“Sərhədçi” İdman Olimpiya Mərkəzində 3X3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 3X3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
20:58 23 Aprel 2015
162 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 25-26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, turnirdə 5 yerli və 5 xarici komanda iştirak edəcək. Qonaq komandalar arasında 3X3 basketbol üzrə dünya reytinqində birinci olan serblər və ilk üçlükdə yer alan rumınlar da var.
Eyni zamanda, turnir çərçivəsində 8 xarici və 4 yerli hakimin, habelə 15 nəfərlik texniki heyətin iştirakı ilə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 3X3 basketbol üzrə seminarın keçirilməsi də planlaşdırılır. Seminarın nəticələrinə əsasən 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunlarının 3X3 basketbol yarışlarını idarə edəcək hakim heyəti müəyyən olunmalıdır.
Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı, “Samsung” şirkətinin dəstəyi ilə keçiriləcək beynəlxalq turnir Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.
Oyunların aprelin 25-26-da saat 15:00-da, final qarşılaşmasının isə aprelin 26-da saat 19:00-da keçirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serhedchi_Idman_Olimpiya_Merkezinde_3X3_basketbol_uzre_beynelxalq_turnir_kechirilecek-849241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR