Nazir: Azərbaycanda işçi qüvvəsinin 48,6 faizi qadınlardır

Astana şəhərində (Qazaxıstan) “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda regional konfrans keçirilir. Nüfuzlu siyasətçilərin, beynəlxalq təşkilatların regional rəhbərlərinin və qadın hüquqları müdafiəçilərinin iştirak etdiyi konfransda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, tədbirdə çıxış edən S.Babayev gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycanda aparılan fəal dövlət siyasəti barədə məlumat verib. Nazir hələ 1918-ci ildə, bu il 100 illiyi qeyd edilən, İslam dünyasında ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhüriyyəti dövründə qadınlara seçki hüququ verildiyini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, bütün sahələrdə gender bərabərliyinin təmin olunması ilə bağlı əsas beynəlxalq sənədləri ratifikasiya edən Azərbaycanda qadınlar əhalinin 50,1 faizini təşkil edir: "Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47-si, işçi qüvvəsinin 48,6%-i, məşğul əhalinin 48,1%-i, elmi işçilərin 53,6%-i faizi qadınlardır. Seçkili, idarəetmə və məhkəmə orqanlarında qadınlar layiqincə təmsil olunurlar".

Nazir vurğulayıb ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, nəticədə bir milyondan çox qaçqın və məcburi köçkünün olması ümumən regionda sosial inkişafa, habelə qadınların sosial hüquqlarının tam təmin olunmasına ciddi maneə yaradır.

S.Babayev əfqan qadınlarının insan hüquqlarının müdafiəsi, sağlamlıq və təhlükəsizlik, habelə iqtisadi hüquqlarının təmin olunması ilə bağlı BMT-nin təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini deyib. Nazir iqtisadi islahatlarda gender aspektinin nəzərə alınması, qadınların məşğulluq problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Əfqanıstan hökuməti ilə əməkdaşlığın mümkünlüyünü və bunun əhəmiyyətli olacağını diqqətə çatdırıb. O, xüsusilə özünüməşğulluq proqramının icrası sahəsində ölkəmizin təcrübəsinin Əfqanıstanla bölüşülməsinin və bu sahədə lazımi metodiki dəstəyin verilməsinin mümkünlüyünü qeyd edib. S.Babayev bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzi əfqan qadınlarının məşğulluq potensialı yüksək olan sahələr üzrə müvafiq bilik və bacarıqlara yiyələnməsi işlərində də yaxşı imkanlar yarada biləcək. Nazir Azərbaycan və Əfqanıstan arasında yaradılacaq hökumətlərarası birgə işçi qrupun fəaliyyət gündəliyində digər məsələlərlə yanaşı, qadınların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əməkdaşlığın da olmasını təklif edib.

Daha unikal bilik və bacarıqlar sayəsində qlobal problemləri həll etmək məqsədilə Azərbaycanın "İnsan kapitalını inkişaf etdirməklə daha yaxşı gələcək qurmaq" mövzusunda “Expo 2025”-ə ev sahibliyi etmək təşəbbüsünü irəli sürdüyünü vurğulayan S.Babayev konfrans iştirakçılarını Azərbaycanı bu təşəbbüsdə dəstəkləməyə dəvət edib.

Konfransın gündəliyinə Əfqanıstanın inkişafında qadınların rolu, onların təhsil səviyyəsinin yüksəldilməsi, əmək bazarında fəal iştirakının təmin olunması vasitəsilə ölkənin sosial-iqtisadi sahəsində hüquq və imkanlarının genişləndirilməsinə dair müzakirələr və qeyd olunan sahələrdə konkret tövsiyələrin və layihə təkliflərinin hazırlanması daxildir.

Azərbaycan ABŞ-a nota verib - XİN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR