Qadın bədəni - ən ucuz məhsul

Qadın bədəni - ən ucuz məhsul
00:37 13 Yanvar 2015
504 Sosial
Ölkə mətbuatı
A- A+

Gerçək və ya rəvayət olmağı vacib deyil. Deyilənə görə, II Pyotrun bacısı qızı Anna İvanovna 10 yaşında olarkən ondan gecələməyə yer istəyən qarı tərəfindən lənətlənib. Qarı ona: “Bu gecə məni soyuq qışda tək qoydun. Ömrünün sonunadək tək qalasan” deyir. İş elə gətirir ki, Anna İvanovna sırf təsadüf nəticəsində hakimiyyətə gəlir. II Pyotr öldükdən sonra saraydakıların təhsilsiz qızı hakimiyyətə gətirməkdə məqsədləri onun təcrübəsizliyindən istifadə etmək idi.
 
17 yaşında dayısının tövsiyyəsi ilə qrafa ərə gedən qızcığazın əri ölür. 17 yaşında dul qalan Anna hakimiyyətə gələnədək dayısının tapşırığı ilə ər evində qalır. Bu müddətdə o, kişiləri əlcək kimi dəyişir. Çar sülaləsinin törəməsi olan bu qızcığaz qısa müddətdə həyatının acısını bədənindən çıxarması ilə ad qazanır. Anası ona məktub yazır ki, dayın Pyotr ərə getməyini istəyir, sənə layiqli namizəd tapıb. İmkan varsa, “fəaliyyətinə” qısa müddətlik ara ver. Anna məhəl qoymur. İş elə gətirir ki, dayısının qəfil ölümü onun hakimiyyətə gəlməsi ilə nəticələnir.
 
47 illik ömründə Annanın pulu, kişiləri, hakimiyyəti, saysız-hesabsız qulluqçuları, hər şeyi olur. Lakin bütün bunlar onun yeganə arzusu olan sadə qadın xoşbəxtliyini əvəzləyə bilmir. Annanın içində qalan ailə arzusu kinə, nifrətə, ailə dəyərlərinə qarşı üsyana çevrilir. Hakimiyyət isə ona bu nifrətini real işə çevirməkdə kömək edir. Anna onu əyləndirən təlxəklərin arasına saraydakı nümunəvi ər-arvadları qatır. Sağlam kişi və qadınları liliput təlxəklərlə evləndirib buzdan otaqlarda gecələməyə məcbur edir. Toy karvanının qarşısına donuz, keçi sürüsü qoşdurur. Anna İvanovnanın bədbəxtliyi günahsız insanların başında çatlayır. Onun əyləndiyi ailələrin çoxunun sonu ya intihar, ya da asılmaqla bitir. Hakimiyyətdəki ixtiyarı öz-özlüyündən başqalarının əlinə keçir.
 
Bir neçə gün əvvəl rəngli efirimizdə beş uşaq anası qadının rəngsaz kişiyə qoşulub qaçdığı xəbəri yayıldı. Bütün ölkə yığılıb qadını lənətlədi. Ən günahsızları, ən təmizləri əlinə daşın ən böyüyünü aldılar. Məlum oldu ki, ölkədə hamı süddən çıxma ağ qaşıqdır. Kişili-qadınlı heç kimin nənəsi, bacısı, xalası qızı qoşulub qaçmayıb.
 
Çox keçmir ki, qadının əslində heç kimlə qaçmadığı, əri tərəfindən döyüldüyünə görə başını götürüb qohumlarına sığındığı məlum olur. Beləliklə, xəbər sonda qəhrəmana çatır. Qadına televiziyalarda onun başqası ilə qaçdığı, əxlaqsız kimi qələmə verildiyi barədə proqramlar hazırlandığı deyilir. Ailə problemi həll olunan, evinə qayıdan qadın özü haqda yayılan xəbərləri eşidib intihar edir. Onu da deyim ki, qadın haqda televiziyalar qonşularının verdikləri axtarış xəbəri sayəsində xəbər tutub. Qanunvericiliyə görə isə, itkin düşmüş şəxsin axtarışı yalnız yaxın qohumların müraciəti ilə, polis bölmələri tərəfindən aparılır.
 
Hansısa qadının bərbər, rəngsaz, bağbanla qaçması bizə maraqlı olmamalıdır. Necə ki, rəis arvadının, nazir xanımının qoşulub qaçmağı, asta-asta getməyi bizim üçün müzakirə predmeti deyil və maraqsızdır. “Həyatdır, Təhminə, hər şey ola bilər”.
 
Saytlarda ardıcıl qadın əxlaqsızlığı, qadın namussuzluğu haqda yazılar tirajlanır. Özümü oxucu-“obıvatel” yerinə qoyanda bəzən mənə elə gəlir ki, sutkanın 16 saatını kompüter arxasında keçirən redaktorlar cinsi ehtiyaclarını bu xəbərləri yazmaqla ödəyirlər. Masturbator redaktor və aparıcıların sayəsində oxucu xəbər anlayışının yalnız qadının cinsi orqanı ilə bağlı məhsul olduğunu düşünməyə başlayıb. Xəbərlərin çoxunda isə əxlaqsızlıq edənin adı, yeri məlum deyil. Yerli televiziyalar təktərəfli şikayətlər əsasında hazırladıqları proqramlarda ailələrin mətbəxini yox, kanalizasiyasını göstərməyə iddia edir. Reytinq, oxunma sayı, biznes yalnız qadın və qadının cinsi orqanı ətrafında aparılır. “Cinsi orqan” ifadəsini işlətməyim isə təsadüfi deyil. Çünki bizim kimi geridə qalmış cəmiyyətlərdə yaltaqlıq, evyıxanlıq, işverənlik, rüşvət, şər-böhtan yox, qadının cinsi orqanına vəkillik etmək əxlaq, əksi isə əxlaqsızlıq deməkdir.
 
Ancaq mən getdikcə baş verənlərin, qadına qarşı nifrətin, qadının əxlaqsız, iyrənc məxluq olmağının təbliğinin arxasında reytinq, baxılma sayı yox, gizli heyf çıxmaq hikkəsi hiss edirəm. Hansısa qüvvə həyatındakı cinsi meşşanlıq, uşaqlığındakı seksual pozğunluğun heyfini yerli mətbuatın əli ilə Azərbaycan qadınından çıxmağa çalışır. Anasını uşaq vaxtı qapı deşiyindən başqa kişi ilə seyr edənlər indi başqalarının yataq otağının qapısını üzümüzə taybatay açıb adını "xəbər", "proqram" qoyurlar. Kişiləri balta, bıçaqla silahlandırıb qadınlarının üstünə göndərən həmin gizli qüvvənin məqsədi kişiləri bir az da silahdan, səngərdən uzaqlaşdırmaqdır.
 
Qadın yazıqlığı ilə deyim ki, getdikcə hərb sahəsinə sənəd vermək istəyən oğlan uşaqlarının sayı arvadına kişilənib bıçaq soxan, qulağını kəsən, baltalayan kişilərin sayından azdır.
 
Qadınlar intihar edir, öldürülür, təhqir edilir, nifrət obyektinə çevrilirlər. Ölən, ölümə təhrik edilən qadınlara görə isə heç kim məsuliyyət daşımır. Bütün baş verənlərin fonunda naməlum, bədbəxt Anna İvanovnanın qəhqəhəsi ucalır.
 
P.S. Bu yazıya qoyulan başlıqda qadın bədəni istismar edilir.

Günay Arda
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR