Play Store

Arif Əsədov: Hüseynovla Qurbanovdan sonra 3-cü

Arif Əsədov: Hüseynovla Qurbanovdan sonra 3-cü
13:22 23 Aprel 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunları final matçında üz-üzə gələcək komandaların adlarına aydınlıq gətirib. Fəxri mükafat uğrunda qarşılaşmada Ağdamın “Qarabağ” və Bakının “Neftçi” klubları görüşəcək. “Qarabağ” səfərdə “Simurq”la qolsuz heç-heçə etsə də, ilk oyundakı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. “Neftçi” səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzsa da, ilk matçdakı 2:0 hesablı qələbə hesabına mərhələ adlayıb.


Ardıcıl “4”lə gələn “9”


Son 3 mövsümdə də finala yüksələn paytaxt təmsilçisi Azərbaycan Kuboku tarixində ardıcıl 4 dəfə finalda oynayan ilk klub olub. Ümumilikdə 9-cu dəfə həlledici oyunda meydana çıxacaq bakılılar bu göstəricidə də rekordunu yeniləyib. “Neftçi” 1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14 mövsümlərində kuboku qazanıb, 2000/01, 2011/12 mövsümlərində isə həlledici görüşdə məğlub olub.


Sonuncu dəfə 2008/09 mövsümündə finalda iştirak edən “Qarabağ” 6 ildən və ya 5 mövsümlük fasilədən sonra eyni uğuru təkrarlayıb. Bu, ağdamlıların 7-ci finalıdı. 1993, 2005/06 və 2008/09 mövsümlərində titula yiyələnən Ağdam təmsilçisi 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda məğlub olub.


4-cü dəfə


“Neftçi” ilə “Qarabağ” 19 il əvvəl də finalda üz-üzə gəlib. 1995/96 mövsümündə Yunis Hüseynovun 2, Vidadi Rzayevin 1 qol vurması bakılılara böyükhesablı qələbə qazandırmışdı – 3:0. Həmin matçda finallar tarixində yeganə böyükhesablı nəticə qeydə alınmışdı.


Bunadək ölkə kuboku tarixində 3 dəfə eyni final təkrarlanmışdı. “Kəpəz” “Qarabağ”a həm 1997/98, həm də 1999/2000 mövsümündəki oyunlarda qalib gəlib - müvafiq olaraq 2:0 və 2:1.  “Neftçi” - “Şəmkir” cütü də 2 finalda yaşanıb. 1998/99 mövsümündə 0:0 bitən matçın penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn “ağ-qaralar” 2003/04 mövsümündə əlavə vaxtda kuboka sahib çıxıb - 1:0.  


“Xəzər Lənkəran” da “İnter”lə hər iki final oyununda qalib gəlib. 2007/08 mövsümündə əlavə vaxtda (2:0), 2010/11 mövsümündə penaltilər seriyasında (1:1, pen. 4:2) qalib gəlib. Maraqlıdı ki, indiyədək heç vaxt finalda uduzan komanda sonradan əvəzini çıxa bilməyib. “Neftçi” kuboku qazansa, bu ənənəni davam etdirəcək, “Qarabağ”sa qələbəylə ilkə imza atacaq.


3-cü baş məşqçi


19 il əvvəlki finalda “Neftçi”nin “Qarabağ” üzərindəki qələbəsində futbolçu kimi pay sahibi olan Arif Əsədov bu dəfə baş məşqçi kimi eyni rəqiblə üz-üzə gələcək. O, Yunis Hüseynov və Qurban Qurbanovdan sonra həm futbolçu, həm baş məşqçi kimi final həyəcanı yaşayan 3-cü mütəxəssis olacaq. Yenidən “Qarabağ”la həlledici matçın iştirakçısı olacaq Qurbanov hər iki “amplua”da kuboka yiyələnibsə, Hüseynov məşqçi kimi finalda büdrəyib. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arif-sdov-huseynovla-qurbanovdan-sonra-3-cu-t40195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR