Zaur Əzizov: "Qərarda ikili standartlara yol verilməsin" - Müsahibə

Zaur Əzizov: "Qərarda ikili standartlara yol verilməsin"   - Müsahibə
14:17 23 Aprel 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” Avropa Liqasına vəsiqə qazanmaq yolunda inamla addımlayır. Klub rəhbərliyinin baş məşqçi Roman Qriqorçukun işindən razı olduğu heç kimdə şübhə doğurmur. Onları narahat edən məsələ AFFA İntizam Komitəsinin obyektiv qərar qəbul etməməsidi. Komandanın buna görə ötən gün bəyanat yayması da təsadüfü deyildi. Həmin bəyanatda elitanın 30-cü turu çərçivəsində paytaxtda baş tutan “Neftçi” ilə oyunda flaqmanın futbolçusu Denis Silvanın “Qəbələ”nin üzvü Urfan Abbasova bilərəkdən zərbə endirməsinə İK-nin biganə qalması əks olunub. 

Görəsən, müzakirə mövzusu “Neftçi”nin futbolçularının etdiyi intizamsızlıqlar olanda, İntizam Komitəsinin susması təsadüfdü? Futbolinfo.az saytına müsahibə verən “Qəbələ”nin baş meneceri Zaur Əzizov bu məsələyə aydınlıq gətirməklə yanaşı, komandanın çıxışı ilə bağlı sualları da cavablandırıb:


 - “Qəbələ” 7 oyundu ki, qələbələri sıralayır. Bunun nəticəsində Avropa Liqasına vəsiqə qazanmağa çox yaxınsız. Nəzərə alaq ki, sizin üçün təhlükə sayıla biləcək “Simurq” da ölkə kubokuna “əlvida” dedi. Prosesin sizin xeyrinizə dəyişəcəyini gözləyirdiz?


- Biz hər dəfə növbəti matç haqda fikiləşirik. Futbolun içində olan birdəfəlik 5 və ya 7 oyun qələbə qazanmaq haqda fikirləşmir. Hər matça qələbə əzmi ilə çıxanda və meydanı üç xalla tərk edəndə seriya da öz-özünə gəlir. Bunun nəticəsində sözsüz ki, avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bizim üçün əsas olan komandanın uğurlu çıxışını davam etdirməsidi. Bu, olacağı halda nəticə qazanacağımızı da bilirik. 


 - Qəbələ səfər matçlarında iddialı komandaları – “Qarabağ”, “İnter” və “Neftçi”ni məğlub etməyi bacardı. Son turlada da komanda baxımlı oyunu ilə yadda qalır. Sözsüz ki, bu işdə klubun baş məşqçisi Roman Qriqorçukun əməyi danılmazdı. Düşünmək olarmı ki, “Qəbələ” rəhbərliyi ukraynalı çalışdırıcıya etimad göstərməklə ən doğru seçimlərindən birini edib?


 - Ümid edirik. Qriqorçukun intizamına, məşqçilik səviyyəsinə heç bir şübhəmiz yoxdu. Yadınızdadısa, mövsümün əvvəlində də onu komandaya gətirmək üçün çox çalışmışdıq. Amma həmin vaxt alınmamışdı. Hər hansı uğursuz çıxış olsa belə, ukraynalı çalışdırıcı ilə bağlı mənfi fikirdə olmayacaqdıq. Onun buna qədər qazandığı nəticələr göz qabağındadı. Ümid edirik ki, klubumuz öz məşqçisini tapıb. Çox nadir məşçqilər ola bilər ki, getdiyi yerdə uğur qazansın. Qriqorçuk isə çalışdığı hər yerdə uğur qazanıb. İnanırıq ki, bu, “Qəbələ”də də davam edəcək.


 - İlk günlərdə Qriqorçuk və onun gətirdiyi futbolçular özlərini yaxşı tərəfdən göstərə bilmirdi. Buna görə də kluba qarşı tənqidlərin ardı-arası kəsilmirdi. Bundan sonra necə olacaq, qış transfer dönəmində heyətə cəlb olunan futbolçularla yola davam ediləcək? 


- Transferlərlə bağlı baş məşqçi ilə mütəmadi olaraq danışıq. Komandanın növbəti mövsümdəki planlarından söhbət edirik. Sözsüz ki, artıq prosesi sürətləndirəcəyik. Çalışacağıq ki, növbəti mövsümün ilk gününə kimi komanda tam hazır olsun. Transfer məsələlərini həmin vaxta kimi yekunlaşdırmaq istəyirik. Qələbə qazanmağımıza baxmayaraq, məşqçinin narazı qaldığı məqamlar var. Hazırda komanda oyunu nümayiş etdiririk. İndidən deyə bilmərik ki, bir neçə oyun udmaqla transferə ehtiyac olmayacaq. Nəticədən asılı olmayaraq, müzakirə aparırıq. Düzdü, transfer dönəmində səhvsiz klub olmur. Ancaq çalışacağıq ki, transfer məsələsində buraxılan səhvlər növbəti mövsümdə minimuma endirək.


 - Düşünmək olarmı ki, “Qəbələ” Avroliqa hazırlıqlarına indidən başlayıb? 


- Mən Avroliqa deməzdim, növbəti mövsümün hazırlıqlarına fevral ayının sonundan başlamışıq. 


 - Bir qədər ehtiyyatlı danışmağa səbəb nədi? Nəzərə alaq ki, “Simurq”la “Qəbələ” arasında 8 xallıq fərq var…


 - Qarşıda 5 tur var. Nəzərə alaq ki, mövsüm ərzində topladığımız xalların yarısını son 7 oyunda dəyişmişik. Son 7 oyunda komandanın taleyi birdən-birə dəyişə bilirsə, deməli, ehtiyyatlı danışmaq lazımdı. 


- 3-cü pilləyə nə qədər iddialısız? 


- Biz hələ ki, növbəti oyunda qələbə qazanmağa iddialıyıq.


 - Ötən gün “Qəbələ” sərt bəyanatla çıxış edib. Epizodda da görünür ki, “Neftçi”nin futbolçusu Deniz Silva “Qəbələ”li Urfan Abbasova zərbə endirib. Maraqlıdı ki, klubun vitse-prezidenti Fariz Nəcəfov da bundan əvvəl müsahibəsində İntizam Komitəsinin obyektiv qərar verməyə səsləmişdi. Daha sonra bu məsələlər Klublar Komitəsinin iclasında da müzakirə olundu. İclasa hətta İK-nin üzvləri də dəvət olunmuşdu. Düşünmürsüz ki, artıq belə məsələləri KK-nin iclasına çıxarmağın heç bir mənası yoxdu?


 - Klublar Komitəsində komandaların xeyirinə olan bir sıra məqamlar var. Orada müzakirə olunan məsələlər klubların istəyinə görədi. Ən azından İK-nin üzvləri gəldi, onların fikirlərinə qulaq asıldı. Ümumiyyətlə, heç vaxt meydandankənar məsələlərlə gündəmə gəlmək istəməmişik. Açığı, dünənki bəyanat da məcburiyyətdən irəli gəldi. Bu qurumun nümayəndələri ilə mütəmadi olaraq müzakirələr edirik. İntizam Komitəsinin “belə qərar vermişik və düzgün qərardı” deməsi, bir az məsələnin xoşagəlməyən tərəfidi. Hər kəs səhv edə bilər. Amma səhvin üzərinə dönə-dənə “burda heç bir problem yoxdu” demək xoşagəlməzdi.


 - Sizcə, müzakirə mövsüzü “Neftçi”nin futbolçularının etdiyi intizamsızlıqlar olanda, İntizam Komitəsinin səhv qərar qəbul etməsi təsadüfdən irəli gəlir? 


- Biz bəynatda da qeyd etmişik ki, bu, hər hansı bir kluba, futbolçuya qarşı qaldırılmış məsələ deyil. Bütün klublara eyni münasibət bəslənilməlidi. Biz bir neçə klubdan iddialı və ya zəif ola bilərik. Bu, ona imkan verməməlidi ki, bizə olan münasibətdə hansısa komandanın haqqı tapdalansın. Biz bunu da istəmirik. Sadəcə, istəyirik ki, qərarda ikili standartlara yol verilməsin. Elə oyunlar var ki, ümumiyyətlə, mətbuatın gündəminə gəlməyib. Amma həmin matçda hakimin oyunun nəticəsinə təsir edən səhvinə görə məğlub olmuşuq. Amma bunu qabartmamışıq. 


 - Peşəkar Futbol Liqası ölkə kubokunun final matçının Qəbələdə keçirəcəyini açıqladı. Buna hazırsızmı? 


- Biz hazırıq. Bununla bağlı “Qəbələ”nin də fikri öyrənilib. Biz də müsbət cavabladıq. Qəbələ şəhəri də, stadionu da finalı qarşılaşmasını keçirməyə hazır olacaq. Final oyunu PFL-in məhsuludu. Biz həmin gün Qəbələdə qonaq olacağıq. 


 EMİN SƏFƏROV


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zaur-zizov-quotqrarda-ikili-standartlara-yol-verilmsinquot-t40193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR