Bakıda kənd əhalisinin sosial müdafiəsi üzrə regional seminar işə başlayıb

Bakıda kənd əhalisinin sosial müdafiəsi üzrə regional seminar işə başlayıb
17:28 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təşkil olunmuş keçmiş Sovet İttifaqı ölkələrində kənd əhalisinin sosial müdafiəsi üzrə regional konsultativ seminar işə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Ukraynadan mütəxəssislər, kənd təsərrüfatı nazirliyinin məsul işçiləri və elm sahəsində çalışan alimlər iştirak edirlər.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov və FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir seminarda çıxış ediblər.
İlham Bayramov seminar iştirakçılarına dövlətimizin başçısının aqrar sektora böyük önəm verdiyini, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini, Azərbaycanda kənd əhalisinin sosial müdafiəsi, kənd ərazilərinin inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi sahəsində hökumət tərəfindən aparılan siyasət və həyata keçirilən dövlət proqramları barədə ətraflı məlumat verib, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Mustafa İmir kənd əhalisinin sosial müdafiəsi sahəsində FAO tərəfindən üzv ölkələrə göstərilən texniki dəstək, təşkilatın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, FAO sosial müdafiəni milli strategiyaya daxil edərək, kənd təsərrüfatının inkişafına və kənd ərazilərində yoxsulluğun azaldılmasına yönəldilən məsələlərin həllində hökumət və iştirakçılara yardım etməyə hazırdır. Bu tədbir keçmiş Sovet İttifaqı ölkələrinə sosial müdafiə sahəsində islahatlar və bilik əldə etməsində imkanlar yaratmaq üçün FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən başlanan layihənin bir hissəsidir.
Seminar iki gün davam edəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_kend_ehalisinin_sosial_mudafiesi_uzre_regional_seminar_ise_baslayib-849104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR