Qazax, 24 aprel, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyətinin və YAP Qazax rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, səhiyyə işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri YAP rayon təşkilatının sədri Həmid Pənahov açaraq Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və mənalı ömür yolu haqqında tədbir iştirakçılarına məlumat verib.
YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Asya Alhüseynova geniş məruzə ilə çıxış edib. Bildirilib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi böyük insanın obrazı canlanır.
Qeyd olunub ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularında çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Məruzə ətrafında çıxışlarda Zərifə xanım Əliyevanın görkəmli alim, nəcib insan, mehriban ana, sədaqətli ömür-gün yoldaşı kimi həyat və fəaliyyəti barədə danışılıb.
