​Vaqif Əsədov: “Azyaşlılara yol hərəkəti qaydalarının öyrədilməsi vacibdir”

​Vaqif Əsədov: “Azyaşlılara yol hərəkəti qaydalarının öyrədilməsi vacibdir”
17:37 23 Aprel 2015
411 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Bakı şəhər 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi 151 saylı orta məktəbdə Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə birlikdə “Yol hərəkəti qaydaları və biz!” mövzusunda tədbir keçirib. “Report”un xəbərinə görə, görüşün keçirilməsində məqsəd şagirdlərə təhlükəsiz davranış qaydalarını öyrətmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını DYP əməkdaşlarına nümayiş etdirməkdən ibarət olub. Görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov, polkovnik-leytenant Rasim Abdullayev, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları, polis mayorları Kəmalə Ələkbərova, Məryəm Ömərova, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri, baş redaktoru Elməddin Muradlı, “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, 151 saylı ortaməktəbin, 46 saylı Məktəbdənkənar Tərbiyəı İşi Mərkəzinin müəllimləri, valideyn və şagirdləri iştirak ediblər.
151 saylı məktəbin akt zalı şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları və şarlarla bəzədilib, xüsusi ayrılmış yerlərdə uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr sərgilənib. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələrinə yönəldilməsi məqsədilə keçirilən tədbirə qatılan “Yol hərəkəti dərnəyi”nin xüsusi formalar geyinmiş üzvləri interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdiriblər.
Bahkı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları öz çıxışlarında əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsi tövsiyyə edib və hamını qanunlara riayət etməyə çağırıb. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, azyaşlılara yol hərəkəti qaydalarının öyrədilməsi vacibdir: “Çünki azyaşlılar evdə, yolda valideynlərə təsir edə bilirlər”.
V.Əsədov yol hərəkəti təhlükəsizliyində hamının fəal olmasının vacibliyindən danışaraq bildirib ki, ilk növbədə hər kəs həm sürücü, həm piyada, həm də sərnişin kimi qaydalara əməl etməlidir.
Hüquqşünas Ərşad Hüseynov da uşaqların yol hərəkəti qaydalarını öyrənməsi vərdişini müsbət qiymətləndirib və gələcəkdə bu kimi tədbirlərin daha geniş müstəvidə keçirilməsini təklif edib.
Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub. İlboyu “Uşaqlar və yol təhlükəsizliyi layihəsi”ndə fəal iştirakına görə fərqlənən müəllimlərə 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin diplomları təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/vaqif-esedov-azyaslilara-yol-hereketi-qaydalarinin-oyredilmesi-vacibdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR