[ 23 Aprel 2015 15:21 ]
Bakı. Könül Kamilqızı – APA. “Elektron Hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə səyləri nəticəsində daha bir e-arayış "Elektron Hökumət" portalına inteqrasiya edilib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiya tərəfindən təqdim olunan "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" e-xidməti vasitəsilə artıq vətəndaşlar təhsil aldıqları ali və orta ixtisas təhsili barədə e-arayışı "Elektron Hökumət" portalından asanlıqla əldə edə biləcəklər. Vətəndaş portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olduqda avtomatik olaraq formalaşan e-arayışda bəzi məlumatlar öz əksini tapır.
Əgər vətəndaş təhsil müəssisəsinə bir neçə dəfə qəbul olubsa, onda hər bir qəbul olma ilə bağlı zəruri məlumatlar e-arayışda əks olunur.
Qeyd edək ki, TQDK tərəfindən portal üzərindən təqdim olunan e-arayış “Tələbə-Məzun” dövlət elektron məlumat sistemi əsasında hazırlanıb. Sözügedən e-arayışdan faydalanmaq üçün "Elektron Hökumət" portalında qeydiyyatdan keçmək mütləqdir.
"Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" e-xidməti sayəsində artıq saxta diplomlardan istifadə halları birmənalı olaraq aradan qalxmış olacaq. Eyni zamanda "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin portala inteqrasiyası nəticəsində tezliklə portal üzərindən “Elektron CV”-lərin formalaşdırılması da mümkün olacaq.