Müğənni olmaq istəyən gözəl dünya çempionumuz (FOTO)

Müğənni olmaq istəyən gözəl dünya çempionumuz (FOTO)
09:11 13 Yanvar 2015
709 İdman
Ölkə mətbuatı
A- A+

Hər nə qədər “qadın zəif qüvvədir” desələr də, onlardan gücü ilə bizi heyran edənlər də az deyil. Dünyanın müxtəlif ölkələrində, fərqli peşə sahələrində olduğu kimi, buna idman sahəsində də rast gəlmək mümkündür. Bir neçə misal göstərmək olar ki, onlardan biri də gücü ilə bizi heyrətlədirən, bayrağımızı xarici ölkələrdə şərəflə dalğalandıran, Azərbaycan yığma komandasının favoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbovadır.

Hazırda işi ilə əlaqədar olaraq Moskvada yaşayan həmyerlimiz Günel Talıbova ANS PRESS-ə müsahibə verib.

-Necə təqdim edilməyi xoşlayırsınız?
- Bəzən olur ki, olduğum tədbirlərdə, yığıncaqlarda, ya da hansısa bir yerdə oluramsa olum fərq etməz nədənsə özüm haqda danışmağı xoşlamıram. Bu bir az özümü tərifləməyi sevmədiyim üçündü. Hər bir halda təqdimatın vacibliyini də unutmuram, çünki bir insanı, əgər o idmançıdırsa, onu tanımaq üçün təqdimata mütləq ehtiyac olur.

Özümü hal-hazırda belə təqdim edərdim: Günel Talıbova, ikiqat mütləq dünya çempionu (2012-13), üçqat mütləq Avropa çempionu (2012-13-14), üçqat dünya çempionu (2012-13-14), 52 və 56 kq çəki dərəcəsində dünya və Avropa rekordlarının, eyni zamanda mütləq dünya rekodrlarının sahibidir. Günel Talıbova çox güclü xarakterə sahib olan bir idmançıdır.

-Neçə yaşdan bu idmanla məşğulsunuz, kim sizi bu sahəyə həvəsləndirdi?
-Düşünürəm ki, ilk öncə idmana qədər olan fəaliyyətimlə bağlı az da olsa məlumat versəm doğru olardı. Çünki mənim təhsilim sırf idmanla bağlı olmayıb, idmandan fərqli iki sahədə təhsilə, elmə yiyələnmişəm. 2003-cü ildə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kolecinin “vokal” şöbəsinə daxil olmuşam. Oranı bitirdikdən sonra vokalist, yaxud da estrada müğənnisi olmaq iddiasında, konservatoriyaya daxil olmaq fikrində idim. Sonra həyatın axını məni ayrı bir istiqamətə apardı və bir idman zalına yazıldım, bundan sonra pauerliftinq idman növü barəsində eşitdim. Əgər səhv etmirəmsə, ilk dəfə 2008-ci ildə yarışda iştirak etdim. 2009-cu ildə həvəskarlar arasında dünya çempionatında qalib gəldikdən sonra anladım ki, mən perspektivli idmançıyam və bunu peşəkar bir arenada da sübut edə bilərəm. O zaman da mənim artıq 27 yaşım var idi. 2010-cu ildən artıq yüksək nəticələr göstərirəm. İndi mənim 32 yaşım var və idman karyeramın ən yüksək zirvəsindəyəm. Amma yenə də hər şey irəlidədir, çünki mən durmadan öz üzərimdə çalışmağa davam edirəm.

-Bir çox turnirlərin qalibi olmaqla yanaşı, eyni zamanda bir sıra rekordlara da sahibsiniz. Bunlar hansılardır?
- Mən iki çəki dərəcəsində dünya rekordlarının sahibiyəm: 52 kq çəki dərəcəsində 405 kq, 56 kq çəki dərəcəsində isə 430 kq. Bununla belə mən bir neçə dəfə mütləq dünya rekordunun sahibi olmuşam.

-Fikrinizcə, bütün bu uğurlarınızın müqabilində sizə kifayət qədər diqqət və qayğı göstərilirmi?
- Federasiyanın prezidenti Ələddin Əliyevin diqqət və qayğısını hər zaman hiss etmişəm. Buna görə də ona minnətdaram.

-Yarışlarda ən çox yadda qalan, yaşadığınız maraqlı hadisə hansı olub?
- Təbii ki, bütün yarışlarda, eyni zamanda yarışların keçirildiyi şəhərlərdə yadda qalan məqamlar ola bilər. İndi bunlar yadıma gəlmir, çünki mənim üçün ən maraqlı hadisə mənim yarışda çıxışım və rekordları təzələməyimdir.

-Əslində əksər insanların arzusu hansısa güclü bir insana oxşamaq, ya onun gücünə sahib olmaq, ya da ondan güclü olmaqdır. Sizin fikrinizdə elə bir insan varmı?
- Uşaq vaxtı, eyni zamanda da gənclik illərində hər kəsin bir idealı, bənzəmək istədiyi kimsə olur. Amma mənim fikrimdə, düşüncəmdə elə bir insan yoxdur. Təvazökarlıqdan uzaq olsa belə mənim üçün idealım yalnız özüməm.

-Çatmaq istədiyiniz hədəf hansıdır?
- Mən bayaq qeyd etdiyim, iki çəki dərəcəsində etdiyim mütləq dünya rekordlarını təzələmək iddiasındayam. Hələlik mənim üçün bu ana olan hədəf yalnız budur.

-Bildiyimiz qədərilə yaxşı səsiniz də var. Bunu təhsilinizdən də bilmək olur. “İdmançı olmasaydınız, nəçi olardınız” deməyək, belə deyək: ailədə sizi idmançı yox, elə məhz müğənni kimi görmək istəyən olubmu?
- Mən hər zaman təhsilimlə, ya da seçdiyim işimlə bağlı qərarı özüm vermişəm, həmçinin bu istiqamətdə addımı da özüm atmışam. Ona görə də seçimimə hörmətlə yanaşıb hər zaman razılaşmalı olublar. Düşünürəm ki, bu hal-hazırda olan statusumdan da səhv etmədiyimi göstərir.
Qayıdaq sualın ilk hissəsinə. Bir zamanlar yuxarıda da qeyd etdiyim kimi vokalist, ya da estrada müğənnisi olmaq kimi bir istəyim var idi. Amma bu da zamanla öz yerini idmana verdi.

-Ruh üçün musiqi daha vacibdir, yoxsa idman?
- Mənim üçün hər ikisi, həm idman, həm də musiqi çox vacibdir.

-Ən çox sizi nə ruhdan sala bilər?
- Qeyd edim ki, məni heç nə ilə ruhdan salmaq mümkün deyil. Çünki çox güclü xarakterə malikəm. Bu da məncə karyeramdan, idmana olan diqqətimdən bəllidi.

-Gərgin məşqlərdən, yarışlardan sonra sizin üçün ən yaxşı istirahət yeri hara ola bilər?
- Bəzi insanlar ola bilər ki, bu yorğunluğu daha səs-küylü, çox insanın olduğu yerlərdə ata bilir. Amma mənim üçün ən yaxşı istirahət yeri hər zaman evim olub. Orda o yorğunluğu, gərginliyi ata bilmişəm.

-Nə vaxta qədər pauerliftinq?
- Gəlin qabaqcadan bu haqda danışmayaq, həyat insana nəyi bəxş edəcək bilmirik. Ona görə də nələrin olacağını öncədən demək olmur.

-Növbəti qələbəni sizdən nə vaxt gözləyək?
- Yaxın günlərdən etibarən növbəti Avropa çempionatına hazırlaşmağa başlayıram. Bu çempionat iyun ayında Riqa şəhərində keçiriləcək. Bu çempionatda bütün dünya və mütləq dünya rekordarını təzələmək iddiasındayam.

-Sonda sizə şəxsi həyatınızda və idman kariyeranızda bol-bol uğurlar arzulayırıq.
- Təşəkkür edirəm.

Xatırladaq ki, 2014-cü ilin noyabr ayında növbəti dəfə dünya çempionu olan Günel Talıbova 56 kq çəki dərəcəsində üç hərəkətin cəmi olaraq 430 (150-90-190) kq qaldırmaqla yeni dünya rekordunu təzələyib. O, mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer alıb.






















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR