Play Store

Azərbaycanda ən çox qeysəriyyə əməliyyatı aparan özəl klinikalar

Azərbaycanda ən çox qeysəriyyə əməliyyatı aparan özəl klinikalar
15:05 23 Aprel 2015
608 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Səhiyyə Nazirliyi (SN) Bakıdakı dövlət müəssisələri və özəl klinikalarda qeysəriyyə kəsiyi əməliyyatının aparılması vəziyyətinin öyrənilməsi məqsədi ilə apardığı araşdırmaları yekunlaşdırıb.

Trend-in etibarlı mənbədən əldə etdiyi məlumata görə, araşdırmaların nəticələrinə əsasən, dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunur və bu məsələyə ciddi nəzarət edilir. Dövlət tibb müəssisələrində bütün əməliyyatlar barədə konsiliumda qərar verilir, anestezioloq əvvəlcədən xəstəyə baxış keçirir, əməliyyat üçün tibbi göstərişlər protokola uyğun aparılır.

Azərbaycanın rayonlarında çox az sayda olan özəl klinikalarda doğuş, demək olar ki, həyata keçirilmədiyindən araşdırmalar zamanı yalnız paytaxt ərazisindəki özəl tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatının aparılması vəziyyəti araşdırılıb.

Məlum olub ki, özəl klinikalarda qeysəriyyə kəsiyi əməliyyatının aparılması halları ilə bağlı müəyyən nöqsanlara yol verilir. Bakıda ötən il ərzində doğuş üçün müraciət edən qadınlar üzərində ən çox qeysəriyyə kəsiyi əməliyyatını iki özəl klinika həyata keçirib. Trend həmin klinikaların adlarını da əldə edib. Bu klinikalar “Leyla Şıxlinskaya” və “Oksigen”dir.

Məlumata görə, SN bu müəssisələrdə qeysəriyyə kəsiyi əməliyyatlarının sayının çox olması səbəblərini öyrənmək üçün araşdırmalar aparacaq.

Qeyd edək ki, “Leyla Şıxlinskaya” klinikasında təbii doğuş üçün 1000, qeysəriyyə kəsiyi əməliyyatı üçün 1250 manat, “Oksigen” klinikasında təbii doğuş üçün 1250, qeysəriyyə kəsiyi əməliyyatı üçün 1450 manat ödəniş tələb olunur.

SN Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan da Trend-ə bildirilib ki, Azərbaycanda özəl klinikalarda doğuşların əməliyyatla başa çatma tezliyi dövlət klinkalarından yüksəkdir. Qeysəriyyə əməliyyatı normal doğuşdan baha başa gəldiyinə görə, özəl klinikalar sui-istifadə edərək belə əməliyyatlara üstünlük verirlər.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə doğuşların 19,74%-i qeysəriyyə kəsiyi əməliyyatı ilə nəticələnib.

"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsasən, qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə, təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Qeysəriyyə kəsiyi əməliyyatının aparılması üçün tələb olunan tibbi göstərişlər SN kollegiyasının 03.10.2013 tarixli 30 saylı qərarı ilə təsdiq olunmuş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”da öz əksini tapıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/336140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR