Təhsil Problemləri İnstitutunda 12 illik təhsilin struktur və məzmun məsələləri müzakirə olunub

Təhsil Problemləri İnstitutunda 12 illik təhsilin struktur və məzmun məsələləri müzakirə olunub
21:03 23 Aprel 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) “12 illik təhsilin struktur və məzmun məsələləri” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi 12 illik təhsilə keçidlə bağlı təlim məzmununun, milli təhsil standartlarının hazırlanması üçün təhsilin strukturu, tədris planına daxil olan fənlər haqqında aydın təsəvvür yaratmaq idi.
TPİ-dən AZƏRTAC-a bildirilib ki, məktəb direktorlarının, işçi qrupunun nümayəndələrinin iştirak etdikləri tədbirdə institut direktorunun müavini Ənvər Abbasov təhsil sahəsində vacib məsələlərdən söz açıb, qanunlarda qeyd olunan müvafiq bəndlər barədə məlumat verib.
İnstitutun şöbə müdiri Bibixanım İbadova təqdimatla çıxış edərək mövzu ətrafında apardıqları araşdırmalarından söhbət açıb. Bildirlib ki, aparılan sorğuların və əvvəlcədən keçirilmiş görüşlərin nəticələrinə əsasən, əksər təhsil işçiləri ümumi təhsilin səviyyələri üçün təklif olunan strukturun 4+6+2 olmasını dəstəkləyiblər. Beynəlxalq təcrübənin öyrənilməsindən söhbət açan B.İbadova bununıa bağlı 59 ölkənin təhsil sistemi strukturunun araşdırıldığını deyib. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı 11-dir. Fənlərin sayının azaldılması və riyaziyyat fənni ilə informatikanın inteqrativ bir fənn kimi birlikdə keçirilməsi təklif olunur. Ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı hazırda 17-dir. Burada da fənlərin bir neçəsinin birləşməsi və ümumi fənn sayının 13-ə endirilməsinə ehtiyac var. Tam orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı isə hazırda 14-dür. Burada əsas fənlər üzrə sayın 9 olması təklif olunur. Təmayüllər üzrə istiqamətlərdə isə humanitar (Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, xarici dil), texniki (riyaziyyat, informatika, fizika), təbiət elmləri (fizika, kimya, coğrafiya, biologiya) və digər istiqamətlər üzrə fənlərin sayının azaldılmasının vacibliyi vurğulanıb.
Təqdimatdan sonra işçi qrupun nümayəndələri rəy və təkliflərini bildiriblər. Müzakirələrin davam etdirilməsi qərara alınıb.
Bildirilib ki, gələcəkdə fənlərin sayının azaldılması təhsil alanların təhsilə marağının artmasına və öyrənməyə meyillərinin inkişafına səbəb ola bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Problemleri_Institutunda_12_illik_tehsilin_struktur_ve_mezmun_meseleleri_muzakire_olunub-849245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR