"Bu çox gülüncdür, Azərbaycan ordusunu qorxutmaq olmaz" - Polkovnik Manuxin

"Bu çox gülüncdür, Azərbaycan ordusunu qorxutmaq olmaz" - Polkovnik Manuxin
03:57 19 Sentyabr 2018
196 Ölkə
Ölkə mətbuatı
A- A+

"Paşinyana Dağlıq Qarabağda kiçik qələbə sevincli müharibə lazımdır".

"Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra ardıcıl uğursuzluğa düçar olur. İndi o, hakimiyyətdə qalmaq üçün siyasi oyunları naminə hər şeyə əl atmağa hazırdır. Bu baxımdan ona Dağlıq Qarabağda hansısa 1-2 uğurlu hərbi əməliyyat və kiçik qələbə sevincli müharibə lazımdır. Lakin onda heç nə alınmayacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı ən yüksək səviyyədədir. Bunu təkcə biz yox, bütün dünya deyir. Son 3 ayda Bakıda keçirilən 2 parad da bunu bir daha göstərir və sübut edir".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan tanınmış polkovnik Konstantin Manuxin Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanı müharibəyə təhrik edə biləcək bəyanatlarına münasibətində bildirib.

Azərbaycan ordusu möcüzələr yarada bilər - Polkovnik Manuxin

Ekspertin fikrincə, ümumiyyətlə Nikol Paşinyan Baş nazir vəzifəsinə müvəqqəti olaraq gətirilib: "Paşinyanı ora ona görə hələlik qoyublar ki, daha sonra daha yaxşı bir namizəd axtarıb tapsınlar. Hamı yaxşı bilir ki, o, siyasətçi kimi heç kimdir. Ona görə də Paşinyanın sözlərinə inanmaq üçün heç bir əsas yoxdur. Onun hakimiyyətə gəlişindən sonra Ermənistanın hansı vəziyyətə düşdüyünü biz yaxşı bilirik. Onların hazırda hərbi əməliyyatlar aparmaq üçün gücü yoxdur. Gur bəyanatları isə ona görə verir ki, guya Azərbaycanın öz ərazilərini azad etməsi istəyinin qarşısını alsın. Hər halda mən hesab edirəm ki, onun sözlərinin arxasında ciddi heç nə dayanmır. Hətta o, buna cəhd etsə belə, Azərbaycan ordusu layiqli cavab verməyə qadirdir.

Cəbhə bölgəsində ermənilərin son illər fəaliyyətini təhlil etsək, görərik ki, bunlar əsasən kəşfiyyat xarakterli olub. Onların kiçik kəşfiyyat-diversiya qrupları guya Azərbaycan tərəfini qorxutmaq üçün nəsə etməyə çalışıblar. Lakin bu çox gülüncdür, Azərbaycan ordusunu qorxutmaq olmaz. Hətta bu barədə düşünməyə belə dəyməz, nəinki qorxub çəkinməyə... Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri başlayıb. Bu gün Azərbaycan Ordusu əlində olan silah-texnikası və imkanları ilə uzaq planlar qurmur, lakin bununla belə öz torpaqlarını hər an azad etmək istəyi hər zaman var. Özü də bütün səviyyələrdə buna hazırdır".

İndi Azərbaycana əsas lazımdır - Tanrının bir qismətidir ki, Paşinyan ağılsız addım atsa...

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son bəyanatlarında "Dağlıq Qarabağ respublikası" gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır", "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi fikirlər səsləndirib, Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu, bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.

Sentyabrın 12-də Bakıda ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və rəsmi Bakı ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır.

"Ermənistanın bu yanaşması savaşı qaçılmaz edir" - Vəziyyət getdikcə gərginləşir

Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

ATƏT-in Baş katibi Tomas Qreminger isə jurnalistlərə açıqlamasında deyib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/686284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR