Olqa Saladuxa: Ümidvaram ki, bakılı azarkeşlər tribunalarda bizi Qafqaz qonaqpərvərliyi ilə dəstəkləyəcəklər

Olqa Saladuxa: Ümidvaram ki, bakılı azarkeşlər tribunalarda bizi Qafqaz qonaqpərvərliyi ilə dəstəkləyəcəklər
18:48 23 Aprel 2015
117 İdman
Ölkə mətbuatı
A- A+


Kiyev, 23 aprel, AZƏRTAC
31 yaşlı yüngül atlet Olqa Saladuxanı Ukraynanın tanınmış və adlı-sanlı idmançıları sırasına aid etmək olar. Ukrayna idmançısı 2011-ci ildə dünya çempionatında və “Brilyant liqada” üç təkanla tullanmada qalib gəlib. 2012-ci ildə London Olimpiya Oyunlarının bürünc mükafatçısı olub, 2014-cü ildə karyerası ərzində üçüncü dəfə Avropa çempionatının qızıl medalını qazanıb. Tullanmada şəxsi rekordu 6,37 metr, üç təkanla tullanmada 14,98 metrdir. Maraqlıdır ki, Olqa uşaq vaxtı əsla idmançı olmaq istəməyib.
Olqa Saladuxa AZƏRTAC-a eksklüziv müsahibəsində deyib: “Lap uşaq yaşlarında elə hey şəkil çəkir və modelyer olmaq istəyirdim. 1996-cı ildə Atlantada Olimpiya Oyunlarına baxandan sonra hər şey alt-üst oldu. İdmanla məşğul olmağa başladım. Əvvəlcə maneəli qaçış ilə məşğul oldum. Sonra özüm üçün üç təkanla tullanmanı kəşf etdim və bu sahədə inkişaf etməyə başladım. Bir əldə iki qarpız tutmaq olmaz. Yaxşı olar, özünü dinləyəsən və əslində, daha çox nə istədiyini, obyektiv olaraq, nəyin daha yaxşı alındığını başa düşəsən. Bu, təkcə idmana aid deyil.
Altı yaşlı qızım hazırda mənim uşaqlıq xəyallarımı təkrarlayır və məmnuniyyətlə şəkil çəkir. O, həm də fiqurlu konkisürmə ilə məşğul olur, teatr dərnəyinə gedir. Hələlik idman onu maraqlandırmayıb. Biz valideynlər də təkid etməyə, yaxud onu bu istiqamətə yönəltməyə çalışmırıq. Hətta 6 yaşında onun qərarları və istəkləri tamamilə düşünülüb. Əgər idmançı istedadı varsa, onda gec-tez üzə çıxacaq.
Yüngül atletin özü müasir standartlara görə, idmanla yetərincə gec məşğul olmağa başlayıb. Olqa Saladuxa idman seksiyasında indiki məşqçisi Anatolu Boykonun yanına gələndə 13 yaşı olub.
Dünya çempionunun məşqçisi birgə addımlamağa başladıqları yolun başlanğıcını xatırlayaraq deyir: “Olqanı fərqləndirən cəhət bu idi ki, onda tullanma hərəkətləri pis alınmırdı. Bir il sonra Olya 14 yaşlı yeniyetmələr arasında dünya rekordu vurdu: 13, 33 metr. Olyada dünya çempionunu nə zaman gördüm? Axı, belə olmur ki, baxıb alnında ulduzun parıldadığını görəsən. Biz çox məşq etmişik. Fasilələr də, uğurlar da olub. Olqa uşaq dünyaya gətirəndən sonra manejə qorxmuş halda və kifayət qədər pis vəziyyətdə gəldi. Lakin özünü bərpa edə bildi, çünki inadla öz üzərində çalışır, məşqlərə ara vermirdi. Olqanın daha bir keyfiyyəti var. Yəqin ki, bu da bir istedaddır. Onun yaxşı əzələ yaddaşı var.
İdmançı hesab edir ki, yarışlar ildırım sürətli hadisə deyil, öz növbəni gözləmək, topladığın güc və enerjini əsəbə və həyəcanlara sərf etmək lazım deyil. Məhz burada qazanılmış idman vərdişlərindən və göstəricilərdən çox güclü daxili inam, özünlə dil tapa bilmək bacarığı lazımdır.
Medallar kolleksiyasını Bakıda birinci Avropa oyunlarında daha bir mükafatla zənginləşdirmək istəyən Olqa Saladuxa deyib: “Ciddi səbəb, qızıl medal olmalıdır və mütləq mənim olmalıdır kimi düşüncələr istənilən dopinqdən daha yaxşı işləyir. Sən bu məqsəddən başqa heç nə görmürsən və həmin məqsəd sənə doğru gəlir. Eşitdiyimə görə, Bakı son vaxtlar çox dəyişib və inkişaf etmiş infrastrukturu olan çox gözəl şəhərə çevrilib. Yeri gəlmişkən, o həm də qədim şəhərdir. Onun görməli yerlərinə də tamaşa etmək istərdim. Əlbəttə, sizin möhtəşəm Milli stadionunuzda tullanma üçün xəndəyi sınaqdan keçirmək istəyirəm. Yarışlar zamanı həmişə azarkeşlərdən dəstək gözləyirəm. Ritm, ehtiras idmançını coşdurur. Ümidvaram ki, Bakıda azarkeşlər tribunalarda bizi Qafqaz qonaqpərvərliyi ilə dəstəkləyəcəklər”.

Müsahibəni AZƏRTAC-ın xüsusi
müxbiri Zeynal Ağazadə apardı
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olqa_Saladuxa_Umidvaram_ki_bakili_azarkesler_tribunalarda_bizi_Qafqaz_qonaqperverliyi_ile_destekleyecekler-849196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR