“Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq yüksək qiymətləndirilib

14:08 23 Aprel 2015
35 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, Səxavət Quliyev, AZƏRTAC
Aprelin 23-də “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıqla bağlı inteqrasiya qrupunun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində təşkil olunan tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin sonunadək bütün idman obyektlərinin istifadəyə veriləcəyini bildirib.
Nazir Avropanın paytaxt şəhərlərində yüksək səviyyədə təşkil olunan “Bakı-2015”in təqdimat mərasimlərinə göstərilən böyük marağın məmnunluq doğurduğunu qeyd edib. Azad Rəhimov diqqətə çatdırıb ki, yaxın günlərdə daha iki televiziya qurumu ilə tərəfdaşlıq sazişi imzalanacaq. Onlardan biri Böyük Britaniya, digəri isə Latın Amerikasında yayım təşkil edən şirkətdir. Könüllülərlə bağlı işlərimiz tam qaydasındadır və ilk Avropa Oyunlarının açılış mərasimində 6 min “alovqoruyan”ın iştirakı nəzərdə tutulub.
Yerli və xarici mediada ilk Avropa Oyunları ilə bağlı videoçarxların nümayiş olunduğunu bildirən nazir test yarışlarının yüksək səviyyədə təşkili haqda iştirakçılara məlumat verib.
“Bakı-2015”in əməliyyatlar üzrə baş direktorunun müavini Mike Loynd hazırlıq prosesində göstərdikləri dəstəyə görə dövlət qurumlarına təşəkkürünü bildirib. M.Loynd qeyd edib ki, artıq idman obyektlərinə buraxılmayacaq əşyaların siyahısı hazırlanıb. Qadağan olunan əşyaların siyahısının biletlərdə qeyd edilməsi nəzərdə tutulur. İdman obyektlərinə buraxılmayacaq əşyalar üçün isə xüsusi saxlama məntəqələri quraşdırılıb. Həmçinin tamaşaçı təlimat kitabçaları da hazırlanıb.
“Bakı-2015”in mərasimlər üzrə direktoru Katerina Uqvu məşəl proqramı haqqında məlumat verib. Oyunların məşəlinin aprelin 26-da “Atəşgah” məbədində keçiriləcək mərasimlə alovlandırılacağını deyən K.Uqvu alovun 48 gün ərzində 5,5 min kilometr məsafə qət edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, 66 santimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015”in brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan nar formasındakı mis başlığın 50 çəyirdəyi Avropa Oyunlarda iştirak edən ölkələrin sayını göstərir.
“Bakı-2015”in nəqliyyat departamentinin rəhbəri Panos Protopsaltis isə ilk Avropa Oyunlarına görə xüsusi nişanların hazırlandığını vurğulayıb.
İnteqrasiya qrupunun iclası müzakirələrlə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_ilk_Avropa_Oyunlarina_hazirliq_yuksek_qiymetlendirilib-849006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR