Play Store

İndi də hədəfdə "Azerbaijani breakfast"dir

İndi də hədəfdə "Azerbaijani breakfast"dir
19:42 23 Aprel 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Ekspertlərin fikrincə, bu cür söhbətlər ölkəmizə qarşı basqıların tərkib hissəsidir
“Kənardan izlədikdə adama elə gəlir ki, Soros Fondunun işi-gücü yoxdur, oturub yalnız Azərbaycanı güdməklə məşğuldur. Dünyada deyil, ancaq Azərbaycanda nə proseslərin getdiyi ilə maraqlanırlar. Ölkəmiz nə addım atsa və ya nə etmək istəsə, dərhal ona reaksiya verirlər”.

Bu fikirləri bizimlə söhbətində millət vəkili Çingiz Qənizadə “Azerbaijani breakfast” brendinə tənqidi yanaşmalara münasibət bildirərkən dedi. Onun fikrincə, Avropada normal, dadlı yeməklərə rast gəlmək mümkün deyil: “Əgər xaricilər Azərbaycana gələndə onlara milli mətbəximiz təqdim olunursa və onlar dadlı yeməklərimizi bəyənirlərsə, burada söhbət hansı qastronomik azadlığın pozulmasından gedə bilər? Burada təəccüblənəsi bir şey görmürəm. Çünki ilk dəfə deyil ki, belə yersiz tənqidlə rastlaşırıq. Hamısı bəhanədir. Bu da onlar üçün növbəti bir mövzudur. Bəlkə onlar elə bilirdilər ki, Azərbaycanda ancaq Avropa yeməkləri veriləcək? Sizi əmin edirəm ki, onda da deyəcəkdilər ki, Azərbaycanın öz yeməkləri yoxdurmu, nəyə görə ancaq Avropa yeməkləri təqdim edirlər? Faktiki olaraq, mövzu nə olur-olsun, ondan bir bəhanə tapmağa çalışırlar. Bütün bunlar isə ölkəmizi tənqid etmək üçün mənasız söz-söhbətlərdir”.

Millət vəkilinin fikrincə, Azərbaycana gələn turistə ölkəmizin milli mətbəxi ilə tanış olmaq imkanı yaradılırsa, bu, mənfi fikirlərə əsas verməməlidir: “Biz Avropaya gedəndə onlardan Azərbaycan yeməkləri tələb etmirik. Bizə nəyi təqdim edirlərsə, onu da yeyirik. Belə mənasız söhbətlərin edilməsi Azərbaycana qarşı həyata keçirilən qara planın, basqıların tərkib hissəsidir. Azərbaycanın səhər yeməyinə patent almasına da ironiya ilə yanaşırlar. Burada qəribə olanın nə olduğunu anlaya bilmirəm. Əgər ingilislərin səhər yeməyi varsa, nəyə görə bizim səhər yeməyimiz rəsmiləşdirilməsin? Sadəcə, onlara çatdırmaq lazımdır ki, Azərbaycan müstəqil dövlətdir və siz nə cür basqılar etsəniz də, heç birinin faydası, nəticəsi olmayacaq. Azərbaycanın milli olan nəyi varsa, ona patent alacaq. Çünki buna hüququ çatır. Azərbaycanın olan Azərbaycan xalqına məxsusdur. Bildiyimiz kimi, “Sarı gəlin” xalq mahnımızla bağlı uzun illərdir çəkişmədəyik. Ermənilər bizim olan hər şeyə göz dikirlər. Ona görə də biz bizə məxsus olanı vaxtında patentləşdirməliyik və burada ironiya ilə yanaşası heç nə yoxdur”.

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov da qəzetimizə açıqlamasında belə davranışların bizə tanış olan ssenari olduğunu bildirdi: “Azərbaycan hər hansı bir mötəbər tədbirə ev sahibliyi edəndə ölkəmizə qarşı çox qəribə hücumlar başlayır, qarayaxma kampaniyaları aparılır. Xatırlayıram ki, bir müddət əvvəl Azərbaycanda küçə itlərinə qarşı guya çox kobud bir münasibətin olduğunu yaymağa çalışdılar, onların yandırıldığını iddia etdilər. Həmçinin dedilər ki, Azərbaycan yarışlara ev sahibliyi edə bilməz. Çünki Azərbaycanda bu tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər infrastruktur yoxdur, vaxt azdır və tikinti başa çatmayacaq. Görəndə ki, çatdırdıq, sonra da başladılar deməyə ki, Azərbaycan bu idman tədbirlərinə çox pul xərcləyib. Bunun da izahatı veriləndən sonra tamam başqa fikir söyləməyə başladılar ki, guya olimpiya stadionunda hansısa çökmələr başlayıb. Açılış zamanı belə olmadığı məlum olanda da xəbər yaydılar ki, bu, əsl Avropa Oyunları deyil və guya əsl Avropa Oyunları 2018-də olacaq. Ona da Avropa Olimpiya Komitəsi cavab verdi deyə, indi də Azərbaycanı qastronomik azadlıqları məhdudlaşdırmaqda ittiham etməyə başlayıblar. Bu, sırf siyasi məqsədlər üçün uydurulmuş iddialardır. Azərbaycanı istəməyən, uğurlarını həzm edə bilməyən xarici siyasi dairələrin oyunudur. Ölkəmizin “breakfast” layihəsi heç bir azadlığın məhdudlaşdırılması adlandırıla bilməz”.

E.Aslanov hesab edir ki, ev sahibi olan ölkə kimi Azərbaycanın Avropa Oyunları çərçivəsində mətbəxini, yemək mədəniyyətini tanıtmaq istəməsində qəribə heç nə yoxdur: “Azərbaycan zəngin mətbəx mədəniyyəti olan ölkədir. Bunu ölkəmizə gələn xarici qonaqlar da deyir. Hər halda, o məlumatı yayanların Azərbaycan haqqında məlumatları kifayət qədər dolğun deyil. Arzu edərdim ki, onlar ölkəmizə gəlsin və necə bir dövlət olduğumuzu görsünlər. Azərbaycan mədəniyyəti, mədəniyyətimizin ayrı-ayrı komponentləri, xüsusilə qeyri-maddi mənəvi irsinə qarşı bir terror var. Azərbaycan lavaşı ilə bağlı nələrin baş verdiyini bilirsiniz. Bir ara muğamımıza da hücumlar var idi. Xalçamıza qarşı isə kəskin mənimsəmə faktı indi də davam etdirilir. Bizim xalçalarımız dünyanın çox nüfuzlu muzeylərində, sərgi salonlarında Şərq xalçaları adı ilə təqdim olunur. Yəni faktiki olaraq Azərbaycanın mədəniyyət nümunələrinə qarşı belə bir anlaşılmaz münasibət var. Bu məsələlərdə bədxah qonşumuz Ermənistanın və onun dostlarının nə cür canfəşanlıq etdiyi hamıya məlumdur”.

Prorektor onu da nəzərə çatdırdı ki, Azərbaycana aid mətbəx mədəniyyətini patentləşdirmək ölkəmizin tam hüququdur: “Bu hüququ bizdən heç kim ala bilməz. Bir çox xalqın özünəməxsus şam və ya səhər yeməyi mədəniyyəti var. Həmçinin bir çox ölkələrin çay, qəhvə içmək ənənələri var ki, artıq bunu patentləşdiriblər. Məsələn, türklər qəhvə, çinlilər isə öz çaylarını patentləşdiriblər. Əgər Azərbaycan öz səhər yeməyi mədəniyyətini patentləşdirirsə və ya sabah çay dəsgahını, mürəbbəsini patentləşdirərsə, buna dünya ictimaiyyətinin bəzi siyasi dairələri niyə narahat olurlar? Burada niyyət aydındır. Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə hazırlaşır, hazırlıqlar davam etdirilir deyə, qıcıqlanırlar. İlk Avropa Oyunları böyük bir tarixi idman nailiyyəti olacaq. Buna kölgə salmaq istəyirlər. Azərbaycanın uğurlarını hər bir vəchlə qaralamağa çalışırlar. Halbuki Azərbaycan heç bir xalqın nailiyyətinə qısqanclıqla yanaşmır”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/336172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR