Rusiyada öldürülən azərbaycanlı ilə bağlı müraciətə cavab gəldi: "Cinayətkarlar cəzasız qalmayacaqlar"

18:23 23 Aprel 2015
178 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

"Cinayətkarlar cəzasız qalmayacaqlar". Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu əminliyini Azərbaycanın insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) onun müraciətinə cavab olaraq RF Sverdlovsk vilayətində insan hüquqları üzrə müvəkkili T.Q.Merzlyakova söyləyib.

Məlum olduğu kimi, aprelin 19-da Yekaterinburq şəhərində milliyyətcə erməni olan bir qrup şəxs tərəfindən həmin şəhərdə yaşamış “Neftçi”komandasının keçmiş futbolçusu Emil Hüseynov vəhşicəsinə öldürülüb.

Qətlin səbəbləri və xüsusatları barədə daxil olmuş ilkin məlumatlar və insan hüquqlarının təmin edilməsi üzrə ikitərəfli müqavilə çərçivisində təsisatlar arasında əməkdaşlıq münasibətlərinə istinadən Azərbaycan ombudsmanı Elmira Süleymanova RF Sverdlovsk vilayətinin ombudsmanı T.Q.Merzlyakovaya müraciət edərək, qeyd olunmuş cinayətin operativ və obyektiv araşdırılmasını, cinayətkarların müəyyən edilərək cəzalandırılmasını, Sverdlovsk vilayyətində yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsini xahiş edib.

Daxil olmuş cavab məktubunda bildirilib ki, ombudsman E.Süleymanovanın müraciəti ilə bağlı qeyd olunmuş cinayətin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün zəruri tədbirlər görülüb. Belə ki, T.Q.Merzlyakovanın xahişi ilə RF Baş prokurorunun Ural federal dairəsi üzrə müavini Y.A.Ponomaryov Azərbaycan Milli Məclisinin deputatı M.Y.Zabelini və Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu S.M.Qasımovu qəbul edib və onlara cinayətin araşdırılması üzrə görülən tədbirlər barədə məlumat verib. Həmçinin, ombudsmanın müraciəti ilə bağlı T.Q.Merzlyakova şəxsən Sverdlovsk vilayətinin qubernatoru administrasiyasının rəhbərliyi, Yekaterinburq şəhərindəki Azərbaycan Baş konsulluğunun və Azərbaycan diasporunun rəhbərliyi ilə görüşüb. Onun RF Baş prokurorunun Ural federal dairəsi üzrə müavini Y.A.Ponomaryova etdiyi müraciəti nəticəsində məlum olub ki, ölüm faktı üzrə RF CM-in 105.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə əsasən cinayət işi başlanılıb, cinayətin törədilməsində şübhəli şəxs saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilmiş, istintaqın gedişi prokurorluğun xüsusi nəzarətindədir.

T.Q.Merzlyakova xüsusi olaraq bildirib: “Mən əminəm ki, ölümlə nəticələnən bu cinayətin üstü açılacaq və cinayətkarlar qanun çərçivisində cəzalandırılacaqlar”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR