Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov Feysbuk səhifəsində Ermənistanın baş naziri Nikol
Paşinyanın sərsəm iddialarına cavab verib.
Publika.az xəbər verir ki, hər bir xalqın
taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış
şəxsiyyətlərin olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki,
ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən
xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını,
sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf
etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə
yerinə yetirməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı:
“Heydər Əliyev haqq dünyasına gözü arxada qalmadan, rahat köçdü.
Gördüyü işlərin və xalqı qarşısında xidmətlərinin sərhədsiz miqyası
verirdi ona bu rahatlığı. Bir də ki, ulu öndər təməlini qoyduğu
siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni
qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi
şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat etdi. Prezident İlham
Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən,
səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə
olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə əsl
siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi. Bədxahlar
“Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla
irəlilədi, “hakimiyyətin sonudur” iddia edənlər hakimiyyətin
günü-gündən gücləndiyini gördülər, “bu siyasətin sonu yoxdur”
xülyası ilə yaşayanlar həmin siyasətin zəfərlərini sayıb qurtara
bilmirlər...”.
Prezidentin köməkçisi “Qarşı tərəfdə Azərbaycana meydan oxuyan
siyasətçilərin aqibətinə baxın...” deyə Ermənistanda baş verənlərə
diqqət çəkib.
“Ter-Petrosyanı tarixə gömən Koçaryan-Sarkisyan mafiyasını
“demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan
kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də
barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı
törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə? Paşinyan
hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya
qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın
Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. İnvestisiyaların
sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca
Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının
qanuniləşdiriləcəyini zənn etdilər. İndi erməni mətbuatı nə yazır?
Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə
çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam
iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini
əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər
ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə
Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır.
Hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin
arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm
addımlarla kompensasiya etməyə çalışır. Bəyan edir ki, keçmiş
hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə
aparır. Amma indi hamı başa düşür ki, o bu sərvətdən öz şəxsi
payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma
Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi
İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan
telefon danışığı bu “demokratik” addımların konturlarını tam
aydınlığı ilə cızır. Baş nazir ölkədə artıq hakimiyyətin medianın
fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir,
bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı
haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today”
saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış
aparılır.
Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı
rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri
götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan
edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT MQ həmsədrlərinə
hörmətsizliyini açıq büruzə verir. Komandasını rusofoblardan
formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə
sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş
naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına porodiyadır
və onun barəsində “erməni radiosunun” anekdotları artıq qısa zaman
məsələsidir”, - deyə PA rəsmisi vurğulayıb.
Ə. Həsənov bildirib ki, əgər bir siyasətçi övladını, ailəsini
siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı
hansı fəlakətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin
deyil: “DQR-in” “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu
“dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş
nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil
dövlətdə” hərbi xidmətdədir”? Əslində, bu addımı atmaqla, o, nəinki
işğal faktını təsdiqləyir, üstəlik məhz Ermənistanın münaqişə
tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan
Prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu
addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi
göstərməyə çalışır. Digər tərəfdən də Paşinyanın həyat yoldaşı
Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və
əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir.
Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan
vətəndaşı “müstəqil DQR-də” niyə ölməlidir?”.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətinin
məntiqsizliyi və ziddiyyəti o qədər dərindir ki, bunu xüsusi təhlil
etməyə lüzum da qalmır.
“Lakin anlaşılmayan özünü azərbaycanlı adlandıran bəzi bədxahların
Paşinyanın səsinə səs verməsi, erməni dəyirmanına su tökməsidir.
Xüsusilə də xaricə qaçmış bir çox antimilli insanların hərəkəti
bəzən bütün əndazələri aşır. Bunlar gör Azərbaycan və onun dövlət
simvollarına nə qədər sayğısız münasibət bəsləyir ki, hətta
Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist
addımlarını belə az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir
və Azərbaycan hakimiyyətini hədəf götürürlər? Azərbaycan
Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət,
gənclərimiz üçün yaxşı bir örnəkdir. Bu gün doğma torpağı harada
müdafiə etmək lazımdırsa, Heydər Əliyev orda da olacaq və
ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç
kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər
isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi
qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır. Mən
əvvəllər paylaşdığım statuslardan birində ifadə etdiyim bir fikri
yenə də təkrar edirəm: bu gün Azərbaycan dövlətinə və onun
simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı
qeyri-əxlaqi yollarla mübarizə aparıb çirkab yağdıranlar xarici
ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş
ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra
pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər
götürür və sonra da öz dövlətlərinə qarşı çirkin mübarizəyə sövq
edilirlər. Görünür onlar üçün Qərb ölkələrinə sığınıb soroslar,
gülbekyanlar, karapetyanların pulu ilə öz dövlətinə hücum çəkmək
əlinə silah götürüb Vətəni müdafiə etməkdən daha şərəfli işdir.
Sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar
paylaşmaqla populyarlıq qazanacaqlarını zənn edənlər, Paşinyanın
oğlunun hərbi xidmət piarından belə öz mənafeləri üçün yararlanmağı
məqbul hesab edənlər, bu yolla Azərbaycan cəmiyyətinin nifrətini
qazanacaqlarına da şübhə etməməlidirlər. Zaman hər kəsə layiq
olduğu yeri göstərib, göstərir və göstərəcəkdir”, - deyə Ə. Həsənov
bildirib.
Asif