“İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans

“İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans
19:18 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Qadınlarının İKT Klubu - “Femmes Digitales” tərəfindən “İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirib. Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “ADA” Universitetinin İT və Mühəndislik Məktəbi, Azərbaycanda Amerika Ticarət Palatası və “WoWoman” təşkilatının dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılmasının 150 illiyi ərəfəsində və 23 aprel – Beynəlxalq İKT Qızlar Günü çərçivəsində təşkil olunub.
Tədbirdə dövlət qurumlarının ölkəmizdə fəaliyyət göstərən beynəlxalq diplomatik təşkilatların nümayəndələri, yerli biznes sektorunu təmsil edən və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan şirkətlərin təmsilçiləri iştirak ediblər.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov son illər ölkəmizdə İKT sektorunda həyata keçirilən genişmiqyaslı işlər barədə məlumat verib. Ölkəmizdə bu sahədə müşahidə olunan nailiyyətlərdən danışan nazir müavini əldə olunan uğurlarda qadınların xüsusi rolu olduğunu qeyd edib. İ.Məmmədov bildirib ki, digər sahələrdə olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində çalışan qadınlar da uğurlu fəaliyyətləri ilə seçilirlər.
“Bu gün dünyada ayrı-ayrı sahələrdə işləyən əhalinin 30 faizini qadınlar təşkil edir, ölkəmizdə isə bu rəqəm 33-34 faiz civarında dəyişir. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki xanım şöbə müdiri vəzifəsində çalışır. Ölkənin poçt sektorunda işləyənlərin 60 faizini qadınlar təşkil edir. Avtomat Telefon Stansiyalarında (ATS) sorğu ilə çalışanların isə 90 faizi qadınlardır”,- deyə nazir müavini vurğulayıb.
İ.Məmmədov həmçinin qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də əsas səylər qadınların bütün sektorlarda fəal iştirakını təmin etməyə yönəlib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq qadınların bu sektorda fəaliyyətini təşviq etməyə və onların səmərəli fəaliyyətini stimullaşdırmağa hazırıq.
Konfrans çərçivəsində Azərbaycan qızları və qadınları arasında İKT sektoruna dair məlumatların artırılması və bu sahəyə peşəkar marağın təşviq edilməsi, yerli biznes sektorunda çalışan İKT şirkətləri ilə qadınlar üçün karyera imkanlarının yaradılması və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində keçirilən ayrıca sessiyada iştirakçılar ölkəmizdə nüfuzlu şirkətlərdə rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərinin nailiyyətləri ilə tanış olub, eləcə də İKT startapları sahəsində müvəffəqiyyətə çatmağın yolları barədə məlumat əldə ediblər.
Qeyd edək ki, “Femmes Digitales” sıralarında Azərbaycanda İKT sahəsi ilə əlaqəli olan 60-dan artıq qız və qadını birləşdirən ilk peşəkar təşkilatdır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IKT_nin_qadinlarin_heyatindaki_rolu_movzusunda_konfrans-849182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR