Yaponiya hökumətinin qrant yardımı ilə Qax rayonunun Cəlayir kəndində yeni tibb məntəqəsi tikilib

Yaponiya hökumətinin qrant yardımı ilə Qax rayonunun Cəlayir kəndində yeni tibb məntəqəsi tikilib
18:43 23 Aprel 2015
237 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 23 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 23-də Qax rayonunun Cəlayir kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən “Tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Qax Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 2003-cü ildən uğurla davam edir. Qrant yardımı proqramı çərçivəsində indiyədək Qax rayonunda, Cəlayir kəndində tibb məntəqəsinin tikintisi də daxil olmaqla, 7 layihə reallaşıb. Təhsil, ekologiya və tibb sahələrini əhatə edən bu layihələrin ümumi dəyəri 640 min 630 ABŞ dolları təşkil edir. “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 16 milyon 952 min ABŞ dolları olan 199 layihə reallaşıb.
Qax rayonuna növbəti səfərindən məmnun qaldığını bildirən səfir Tsuquo Takahaşi səfirliklə rayon icra hakimiyyəti arasında əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Yaponiyalı diplomat vurğulayıb ki, “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.
Bildirilib ki, icrası yenicə başa çatan bu layihə üzrə Yaponiya səfirliyi ilə Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında 2014-cü il oktyabrın 16-da qrant müqaviləsi imzalanıb. Layihənin məqsədi Cəlayir və qonşu kəndlərin sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Layihənin ümumi dəyəri 102 min 975 ABŞ dollarıdır. Tibb məntəqəsinin xidmətindən 5 minə yaxın sakin faydalanacaq.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olublar. Müasir standartlara uyğun inşa edilən birmərtəbəli binada stomotoloji kabinet, qadın məsləhətxanası, həkim otaqları və laboratoriya fəaliyyət göstərir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_hokumetinin_qrant_yardimi_ile_Qax_rayonunun_Celayir_kendinde_yeni_tibb_menteqesi_tikilib-849160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR