[ 23 Aprel 2015 23:34 ]
İstanbul. Mayis Əlizadə-APA. APA-nın məlumatına görə, bu sözləri İstanbulda keçirilən Sülh zirvəsindəki çıxışında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Çıxışına
“Biz Çanaqqalada bir nəsilimizi qurban verdik. Hər bir gənc fərdimiz burada canını qurban verərək tarixdəki yerini aldı. Tarixdə insani dəyərlərin bu qədər önə çıxdığı çox az savaş var. Öz yarasından əvvəl qarşı tərəfin yarasını sarıyan, öz çörəyini və suyunu düşmən tərəfin əsiri ilə paylaşan əsgərlərimiz oldu. İnsanlıq tarixinin ən qanlı savaşlarından birinin gələcək üçün çox önəmli dərslər verməsinin üzərində ciddi şəkildə düşünməliyik. 100 il sonra Sülh Zirvəsində həm ictimaiyyətimizə həm də dünyaya verdiyimiz mesajı çox önəmli görürəm”, sözləriylə başlayan prezident Ərdoğan, Türkiyəyə qarşı yönəldilən iddiaların araşdırlmasını tarixçilərin öhdəsinə buraxdığını bildirərək, “Bizim əsas məqsədimiz ölkələrimizin yenidən bu cür fəlakətlərə sürüklənməsinin qarşısını almaqdır”, deyə Ərdoğan vurğulayıb.
BMT Təhlükəsizlik Şurasının funksional mexanizmini tənqid edən Rəcəp Tayyip Ərdoğan,”Dünya 5-dən böyükdür”- sözünü də BMT-nin daha işlək hala gəlməsi məqsədi ilə dediyini bir daha təkrarlayıb. Prezident Ərdoğan, Avropa Birliyi başda olmaqla, digər beynəlxalq ittifaqları və təşkilatları qlobal problemlərin həllində daha çox fəallıq nümayiş etdirməyə çağırıb. ”Suriyadan gələn qaçqınlara 5.5 milyard dollar xərcləmişik, BMT-nin yardımı isə 250 milyon dollardır. Bəs beynəlmiləl insan haqları sənədi harada qaldı? Suriyada yaşanan faciələrə səsini çıxarmayan hər kəs bu fəlakətlərin məsuliyyətinə ortaqdır”, deyə Ərdoğan bildirib.
İŞİD-in islamla uzaqdan-yaxından əlaqəsi olmadığını bir daha təkrarlayan Ərdoğan, İraqın ərazi bütövlüyünün bərpası və ölkədəki terror hadisələrinin sona çatması üçün beynəlxalq ictimaiyyətin əlbir şəkildə çalışmasının vacibliyindən danışıb.
Prezident Ərdoğan Türkiyənin Qafqaz bölgəsində və Ukraynada cərəyan edən proseslərə də eyni mövqedən yanaşdığını bildirib: “Öz problemlərini həll edə bilməyən Avropa Birliyinin qlobal məsələləri həll edə biləcəyinə inanmırıq”.
Uydurma “erməni soyqırımı”na toxunan prezident Ərdoğan 1914-15-ci illərdə müxtəlif ölkələrin təhriki ilə hərəkət edən erməni qüvvələrinin Anadoluda müdafiəsiz xalqa hücum etdiklərini qeyd edib: “Görülən tədbirlərdən biri də ermənilərin cənub bölgələrinə köçürülməsi oldu. Köçürülmə prosesində ermənilərin yaşadıqları sıxıntıları yaxşı bilirik. Cərəyan etmiş proseslərdə həyatını itirmiş ermənilərin sayı ilə bağlı ermənilərin verdiyi bütün rəqəmlər əsassızdır, qeyri-ciddidir”.
Ərdoğan Avropa Parlamentində qəbul edilən “erməni soyqırımı”na dair qətnamə ilə bağlı Avropa İttifaqına müraciət edib: “Bu axşam AB-yə müraciət edirəm: Türkiyənin öz arxivlərini bizə açmasını tövsiyə edirdiniz. Ey Avropa Birliyi! 12 il baş nazir oldum, bir ilə yaxındır ki, prezidentəm. Getdiyim hər yerdə arxivlərimizi açmağa hazır olduğumuzu söylədim. Ermənistan da arxivlərində nə varsa, başqa ölkələrdə nə varsa, onlar da açsın. Daha da irəliyə gedib deyirəm ki, biz hərbi arxivlərimizi də açmağa hazırıq. Bizim qorxumuz yoxdur, biz deyirik ki, əcdadlarımız heç kimə zülm etməmişdir. Hal-hazırda Türkiyədə yaşayan 80 min erməninin yarısı vətəndaşımızdır, yarısı isə Ermənistandan gəlib. Biz onları evlərinə göndərmədik. 40 min vətəndaşımız olan ermənilərdən diaspora soruşsun: sizə zülm edən varmı? Mənim baş nazir olduğum dövrdə Akdamardakı erməni kilsəsini xəzinənin puluyla biz açdıq. Hər il dünyanın hər yerindən gələn ermənilər orada ibadət edirlər. Ölkəmizə yönəlmiş hücumlar pis niyyətlidir və onları qəbul etmirik. Biz 100 il qabaq Qafqazda, Orta Şərqdə və Balkanlarda həyatını itirən 4 milyon müsəlman üçün nə qədər üzüntülüyüksə, o vaxt ölmüş ermənilər üçün də üzüntülüyük. Bu prosesdə həyatını itirən ermənilər Osmanlı vətəndaşları idilər. Onlar bizə əmanət idi, biz əmanətin ölümündən qürürlana bilərikmi? I dünya savaşında ölən 30 milyon insan içindən sadəcə erməniləri önə çıxararaq bizə qarşı düşmənlik yaratma cəhdlərini qəbul edə bilmərik”.
Prezident Ərdoğan aprelin 24-də Çanaqqalada verəcəkləri dostluq mesajının tamamilə doğru, dünyanın müxtəlif nöqtələrindən veriləcək kin-nifrət mesajlarının isə yanlış olacağını vurğulayıb. Tayyip Ərdoğan aprelin 24-də İstanbuldakı erməni patriarxiyasında keşiriləcək ayində Avropa Birliyi naziri Volkan Bozkırın iştirak edəcəyini, özünün isə ayinə mesaj göndərəcəyini deyib. Ermənistana dəfələrlə uzatdıqları sülh əlinin həmişə havada qaldığını xatırladan Türkiyə prezidenti Ərdoğan, Ermənistanı Türkiyəyə qarşı təhrik edən ölkələrin heç də Türkiyədən məsum olmadıqlarını vurğulayıb: “Dörd milyon müsəlmanın və 40-dan çox diplomatımızın ASALA terror təşkilatı tərəfindən şəhid edildiyini unutmamalıdırlar. Bu hala baxın: ASALA terror təşkilatı o biri ölkələri təhdid edir ki, aprelin 24-də Türkiyəyə yox, Ermənistana gedin. Beynəlxalq terror təhdidinə qarşı əməkdaşlıq etməliyik ki, yer kürəsində ədalət hakim olsun. Bizim erməni vətəndaşlarımızla heç bir problemimiz yoxdur, bizim problemimiz erməni diasporası ilədir. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatrük deyib ki, bir millətin həyatı təhlükə ilə üz-üzə qalmadıqca savaş cinayətdir”.
Çıxışının sonunda dünya liderlərinə müraciət edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan, onları bəşəriyyətin müştərək gələcəyi üçün daha qərarlı mübarizəyə çağırıb. Ərdoğan Sülh Zirvəsində iştirak edən liderlərin də eyni mövqedə olduğuna əminliyini və İstanbul Sülh Zirvəsinin Dünya Sülh Zirvəsinə çevriləcəyinə inandığını vurğulayıb.