Bakıda beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş konfrans keçirilir

19:37 23 Aprel 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 19:28 ]


Bakı - APA. Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa Polis Kollecləri Assosiasiyasına daxil olan dövlətlərin ali təhsil müəssisələri rəhbərlərinin və ekspertlərinin iştirakı ilə “Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təlim-tədris strategiyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda çıxış edən daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev ölkəmizin BMT, ATƏT, UNESCO, Avropa Şurası və digər mötəbər beynəlxalq qurumların iştirakı ilə keçirilən bir çox tədbirlərə ev sahibliyi etdiyini bildirib.

 

I Avropa Oyunlarına son hazırlıq işlərinin başa çatmaqda olduğunu qeyd edən nazir müavini respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının, əmin-amanlığın yüksək səviyyədə təmin olunduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər  orqanlarının peşəkarlığı, həyata keçirdikləri qətiyyətli tədbirlər sayəsində ictimai-siyasi sabitliyin və asayişin etibarlı şəkildə qorunduğunu vurğulayıb. O qeyd edib ki, cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında ilk yerlərdən birini tutur.

 

İ. Əliyev bu tədbirin beynəlxalq elmi-praktiki əməkdaşlığın möhkəmlənməsində, cinayətkarlığa qarşı mübarizədə tədris-təlim prosesinin strategiyasının müəyyənləşdirilməsində, Assosiasiyaya üzv olan dövlətlərin qabaqcıl təcrübəsinin tədris prosesinə tətbiqi sayəsində yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

 

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev isə ölkəmizdə polis kadrlarının hazırlanmasında əldə olnmuş təcrübə, müəyyən edilmiş təhsil strategiyası barədə ətraflı məlumat verib, bu sahədə həyata keçirilən islahatlardan, təhsilin müasir standartlar səviyyəsində qurulması üçün görülən işlərdən danışıb.

 

Konfrans iştirakçıları Polis Akademiyasının keçdiyi inkişaf yolunu əks etdirən sənədli filmə baxıblar.

 

Daha sonra Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti xanım Helen Martini mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirərək konfransın Bakıda keçirilməsindən məmnunluğunu bildirib.

 

İki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Macarıstan, İspaniya və Portuqaliyanı təmsil edən ekspertlərin çıxışları dinləniləcək, tədbir seksiyalar üzrə davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR