Azərbaycanın Moldovadakı səfirliyi dünya ermənilərinin antitürk isteriyasını pisləyən press-reliz yayıb

Azərbaycanın Moldovadakı səfirliyi dünya ermənilərinin antitürk isteriyasını pisləyən press-reliz yayıb
21:43 23 Aprel 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Kişineu, 23 aprel, AZƏRTAC 
Bu günlərdə, antitürk, ümumiyyətlə, Antitürkiyə isteriyasını yaymaq üçün yüz il bundan əvvəl baş vermiş faciəli hadisələrdən istifadə etmək vərdişindən əl çəkməyən dünya ermənilərinin hücumunun gücləndiyi bir zamanda Azərbaycanın Moldovadakı səfirliyi ictimaiyyətin nəzərinə çatdırmağı zəruri hesab edir ki, bunun arxasında dünya ictimaiyyətini çaşdırmaq və onun diqqətini müxtəlif millətlərdən olan milyonlarla insanın məhvinə və əzab-əziyyətlərinə səbəb olmuş bu faciəli hadisələrdən yayındırmaq istəyi durur. Bu sözlər Moldovadakı diplomatik nümayəndəliyimizin AZƏRTAC-ın Kişineudakı müxbir məntəqəsinə verdiyi press-relizdə deyilir.
Sənəddə deyilir: “Biz həmçinin Birinci Dünya müharibəsi illərində törədilmiş bu faciə məsələsində Türkiyənin mövqeyini dəstəkləyirik. Tarixçilər bunu araşdırmalı, siyasətçilər isə tarixdən riyakarlıq və əsassız iddialar irəli sürmək üçün istifadə etmək cəhdlərinin qarşısını almalıdırlar.
Öz xalqına qarşı siyasi manipulyasiya vasitəsi kimi azğın millətçilikdən və ksenofobiyadan istifadə etmiş erməni siyasətçilərinin məkri və amansizlığı Azərbaycan xalqına hamıdan yaxşı bəllidir”.
Səfirliyin press-relizində daha sonra deyilir: “Məhz Azərbaycan erməni millətçilərinin antitürk siyasətinin həyata keçirilməsi meydanına çevrilib. Məhz burada ən dəhşətli soyqırımı aktları törədilib. 1905-1906-cı illərin, 1918-ci ilin yaz-yay hadisələrini misal göstərmək kifayətdir. O zaman erməni silahlı quldur dəstələri on minlərlə günahsız azərbaycanlını məhv edib. Onların yeganə “günahı” türk olmaqları idi.
Məhz Azərbaycan öz torpaqlarında ermənilərə sığınacaq verib, sonra isə ilk dəfə olaraq onların bu torpaqlarda öz dövlətini yaratmasına izin verib. Bunun üçün o dövrün tarixi sənədləri və ədəbiyyatı ilə tanış olmaq yetər. Axı necə ola bilər ki, XX əsrin 20-ci illərində indiki Ermənistan Respublikası əhalisinin, demək olar, yarısını azərbaycanlılar təşkil etdiyi halda, 1990-cı ildə artıq orada bir nəfər də azərbaycanlı qalmamışdı”.
Sənəddə qeyd edilir: “Ermənistan Respublikası monoetnik zonaya çevrilib. Bu, Ermənistan hökumətinin azərbaycanlıların zorla öz yurdlarından qovulmasına yönəldilmiş planlı siyasəti, etnik təmizləmə nəticəsində mümkün olub. Diplomatlarımız diqqəti bu məqama çəkirlər ki, Ermənistan Respublikasından fərqli olaraq, Azərbaycan Respublikasında bu gün də on minlərlə erməni yaşayır.
Məhz Azərbaycan erməni millətçilərinin başqasının torpaqlarını zorla ələ keçirmək planlarını sınaqdan çıxarması üçün platformaya çevrilib. Artıq iyirmi beş ildən çoxdur ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkə ərazisinin 20 faizi, Dağlıq Qarabağ və ona bitişik rayonlar Ermənistan tərəfindən zəbt edilib, 1988-1994-cü illərdə bir milyondan çox azərbaycanlı öz ölkəsində qaçqına çevrilib. Erməni faşistlərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı dünyanı sarsıdıb”.
Moldovadakı diplomatik nümayəndəliyimizin sənədində deyilir: “Azərbaycan işğal olunmuş ərazilərini müharibə yolu ilə azad etmək hüququna və imkanına malik olsa da, o həmişə münaqişəli məsələlərin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin edən beynəlxalq hüququn aliliyi, BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, Avropa Parlamentinin işğalı təsdiq edən və Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə çağıran dörd qətnaməsinin yerinə yetirilməsi əsasında siyasi həllinin tərəfdarı olub”.
Azərbaycan səfirliyinin press-relizi Moldova Respublikasının bütün hökumət orqanlarına, xarici səfirliklərə və beynəlxalq təşkilatların Kişineuda fəaliyyət göstərən nümayəndəliklərinə göndərilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Moldovadaki_sefirliyi_dunya_ermenilerinin_antiturk_isteriyasini_pisleyen_press_reliz_yayib-849271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR