Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindən qarət etdikləri tarixi nümunələri satışa çıxarırlar - Hesabat

Ermənilər Azərbaycanın işğal altındakı ərazilərindən qarət etdikləri tarixi nümunələri Avropa və digər ölkələrdə satışa çıxarırlar.

Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırladığı “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsinin gedişi barədə hesabat”da deyilir.

Qeyd olunur ki, 1993-cü ildə Laçın rayonunun Tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sotheby Chr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb.

Bundan əlavə, 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi adı altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb.

Hesabatda bildirilir ki, 150 000-dən çox daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatları və rəsm əsərləri ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisindən çıxarılıb, onların bir qismi dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilib, bir qismi isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlanılır.

Ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində 63 məscidi tamamilə dağıdıb, 4 məscidi isə sökərək tanınmaz hala salıblar. Tarixi əhəmiyyətli 71 türbə, 150 qəbiristanlıq tamamilə, 250 qəbiristanlıq isə qismən dağıdılıb. 1500-dən çox memarlıq abidəsi yad təsirlərdən uçulmaq təhlükəsi qarşısında qalıb. 50 daşınmaz tarix və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib.

Həmçinin hesabatda deyilir ki, 200-dən çox arxeoloji abidələr üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qeyri-qanuni arxeoloji qazıntı işləri aparılıb.

Azərbaycanın işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa-Füzuli yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində isə 1 yeni erməni kilsəsi inşa edilib.

1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonunun Mığıdərə kəndinin cənub-qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanılır.

Ümumilikdə 1510 mədəniyyət müəssisəsi, o cümlədən 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidəsi, 23 muzey, 102 757 muzey eksponatıı, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, vətəndaşların şəxsi kolleksiyalarında saxlanılan 50 000 ədəddən çox tarixi əhəmiyyətli ov və məişət əşyası (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri Ermənistanın silahlı təcavüzü nəticəsində dağıdılıb, məhv edilib və ya mənimsənilib.

Ermənistan hökumətinin bu fəaliyyəti 1954-cü il Haaqa Konvensiyasına, 1999-cu ildə qəbul edilmiş İkinci Protokolunun 9-cu bəndinə ziddir.

Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara əsasən yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan Azərbaycanın daşınan mədəni dəyərlərin Ermənistan hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR