Aİ mühacirlərlə bağlı fövqəladə iclasa hazırlaşır

Aİ mühacirlərlə bağlı fövqəladə iclasa hazırlaşır
21:52 23 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Aİ liderləri Aralıq dənizi boyu təhlükəli səfərlər edən mühacirlərin sayının azaldılması yollarını müzakirə etmək üçün fövqəladə iclasa hazırlaşırlar.
Milli.Az BBC-yə istinadən bildirir ki, görüş üçün təkliflər paketinə, pilot layihə çərçivəsində “müdafiəyə ehtiyacı olan” mühacirlərin yerləşdirilməsi üçün 5000 yerin təklifi də daxildir.
 
Bazar günü Liviya sahillərində 800-dən çox insan suda boğulub. Bu, cari ildə ölənlərin sayını 1750 çatdırıb.
İtaliya baş naziri Matteo Renzi insan alverçilərinə qarşı birbaşa mübarizəyə çağırıb.
 
Cənab Renzi onları “21-ci əsrin qul alverçiləri” adlandırıb.
 
Cümə axşamı Brüsseldə keçiriləcək görüş üçün hazırlanan bəyanatda deyilir ki, liderlər “alverçilər tərəfindən istifadə edilməzdən öncə, gəmilərin müəyyən edilməsi, yaxalanması və məhv edilməsi üçün sistemli cəhdlər etmək” üzərində çalışacaqlar.
 
Bəyanatda həmçinin deyilir ki, Aİ xarici siyasət rəhbəri Federica Mogherini “beynəlxalq qanunlara uyğun olaraq, mümkün təhlükəsizlik və müdafiə siyasəti hazırlıqlarını başlamaq üçün dəvət olunub”.
 
Digər planlara, Liviyada stabil hakimiyyət formalaşdırmaq üçün BMT cəhdlərinə dəstək göstərmək daxildir.
İtaliyanın bildirdiyinə görə, onun sahillərinə çatmış gəmilərin 90 faizi Liviyadandır.
Aİ liderlərinin həmçinin Avropaya yetişmiş mühacirlərlə bağlı nə edilməsini də müzakirə edəcəklər. Onların bərabər şəkildə Aİ ölkələri arasında bölüşdürülməsi təklifi böyük fikir ayrılığına səbəb olub, müxbirimiz əlavə edir.
 
Bazar ertəsi Aİ daha çox ölümün qarşısını almaq üçün 10 bəndlik fəaliyyət planı müəyyən edib. Plana aşağıdakılar da daxildir:
 
- Aİ Aralıq dənizi xilasetmə xidməti Triton-u həyata keçirən Frontex-in maliyyə resurslarının artırılması
- Triton-un fəaliyyət dairəsini genişləndirmək
- Mühacir sənədlərini birgə yoxlamaq üçün İtaliya və Yunanıstana qruplar göndərmək
- Bütün mühacirlərin barmaq izlərini götürmək
 
Aİ, keçən il daha böyük İtaliya əməliyyatı Mare Nostrum-u əvəzləmiş Triton-un əhatə dairəsinə görə tənqid edilib.
Bəzi Aİ üzvləri Mare Nostrum-un çox baha başa gəldiyini bildirmiş və daha çox mühaciri cəlb etdiyindən narahatlıqlarını ifadə etmişdilər.
Lakin insan haqları qrupu olan Amnesty İnternational bildirib ki, Mare Nostrum-un fəaliyyətini dayandırmaq qərarı “mühacir və qaçqın ölümlərinin sayının dramatik şəkildə artmasına səbəb olub”.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR