"Qəbələ"nin üzvü: "O, gənclərə xüsusi diqqət yetirir"

"Qəbələ"nin üzvü: "O, gənclərə xüsusi diqqət yetirir"
09:52 13 Yanvar 2015
183 İdman
Ölkə mətbuatı
A- A+

Qış fasiləsində hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin təlim-məşq toplanışında klubun futbol akademiyasının 5 yetirməsi də iştirak edir. Onlardan biri Elnur Mustafazadədi ki, bu il 20 yaşını qeyd edəcək yarımmüdafiəçi artıq klubun tarixinə düşməyi bacarıb. 

Belə ki, o, “Qəbələ”nin tarixində rəsmi matçlarda meydana çıxan ən gənc futbolçudu. 2011/12 mövsümündə 2012-ci il aprelin 29-da “Bakı” ilə ev matçının (4:0) 73-cü dəqiqəsində Dodonu əvəzləyən yarımmüdafiəçi 16 yaş 7 ay 25 günlüyündə əsas komandada debüt etmişdi.

Fanat.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlama verib: "Hələ 2012-ci ildə 16 yaşım olanda “Qəbələ”nin əsas heyətinə cəlb olunmuşdum. Onda komandanın baş məşqçisi Fatih Kavlak idi. Ondan sonra əsas komandadan ayrı düşsəm də, məşqlərdə çalışıb, əvəzedici və U-19 komandasının oyunlarında özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. İnanırdım ki, yenidən əsas komandaya qayıdacam. Qış təlim-məşq toplanışı öncəsi məşqçimiz dedi ki, əvəzedici heyətin 5 üzvü də əsas komandanın hazırlıqlarına qatılacaq. Özümə güvəndiyimdən bu oyunçular arasında yer alacağımı bilirdim”.

Debüt oyunundan sonra əsas komandada oynamaq imkanı qazanmayan Mustafazadə yenidən “qırmızı-qaralar”ın uğurları üçün çalışmağa hazırdı. Əvəzedici heyətdə göstərdiyi oyunla özünü yaxşı tərəfdən göstərən futbolçu əsas komandada möhkəmlənməyinin özündən asılı olduğunu da yaxşı başa düşür: “Əsas komandada möhkəmlənməyim özümdən asılıdı. Özümü yaxşı tərəfdən göstərsəm, burada qala bilərəm. Bunun üçün də əlimdən gələni edəcəyəm. Çox istəyirəm ki, “Qəbələ”nin uğur qazanması üçün çalışmaq imkanı əldə edim. Əsas komandada özümü rahat hiss edirəm, heç bir çətinlik yoxdu. Çünki gənclərin hamısı akademiyadan tanıdığım futbolçulardı. Daha təcrübəlilər isə biz gənclərə dəstək olur, kömək edirlər. Yeni baş məşqçimiz Roman Qriqorçuk haqda yalnız onu deyə bilərəm ki, gənclərə xüsusi diqqət yetirir. Bizim çalışmaları izləyir, hər səhvimizi, çatışmazlığı deyir, bunu aradan qaldırmaq üçün məsləhətləri ilə bizə dəstək olur".

Qeyd edək ki, Elnur əvəzedicilərin çempionatında mövsümün ilk yarısında 8 oyun keçirib, 3 qol vurub.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR