“Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təlim-tədris strategiyası” mövzusunda konfrans işə başlayıb

20:13 23 Aprel 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Daxili İşlər Nazirliyinin (DİN) “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa Polis Kollecləri Assosiasiyasına daxil olan dövlətlərin ali təhsil müəssisələri rəhbərlərinin və ekspertlərinin iştirakı ilə “Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təlim-tədris strategiyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev konfrans iştirakçılarını nazir, general-polkovnik Ramil Usubovun adından salamlayaraq müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın öz qapılarını Avratlantik məkana açan ilk postsovet ölkəsi olduğunu vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın iqtisadi, siyasi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gündən-günə artdığını, bu istiqamətdə qazanılan nailiyyətlərin həyatımızın digər sahələrinin də dinamik inkişafına əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.
Azərbaycanın BMT, ATƏT, UNESCO, Avropa Şurası və digər mötəbər beynəlxalq qurumların iştirakı ilə keçirilən bir çox tədbirə ev sahibliyi etdiyini, möhtəşəm idman bayramı olacaq ilk Avropa Oyunlarına son hazırlıq işlərinin başa çatmaqda olduğunu qeyd edən nazir müavini respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının, əmin-amanlığın yüksək səviyyədə təmin olunduğunu, hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının peşəkarlığı, həyata keçirdikləri qətiyyətli tədbirlər sayəsində ictimai-siyasi sabitliyin və asayişin etibarlı şəkildə qorunduğunu, cinayətlərin sayının azlığına görə ölkəmizin MDB və Şərqi Avropa məkanında ilk yerlərdən birini tutduğunu söyləyib.
Polis general-mayoru İ.Əliyev bu tədbirin beynəlxalq elmi-praktiki əməkdaşlığın möhkəmlənməsində, cinayətkarlığa qarşı mübarizədə tədris-təlim prosesinin strategiyasının müəyyənləşdirilməsində, Assosiasiyaya üzv dövlətlərin qabaqcıl təcrübəsinin tədris prosesinə tətbiqi sayəsində yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev ölkəmizdə polis kadrlarının hazırlanmasında əldə olunmuş təcrübə, müəyyən edilmiş təhsil strategiyası barədə ətraflı məlumat verib. O, həmçinin bu sahədə həyata keçirilən islahatlatlardan, təhsilin müasir standartlar səviyyəsində qurulması üçün görülən işlərdən danışıb.
Konfrans iştirakçıları Polis Akademiyasının keçdiyi inkişaf yolunu əks etdirən sənədli filmə baxıblar.
Daha sonra Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti xanım Helen Martini mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirərək konfransın Bakıda keçirilməsindən məmunluğunu bildirib, səslənən fikirlərin, aparılan faydalı müzakirələrin əhəmiyyətli olacağını qeyd edib.
Avropa Polis Kollecləri Assosiasiyası 1996-cı ildə təsis edilib. Hazırda quruma Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası da olmaqla, Avropanın 42 ölkəsindən 48 ali təhsil müəssisəsi üzvdür.
İki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Macarıstan, İspaniyan və Portuqaliyadan olan ekspertlərin çıxışları dinləniləcək.
Tədbir seksiyalar üzrə davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_mutesekkil_cinayetkarliga_qarsi_mubarizede_telim_tedris_strategiyasi_movzusunda_konfrans_ise_baslayib-849213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR