Bakı, 23 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclərdən ilk Avropa Oyunlarına yaradıcı dəstək” layihəsi çərçivəsində Mingəçevirdə və Gəncədə keçirəcəyi festivallara hazırlıq işlərini başa çatdırıb.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, yaxın günlərdə keçiriləcək festivallarda region gəncləri yaradıcılıq imkanlarını sərgiləməklə ilk Avropa Oyunlarına dəstəklərini nümayiş etdirəcəklər. Festivallarda uşaq və yeniyetmələrin, gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri təqdim olunacaq, yarışlar keçiriləcək. Festival çərçivəsində Kür çayında bir sıra su oyunları da təşkil olunacaq. Hər iki şəhərdə festivallara hazırlıq işləri artıq başa çatdırılıb, yaradıcı gənclər üçün təlimlər keçirilib.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, region gəncləri festivallara ciddi hazırlaşırlar. Onlar festivallar vasitəsilə ölkəmizdə keçirilək bu nüfuzlu tədbirə tam dəstək olduqlarını bəyan etmək niyyətindədirlər. Festivallar ilk Avropa Oyunları ərəfəsində geniş ictimaiyyəti məlumatlandırmaqda mühüm rol oynayacaq. Layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasına da töhfə verəcək.


