“Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı elektron nəşr hazırlanıb

16:07 23 Aprel 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 15:57 ]


Bakı. Fərid Mirzəyev – APA. Prezident kitabxanasında “Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı elektron nəşr hazırlanıb.

 

APA-nın məlumatına görə, yeddi fəsildən ibarət elektron nəşrin 1-ci fəsli “Soyqırımı” adlanır. Bu fəslin birinci bölməsində ermənilərin 1905-1906-cı illərdə Bakıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrəvan quberniyasında azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən elmi məqalələr toplanıb.

 

1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda və Cənubi Qafqazda, Cənubi Azərbaycanda törətdikləri soyqırımlara aid araşdırma məqalələr 2-ci bölmədə öz əksini tapıb. Bu bölmədə ermənilərin Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvan quberniyasında və Cənubi Azərbaycanda törətdikləri soyqırımlar haqda məlumat verilib. Bu bölmədə 1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda həyata keçirdikləri terror aktları və türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırım haqqında material yerləşdirilib.

 

Ermənistanın 1991-1994-cü illərdə işğal etdiyi Azərbaycan ərazilərində, o cümlədən Xocalıda törətdikləri soyqırımı cinayətləri və işğalın nəticələrinə aid materiallar 3-cü bölmədə işıqlandırılıb.

 

“Deportasiya” fəslində azərbaycanlıların indiki Ermənistan ərazisindən 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyasına aid araşdırma materiallar da elektron nəşrdə yer alıb.

 

Elektron nəşrin 3-cü fəsli “Terror” adlanır. Bu fəsildə erməni terror təşkilatları haqqında qısa məlumat verilir, türk və azərbaycanlı dövlət xadimlərinə, mülki şəxslərə qarşı törədilən terror aktları sadalanır, habelə ruslara qarşı ermənilərin törətdikləri terror əməllərindən bəhs edilir.

 

“Sənədlər” adlanan 4-cü fəsildə ermənilərin törətdikləri qırğınlara və deportasiyalara aid arxiv sənədləri, fərmanlar, sərəncamlar və digər materiallar toplanıb.

 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar və qırğınlar barədə şahidlərin canlı ifadələri əsasında lentə alınan sənədli filmlər toplanaraq “Videoarxiv” fəslində təqdim olunur.

 

“E-resurslar” fəslində müxtəlif dillərdə olan 200 kitabın və 300-ə yaxın məqalənin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan tam mətni, layihənin mövzusuna aid 400-dən artıq kitab və avtoreferatın, habelə 2005-2015-ci illərdə Kitabxananın fonduna daxil olan qəzet və jurnallardan seçilmiş 2200 məqalənin biblioqrafiyası istifadəçilərin ixtiyarına verilir.

 

Azərbaycan və rus dillərində hazırlanmış elektron nəşrin ingilis dilindəki versiyası hazırlanır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR