"Abituriyentlik dönəmində yaxşı oxumaqdansa, tələbəlik illərində oxumaq daha vacibdir" - Yüksək bal toplayan tələbə - FOTOLAR

Hər bir valideyn övladı dünyaya gələn gündən onun sağlam böyüməsi və uğurlar qazanması arzusunda olur. Əgər övlad təhsili ilə, uğuru ilə seçilirsə, demək valideyn çəkdiyi əziyyətin az da olsa, qarşılığını almış olmur. Müsahibimiz Murad da uğurları ilə valideynlərini və müəllimlərini qürurlandıran şagird olmağı bacarıb.

Metbuat.az-da bu dəfə müsahibimiz qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəbə qəbul olunan Murad Lətifovdur. Murad eyni zamanda coğrafiya üzrə fənn olimpiadasının gümüş mükafatçısı və Təhsil Nazirliyinin qızıl medala layiq gördüyü şagirdlərdən biridir.

- Murad, istəyərdik özün haqqında məlumat verəsən

- 2001-ci il 5 iyulda Şəkidən anadan olmuşam. 2007-ci ildə Bakıda Xətai rayonu, Əhmədli qəsəbəsindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin birinci sinfinə daxil olmuşam. Bu il isə həmin məktəb-liseyin XI sinfini bitirdim, II qrupa hazırlaşırdım.. Daha sonra respublika fənn olimpiadalarında Coğrafiya medalı üzrə gümüş medal qazandım. Bundan əlavə, bu il Təhsil Nazirliyinin layiq gördüyü qızıl medal alan şagirdlər arasında mən də varam. Bu il yazda, ilk qəbul imtahanında 648 bal topladım. Bakı Mühəndislik Universitetində maliyyə ixtisası üzrə oxuyacam.

Murad deyir ki, valideyn qrup seçimini uşağın özünə buraxmalıdır, elə onun valideynləri kimi...

- Qrup və ixtisas seçimini valideynlərim özümə buraxmışdı ki, hansı sahəni sevirsənsə, onu seç. Mən də ixtisasları araşdırdım, hansı qrup özümə, xarakterimə daha uyğun, daha maraqlı gəlirsə, gələcəkdə o sahədə işləməyə həvəsim olacaqsa, onu seçdim. Maliyyə sahəsi, məncə xarakterimə tam uyğun gələn sahədir. Qrup seçiminə gəldikdə isə, uşaqlıqdan iqtisadiyyat sahəsinə marağım olduğu üçün II qrupu digər qruplardan üstün tutmuşam. Tam istədiyim ixtisasa seçildim. İxtisas seçimində ilk yerdə məhz Bakı Mühəndislik Universitetinin Maliyyə ixtisasını yazmışdım, ora da qəbul olundum.

Uğur qazanmaq üçün ilk növbədə marağın olan qrupu seçmılisən. Çünki qrupunu düzgün seçməsən, artıq zəncir orada qırılır. Daha sonra şagird hazırlaşdığı müəllimlərini də düzgün seçməlidir və valideynlər də uşaqlarının yaxşı oxuya bilməsi üçün əlverişli şərait yaratmalıdır. Valideyn-uşaq-müəllim, bunlar birlikdə çalışmağı bacarmalıdır. Birgə əmək sayəsində həmin şagirdin uğuru yüksək ola bilər. X sinifdə oxuyandan Dərsim Tədris Mərkəzində hazırlaşmağa başladım, bazam formalaşmağa başladı. XI sinifdə oxuyanda hazırlıqda oxuduqlarımızı təkrarladıq deyə yığdığım bazanı daha da artırdım və özümü təkmilləşdirdim. Həm öz kursumuzda keçirilən, həm də digər sınaq imtahanlarında iştirak edirdim. Sınaq imtahanlarında 500-600 arası bal toplayırdım. Bu isə məni qane etmirdi, 600 balı keçə bilmirdim. Amma ilk dəfə Dövlət İmtahan Mərkəzinin sınaq imtahanında 600 balı keçdim və özümə inamım artdı. Sınaq imtahanında 600-dən çox bal topladığım üçün özümə inamım daha da artdı və ilk dəfə yazda keçirilən qəbul imtahanında 648 bal topladım. Bu, gözləmədiyim bal idi, ancaq bacardım. Düşünürdüm ki, maksimum 600-610 bal toplayaram. Valideynlərim də çox sevindilər uğuruma. Əslində mən bu nəticəni birinci yox, ikinci imtahanda gözləyirdim. Çünki əvvəl qəbul imtahanında iştirak etməmişdim, təcrübəm yox idi, düşünürdüm çox həyəcanlanacam. Ancaq ikinci imtahanda həyəcanım daha çox oldu və ilk imtahandakından bir az az bal topladım. İlk imtahana gedəndə düşünürdüm biri də var, amma ikincidə bilirdim ki, bu sonuncu imtahandır və həyəcanım daha da çox oldu. Həm də ikinci imtahan mənə birincidən də çətin gəldi. Hər bir abituriyent imtahana gedəndə bütün sualların cavabını yazmağa çalışır. İmtahanda tarix və ingilis dilindən maksimum bal toplamışdım, yəni hər iki fənndən 25 sualın hamısını düzgün cavablandırmışdım.

Coğrafiya olimpiadasında qızıl medal qazanmaq üçün Muradın cəmi 2 balı çatmayıb...

- XI sinfin əvvəlində məktəbdə olimpiadalarda iştirak edən şagirdlər seçilirdi. Mən isə coğrafiya fənni üzrə yazıldım. Əvvəlcə noyabrda rayonlar üzrə mərhələ başladı. Rayonlar bitdikdən sonra respublika üzrə yarımfinal turu oldu. Yarımfinal turunda 25 sualdan 24-nə düzgün cavab yazaraq final turuna keçdim. Final turu test üsulu ilə deyildi, açıq suallarla keçirildi və ağır mərhələ idi. Final turunda maksimum 50 bal idi, mən 39 bal toplayaraq gümüş medala layiq görüldüm. Qızıl medalı qazanmağım üçün sadəcə 2 balım çatmadı, 41 bal toplasaydım, qızıl medal qazanacaqdım.

Təhsil Nazirliyinin layiq gördüyü qızıl medal qazanan şagirdlərdən də biri oldum. Qayda belə idi ki, əgər XI sinifdə bütün fənnlərdən əla qiymət almısansa və olimpiadalarda medal qazanmısansa, qızıl medala layiq görülmək şansın çox olur. Məndə də hər ikisi uyğun gəldiyi üçün müraciət etdik və Təhsil Nazirliyi müraciətimizi qəbul edərək məni də qızıl medala layiq gördü.

- Bəzən abituriyentlər yüksək balla universitetə qəbul olunsa da, tələbəlik illərində o qədər də yaxşı oxumur, sən necə düşünürsən?

- Fikrimcə, abituriyentlik dönəmində yaxşı oxumaqdansa, tələbəlik illərində oxumaq daha vacibdir. Çünki artıq burada hansısa fənni yox, məhz ixtisasın üzrə oxuyursan. Ona görə də çalışmaq lazımdır ki, ixtisasın üzrə mükəmməl oxuyasan ki, gələcəkdə iş imkanların və özünü ifadə eləmək imkanın daha çox olsun. Buna görə də, düşünürəm ki, universitet illərində yaxşı oxumaq çox vacibdir.

- Murad, təhsilinlə bağlı gələcək planların nələrdir?

- Tədrisim ingilis dilində olduğu üçün çalışacam ki, universitet illərində təhsilimi xaricdə davam etdirim və oradakı proqramlara yönəlim. Gələcəkdə təhsilimi xaricdə bitirib Azərbaycanda çalışmağı planlaşdırıram. Maliyyə sahəsində uğur qazanmağa çalışacam.

- Yəqin ki, bütün gününü dərs oxumaqla keçirə bilməzdin. Bəs, boş vaxtlarında nə işlə məşğul olurdun?

- Elə uşaqlar var ki, universitetə hazırlaşanda gecə-gündüz dərs oxuyurlar, əslində bu mümkün deyil. Çünki bu, beyni həddindən artıq yorur və imtahana yorğun beyinlə gedirsən. Ona görə mütləq asudə zaman üçün də vaxt ayırmalısan, bir az hobbin olmalıdır. Mən boş vaxtlarımda daha çox musiqiyə qulaq asırdım, futbola çox böyük həvəsim var, oynamağa zamanım olmasa da, futbol izləyirdim, dostlarımla görüşürdüm.

- Bəs, bədii kitab oxumağa necə, zaman ayıra bilirdin?

- Təəssüf ki, bədii kitab oxumağa yetəri qədər zaman ayıra bilmirdim. Artıq universitetə başlayıram, düşünürəm ki, zamanım bir az daha çox olacaq. Ona görə də, bundan sonra bədii kitab oxumağa daha çox zaman ayırmaq fikrindəyəm. Psixoloji, motivasiyaedici, insanın formalaşmağına kömək ola biləcək kitabları daha çox sevirəm.

Muradın imtahanda bütün suallara cavab verdiyi tarix fənni üzrə müəllimi Ruslan İsgəndərovdur. Ruslan İsgəndərov eyni zamanda Muradın hazırlıq zamanı təhsil aldığı Dərsim Tədris Mərkəzinin də direktorudur

- Tədris Mərkəzimiz 2 il öncə fəalliyətə başlayıb. Bütün fənn qrupları üzrə fəaliyyət göstərir, həmçinin müəllimlərin işə qəbulu, magistraturanın hər iki mərhələsi üzrə hazırlıq kursları da var. Əsas profilimiz abituriyent hazırlığıdır və məqsədimiz Azərbaycan təhsilinə töhfələr verməkdir. Murad kimi layiqli şagirdlər yetişdirmək ən böyük istəyimizdir. Ola bilsin elə uşaqlar olur ki, oxumaqda daha zəifdilər. İstəyimiz odur ki, onlar təhsildən uzaq qalmasınlar və onlarda da təhsilə, oxumağa maraq yaradaq. Murad X sinifdə oxuyanda atası bizim Təhsil Mərkəzinə müraciət etdi. Mən kursda Muradın tarix müəllimi olmuşam və elə ilk dərsdən bildim ki, Murad sıradan uşaq deyil və ən azı 600-dən yüksək bal toplamalıdır. Sağ olsun ki, Murad da bizim etimadımızı doğrultdu. Bir ildə 3 nailiyyət qazanmaq hər uşağa qismət olmur. Burada təbii ki, şagirdlə yanaşı müəllimlərin də rolu böyükdür, əvvəl orta məktəb, daha sonra isə Dərsim Tədris Mərkəzinin müəllimlərinin böyük əməyi var.

Tədris Mərkəzimizə 8 peşəkar müəllim cəlb etmişik. Bu müəllimlər Kurrikulum tədris sertifikatını alan və Bakıda kifayət qədər tanınan müəllimlərdir. Ona görə sevinirəm ki, Azərbaycan təhsilinə az da olsa, öz töhfəmizi verə bilmişik. Sentyabrın 7-də Dərsim Tədris Mərkəzi 2018-2019-cu il üçün tədris ilinə başlayır. Kursumuz başlanğıc olaraq bütün fənn blokları üzrə şagirdlərə təsbid imtahanı keçirir. Burada hər bir şagird topladığı baldan asılı olaraq, kursumuzdan güzəşt qazana bilər. Necə ki, Murad X sinifdə oxuya-oxuya həmin imtahanda iştirak etdi və XI sinifdə bizim ödənişsiz təhsil paketinə düşə bildi. Başqa şagirdlər də Murad kimi bu şansı qazana bilər. Təkcə 100 faizlik ödənişsiz şansları deyil, eyni zamanda topladığı baldan asılı olaraq, 25, 50, 75%-lik güzəşt paketlərimiz də var.

Murada uğurlar arzu edirik. Təhsil Mərkəzimizdə Muraddan əvvəl də 660-670 bal toplayan şagirdlərimiz olub. Onların heç birilə əlaqəni kəsmirik. Muradla ötən il birgə hazırlaşan şagird var idi, Ayxan Abdullayev. İndi o, hazırda Amerikadadır. Onların heç birilə əlaqəni kəsmirik, hər biri ailəmizin üzvü sayılır. Yəqin ki, Muradla da əlaqələrimiz daimi olacaq və bundan sonrakı illərdə hazırlaşan şagirdlərimizə öz uğurundan danışacaq. Necə ki, əvvəlki illərin şagirdləri də Murada eyni motivasiyanı vermişdi.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR