“Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”-na dair tender üzrə təkliflər zərfləri açılıb

“Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”-na dair tender üzrə təkliflər zərfləri açılıb
18:48 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel AZƏRTAC
Aprelin 23-də “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açılıb.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın “Orbital ATK” və “Space Systems Loral”, Çinin “China Great Wall Industry Corporation” və Fransanın “Airbus Defence and Space” daxildir. Bu ilin ortalarınadək tender üzrə qalib şirkətin seçilməsi nəzərdə tutulur.
“Azerspace-2”-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri) əhatə edəcək. “Azerspace-2” regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”-in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”-a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerspace_2_peykinin_ve_elaqedar_yerustu_avadanliqlarin_satinalinmasi_na_dair_tender_uzre_teklifler_zerfleri_achilib-849164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR