Artıq illərdir əhalisinin əksəriyyətinin müsəlman olduğu - azərbaycanlıların arasında yaşayan sinaqoq Ravin Şneor Seqal da Fransa olaylarını terror hadisələrindən daha çox siyasi oyun kimi analiz edir. Ravin deyir ki, məsələ dinlə əlaqəli olsa idi, biz Bakıda illərdir müsəlmanların arasında yaşaya bilməzdik.

Fransada baş verən terror hadisələrinə bütün dünya birliyinin nümayiş etdirdiyi həmrəylik olduqca müsbət haldır. Amma Parisdə terror qarşısında dövlətlərin birlik tablosunu söz azadlığı altında dini müqəddəsləri məsxərəyə qoyanlar yaratmamalı idi. Bu həmrəylik mesajı hələ illər əvvəl Bakıda metroya, şəhərlərarası sərnişin nəqliyyatına edilən hücumlar zamanı onlarla günahsız insan qətlə yetirilərkən verilməli idi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR