Play Store

Turizm milli iqtisadiyyatımızın şaxələndirilməsində daha mühüm mövqeyə yüksəlir

00:18 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Lüsern, 24 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, aprelin 23-24-də İsveçrə Konfederasiyasının Lüsern şəhərində IV Dünya Turizm Forumu keçirilir. Forumda beynəlxalq turizm, iqtisadiyyat, siyasət, elm və maliyyə sahələrini təmsil edən 450-dən artıq iştirakçı beynəlxalq turizmin aktual mövzuları ətrafında fikir mübadiləsi aparır.
Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə təmsil edən nümayəndə heyətinin tərkibinə Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, “Gilan Turizm“ və “Silk Way“ turizm şirkətlərinin nümayəndələri daxildir.
Lüsern Dünya Turizm Forumunun baş meneceri Martin Bart forumda ilk dəfə “qonaq ölkə” qismində iştirak edən Azərbaycanın turizm sektorundakı uğurlarından danışaraq deyib: “Biz sevinirik ki, Azərbaycanın timsalında böyük turizm və iqtisadiyyat potensialına malik maraqlı bir tərəfdaş tapdıq”.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək, 60-dan artıq ölkədən 450-dən çox nümayəndənin qatıldığı belə bir mötəbər tədbirdə Azərbaycanın xüsusi tərəfdaş qismində iştirakından məmnunluğunu bildirib. Ölkəmizin qeyri-neft sektorunun ilbəil güclənməkdə olduğunu diqqətə çatdıran nazir müavini dövlətimizin başçısı İlham Əliyevin şəxsi təşəbbüs və rəhbərliyi ilə turizm sənayesinin inkişafına xüsusi diqqət ayrıldığını, bu sektorun milli iqtisadiyyatımızın şaxələndirilməsində daha mühüm mövqeyə yüksəldiyini bildirib. O, qədim tarixi, mədəniyyəti və təbii sərvətləri ilə turistlər üçün geniş imkanlar açan ölkəmizdə turizm infrastrukturunun inkişafı istiqamətində ciddi işlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, 2001-ci ildə BMT-nin Dünya Turizm Təşkilatına üzv seçilən Azərbaycan bu qurum çərçivəsində bir çox proqramlara qoşulub, strateji inkişaf planları və birgə layihələrdə iştirak edib. Məhz bu fəaliyyətinə görə də Azərbaycan 2013-cü ildə BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına dörd il müddətinə üzv seçilib. Dünya Turizm Forumuna qatılmaqla Azərbaycan beynəlxalq turizm sahəsində gedən inkişaf prosesi ilə yaxından tanış ola, eyni zamanda, öz təcrübəsini digər ölkələrlə bölüşə biləcəkdir.
N. Səmədov forumun işini müsbət dəyərləndirərək, panel sessiyaları və “dəyirmi masa” müzakirələrində səsləndirilən fikirlərin turizm sənayesinin gələcəyi üçün qəbul ediləcək qərarlara da təsir göstərəcəyini bildirib. Nazir müavini turizm sektorunun inkişafı üçün gənc istedadların təklif etdikləri layihələrə qoyulan investisiyanı, forum çərçivəsində gənclərlə bağlı müxtəlif təqaüd proqramlarının keçirilməsini yüksək qiymətləndirib.
Forumun ilk günü tədbir iştirakçıları Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət işgüzar nahara dəvət ediliblər.
Aprelin 24-dək davam edəcək forumun ikinci günündə gənc istedadlar tərəfindən təqdim olunmuş layihələrin mükafatlandırılması mərasimi, o cümlədən Azərbaycanın turizm potensialına həsr olunmuş videotəqdimat keçiriləcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Lüsern

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turizm_milli_iqtisadiyyatimizin_saxelendirilmesinde_daha_muhum_movqeye_yukselir-849292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR