Play Store

Azərbaycanın hakim partiyasının təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı müzakirələr aparıldı (FOTO)

Azərbaycanın hakim partiyasının təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı müzakirələr aparıldı (FOTO)
13:08 23 Aprel 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, millət vəkilləri, Azərbaycandan və Türkiyədən olan ziyalılar, fəal gənclər və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan M.Qurbanlı bildirib ki, emənilər tarixdən ibrət götürmürlər: "Ümummilli Lider Heydər Əliyevin verdiyi fərmana əsasən ölkəmizdə erməni yalanları ilə əlaqədar mütəmadi tədbirlər keçirilir. Ermənilərin uydurduğu yalanların faş olunması üçün həm Türkiyə, həm də Azərbaycan tərəfindən xeyli iş görülüb. Lakin ermənilər tarixi təhrif edərək həqiqəti qəbul etmək istəmirlər. Biz bu konfransda bu mövzular ətrafında geniş müzakirələr aparacağıq".

Tədbirdə çıxış edən S.Novruzov isə belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu tədbirlər yalnız silsilə xarakter daşımalıdır. S.Novruzov diaspor təşkilatlarının da bu istiqamətdə daha fəal iş aparmasının əhəmiyyətindən danışıb. O bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin seçkili orqanlarının fəaliyyətində daha fəal iştirak etməli, reallıqları onların diqqətinə çatdırmalıdırlar.

Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri B.Muradova isə ermənilərin qondarma "soyqırımı" tanıtdırmaq istiqamətində apardığı işin qarşısını almaq üçün səylərin gücləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bir sıra Avropa dövlələri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edə bilmir və bunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar: "Ermənilər qondarma "soyqırımın" tanıdılması istiqamətində fəal iş aparırlar. Bizim sakit dayanmağa haqqımız yoxdur. Biz heç də arxayınlaşmamalıyıq ki, bu tanıdılma heç də hüquqi nəticələrə gətirib çıxarmayacaq. Bir gün bu da baş verə bilər. Biz buna hazır olmalıyıq. Düzdür, bununla Türkiyəni çökdürmək olmaz, amma biz birgə və daha güclü mübarizəmizi davam etdirməliyik."

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İ.A.Coşqun isə qeyd edib ki, Avropa dövlətləri tarixi siyasi alət kimi istifadə etməyə çalışırlar. O bildirib ki, 24 aprel Türkiyəyə qarşı bir qarayaxma günüdür. Səfir vurğulayıb ki, Avropa Parlamentinin və Avstriya Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarı türk dünyasına meydan oxumaq kimi başa düşülə bilər:

"Əgər 1915-ci ildə baş verən hadisələri incələmək istəyiriksə, ermənilərin iddialarının nə dərəcədə real olduğunu bilmək istəyiriksə, daha dərinə getməliyik, tarixi araşdırmalıyıq. Lakin biz görürük onların məqsədi bu deyil, onlar tarixi siyasi yolda alət edirlər. Ümid edirik ki, tarixi siyasi alətə çevirmək cəhdləri baş tutmayacaq ".

Səfir həmçinin bildirib ki, Dağlıq Qarabağda və Xocalıda baş verən hadisələrin də araşdırılması və bundan da nəticə çıxarılması vacibdir.

Tədbirdə çıxış edən digər iştirakçılar da erməni yalanlarından danışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2387177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR